Həzrət Məhdinin (əc) imamlıq tarixi
Həzrət Məhdinin (əc) imamlıq tarixi
Həzrət Məhdi (əc) İmam Həsən Əsgərinin (ə) övladıdır. 255-ci hicri ilində dünyaya gəldi. Anasının adı Nərgiz idi. O Həzrətin (əc) adı və künyəsi, Peyğəmbərin (s) adı və künyəsi ilə eynidir. Buna dəlalət edən çoxlu rəvayətlər mövcuddur. Rəvayətlərdə O Həzrətin (əc) adının söylənməsi qadağan edilmişdir. Buna görə də, adətən ləqəbi ilə ad aparılır. "Məhdi", "Höccət", "Qaim", "Sahubuz-zaman" və "Bəqiyyətullah" ləqəblərinin arasından "Məhdi" ləqəbi daha çox məşhurdur
Həzrət Məhdinin (əc) imamlıq tarixi
PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru,
Həzrət Məhdi (əc) İmam Həsən Əsgərinin (ə) övladıdır. 255-ci hicri ilində dünyaya gəldi. Anasının adı Nərgiz idi.[1] O Həzrətin (əc) adı və künyəsi, Peyğəmbərin (s) adı və künyəsi ilə eynidir. Buna dəlalət edən çoxlu rəvayətlər mövcuddur. Rəvayətlərdə O Həzrətin (əc) adının söylənməsi qadağan edilmişdir. Buna görə də, adətən ləqəbi ilə ad aparılır. "Məhdi", "Höccət", "Qaim", "Sahubuz-zaman" və "Bəqiyyətullah" ləqəblərinin arasından "Məhdi" ləqəbi daha çox məşhurdur.
İmamın (əc) anası fəzilətli, dəyanətli, elm və mərifət əhli idi. Bir həddə ki, (bütün islam alimlərinin, İmam Cavadın (ə) və İmam Həsən Əsgərinin (ə) hörmət etdiyi,) İmam Cavadın (ə) qızı Həkimə, əsrinin böyük qadın alimlərindən biri olduğu halda, özünü Nərgiz xanımın xidmətçisi adlandırır.[2]
Həzrət Məhdinin (əc) iki qeybə çəkilmə (qeybət) dövrü vardır. Biri kiçik müddətli (qeybəti-suğra), digəri uzun müddətli (qeybəti-kubra) olmuşdur. Kiçik müddətli qeybə çəkilmə dövrü 255-ci hicri ilindən başlamış, 329-cu hicri ilinədək davam etmişdir. Əlbəttə, daha çox, kiçik müddətli qeybə çəkilmə dövrünün, İmam Həsən Əsgərinin (ə) vəfatından, 260-cı hicri ilindən başladığını söyləmişlər. Abbasilərin İmam Həsən Əsgərinin (ə) övladını və canişinini ələ keçirmək üçün, Samirrada və Bağdadda ağır şəkildə kontrol edib və nəzarətdə saxlamasına görə, O Həzrət (ə) İmam Məhdinin (əc) təhlükədə olduğuna narahat idi. Elə buna görə də, İmam Zamanın (əc) dünyaya gəlməsini və harada yaşadığını gizlətdi.[3]
Xilafət Həzrət Məhdini (əc) tapmaq üçün dəfələrlə İmam Həsən Əsgərinin (ə) evini axtardılar. Hətta İmamın (ə) həyatının son günlərində, abbasilərin məmurları onun evini mühasirəyə aldılar. İmamın (ə) özü də, iyirmi nəfər (dövlətin) etimad etdiyi şəxslər tərəfindən şiddətli şəkildə nəzarətdə saxlanılırdı. Onlar Həzrət Məhdinin (əc) harada olması haqqında məmurlara məlumat verməli idilər.[4] Bununla belə, İmam Həsən Əsgəri (ə) bir neçə mərhələdə, özündən sonrakı imamı şiələrə və xalqa tanıtdırmışdı. Buna görə də, bəzi şiələr Həzrət Məhdinin (əc) anadan olmasından xəbərdar idilər. Onları Həzrət Məhdini (əc) görmüşdülər. Şeyx Müfid onlardan bəzisinin adlarını və xüsusiyyətlərini qeyd etmişlər.[5]
Kiçik qeyb (qeybəti-suğra) dövründəki xüsusi nümayəndələr
İmam Həsən Əsgərinin (ə) səhabələrinin Həzrət Məhdi (əc) ilə ən mühüm görüşü, Məhəmməd ibn Osmanın (Babi-İmam (əc) ) qırx nəfərlə birlikdə İmamın (ə) hüzuruna gəlməsidir. İmam Həsən Əsgəri (ə) bu zaman övladını onlara göstərmiş və buyurmuşdu: Bu məndən sonra sizin imamınız və mənim sizin aranızdakı canişinimdir. Ona itaət edin və məndən sonra dininizdə ixtilaf etməyin ki, azğınlığa düçar olarsınız. Bundan sonra onu heç bir zaman görməyəcəksiniz.[6]
Bu məclisdə iştirak edən, şiənin əzəmətli alimlərinin və İmamın (ə) səhabələrinin adları rəvayətlərdə zikr edilmişdir.[7] Bu hadisədən bir neçə gün sonra İmam Həsən Əsgəri (ə) şəhid oldu. İmamın (ə) vəfatından sonra Həzrət Məhdinin (əc) anadan olması və həyatı gizli saxlanıldığı üçün, bəzi şiələrin tərəddüdə düşməsi və azması təbii idi. Yolunu azanların sayı az olsa da, xilafətin İmama (əc) qarşı yaratdığı çətinliklər və Cəfəri Kəzzab kimi şəxslərin imamlıq iddiası, bir çoxlarının yoldan çıxmasına zəmin yaratdı. Bu səbəbə də, bəziləri İmam Həsən Əsgərinin (ə) (vəfat etməsinə baxmayaraq,) onu vəd edilmiş Məhdi sandılar. Bəziləri də, Cəfəri Kəzzabı imam kimi qəbul etdilər. Amma şiələrin çox hissəsi, "vəkillər cəmiyyətinin" və alimlərin vasitəsilə Həzrət Məhdinin (əc) imamətinə iman etdilər. Onlar İmam Həsən Əsgərinin (ə) buyurduğu hədisə və vəsiyyətinə sadiq qaldılar. Əlbəttə, şiələrin arasındakı sərgərdanlıq uzun sürmədi. Yanlış yolda olan şiə firqələri mənəvi-dini bünövrəyə, əzəmətli alimlərin dəstəyinə malik olmadıqlarına görə aradan gedərək, yox oldular.
İxtilafın yarandığı ilk günlərdə, şiələr doğru yolu tapmaq mədsədilə müxtəlif yollara baş vurdular. Ən önəmli olan xəbərləşmə və əlaqə saxlama idi. Rəvayətlərin birində işarə edilir ki, Qum şiələrindən bir qrup şəxs, İmam Həsən Əsgərinin (ə) vəfatından bixəbər, xüms və zəkatlarını vermək üçün Samirraya gəldilər. Samirrada bəziləri onları Cəfər ibn Hadinin (Cəfər Kəzzabın) yanına apardılar. Qumlular ilk öncə Cəfər Kəzzabı (imam olub olmadığını yoxlamaq məqsədilə) imtahan etdilər. Elə bu məqsədlə də soruşdular: Bizim gətirdiyimiz pulun miqd rından xəbərin varmı?
Cəfər Kəzzab bilmədiyini söyləyərək, "qeyb elmini yalnız Allah bilir" – dedi. Bunu görən qumlular, pulları ona ödəməkdən boyun qaçırdılar. Bunun qardınca, İmam Zaman (əc) elçi göndərərək, onları şəhərin kənarına çağırdı. Orada qumlularla görüşdü. İmam Zaman (əc) onlara göstəriş verdi ki, bundan sonra xüms və zəkatlarını, şəri bəxşişləri Bağdaddakı nümayəndələrinə, Əbu Ömər və Osman ibn Səidə təhvil versinlər. Samirraya gətirməsinlər.
Kiçik qeyb dövründə, İmamın (əc) şiələrlə əlaqəsi xüsusi naiblər vasitəsilə baş tuturdu. Bəzən də, İmamın (əc) müxtəlif məntəqələrdəki nümayəndələri O Həzrətlə (əc) görüşürdü. Tarixi mənbələrdə, rəvayətlərdə bu görüşlər haqqında çoxsaylı dəlillər mövcuddur.
Kiçik qeyb dövründəki xüsusi naiblər
Bu dövrdə İmam Zaman (ə) dörd şəxsin vasitəsilə şiələrlə əlaqə saxlayırdı. (Onlar xüsusi naiblər və İmamın (əc) qapıları adlanırdı). Şiələr bu nümayəndələr vasitəsilə idarə edilirdi. Həzrət Həsən Əsgərinin (ə) və şiələrin etimadını qazanmış bu dörd şəxs, bir-birinin ardınca nümayəndəlik vəzifəsini öhdələrinə aldılar. Xüsusi naiblər İmamın (əc) vəkillərilə, "vəkillər təşkilatının" geniş əhatə dairəsinin vasitəsilə islam dünyasının ən ucqar nöqtələrində belə əlaqə saxlayırdı. Onlar məktublarını, istəklərini və suallarını İmama (əc) çatdırırdılar. Elə bu vasitə ilə də, cavab alırdılar.
İmamın (əc) xüsusi naibləri bütün işlərini gizli şəkildə və hakimiyyətin diqqətini cəlb etmədən icra edirdilər. Şiələrin üsyan və qiyamlardan uzaq qalması, xilafətin anlara qarşı təzyiqlərini də azaltdı. Onlar öz işlərini tənzimləməyə müvəffəq oldular. Bu siyasət, on iki imamçı şiələrin abbası xilafətinin mərkəzində öz varlığını qoruyub saxlamasına səbəb oldu. Dini azlıq kimi rəsmən tanınaraq, abbasilər hökumətinə və onun Bağdaddakı tərəfdarlarına varlıqlarını qəbul etdirdilər. O dövrdə şiənin mərkəzi Bağdadda intizamlı şəkildə təşkilatlanmışdı. Buradan başqa şəhərlərdəki şiələrə nəzarət edilirdi. Şiələrin nüfuzu o qədər artdı ki, hökumətə də yol tapdı. Hətta xilafətdə vəzirlik və vəzir yardımçıları vəzifələrində qərar tutmuşdular.[8] Şiələrin sayı gündən-günə artırdı. Bu müvəffəqiyyətlər, İmamın (əc) rəhbərliyi və naiblərin uzaqgörənliyi, zəhməti sayəsində baş tutmuşdu. Bunun üçün də, Həzrət Məhdinin (əc) xüsusi naiblərinin şəxsiyyəti və fəaliyyətləri haqda məlumat verməyimiz məqsədə uyğundur:
- Osman ibn Səid Əmri
Osman, Həzrət İmam Zamanın (ə) ilk naibi sayılır. O, yağ satan idi. Əsl həqiqətdə, siyasi-məzhəbi fəaliyyətlərini gizli şəkildə icra etmək üçün bu işi seçmişdi. Ona verilən çoxlu pulları (xüms-zəkatları) yağ qablarının vasıtəsilə İmama (əc) və yaxud başqa lazım olan məqamlara çardırırdı. Qeyd etmək yerinə düşərdi ki, o, İmam Həzəsən Əsgərinin (ə) "qapısı" və ondan qabaq, İmam Hadinin (ə) etibar etdiyi şəxs idi. Bir həddə ki, İmam (ə) onu özünün sədaqətli şəxsi adlandırırdı.[9]
Bəzi vaxtlarda İmam Həsən Əsgəri (ə) dini və malı məsələlərdə ona vəzifələr tapşırırdı. Osman ibn Səd İmamın (ə) qüslünü, dəfn-kəfənini icra etdi. Mübarək vücudunu qəbirə qoydu.[10] Tarixçilər onun vəfatının hicri tarixi ilə 267-280-cı illər arasında olduğunu qeyd etmişlər.
- Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səd
Həzrət Məhdinin (əc) ikinci xüsusi naibi, Osman ibn Sədin oğlu Əbu Cəfər Məhəmməd idi. Atası dünyadan getdikdən sonra, İmam Zaman (əc) ona başsağlığı verərək, "toqi"[11] vasitəsilə, öz vəkili təyin etdi.[12] O da atası kimi İmam Həsən Əsgərinin (ə) yaxınlarından və etibar etdiyi şəxslərdən biri idi. Necə ki, Həzrət (ə) buyurdu: (Osman ibn Səid) Əmri və oğlu, hər ikisi etibarlı və sadiq şəxslərdir. Çatdırdıqları mənim tərəfimdəndir. Söylədikləri hər bir şey, mənim sözlərimdir. Onların sözlərinə qulaq asın. Onlara itaət edin. Onlar mənim etibar etdiyim və əmin saydığım şəxslərdir.[13]
- Əbülqasim Hüseyn ibn Ruh
Hüseyn ibn Ruh Nobəxti, Əbu Cəfər Əmrinin etibar etdiyi şəxs və onun Bağdaddakı yaxınlarından idi.[14] Əbu Cəfər şiələri Hüseyn ibn Ruha müraciət verməklə, onun canişinliyi (xüsusi naibliyi) üçün zəmin yaradırdı. Əbu Cəfər həyatının son günlərində İmam Zamanın (əc) əmri ilə onu öz canişini təyin edir. Sonra şiələr dini işlərində onun yanına gedir və xümüs-zəkatlarını ona təhvil verirdilər. Onu "Qumi" də adlandırmışlar. İmam Həsən Əsgərinin (ə) səhabələrindən olmuşdur.[15] Hüseyn ibn Ruh, Ali Fəratın abbasilər hökumətinin vəzirlik məqamında olduğu zaman, onların şiələri himayə etdiyi vaxt, hökumət məqamlarına nüfuz etdi. Lakin şiələrin müxaliflərini himayə edən Hamid ibn Abbasin hakimiyyətə gəlməsi ilə, onun qarşısında bir sıra problemlər yarandı. Onun imamət məqamına məxsus olan çoxlu mal-dövləti var idi. Abbasi hökumətinin o zamanlar əsas gəlir mənbəyi, varlı şəxslərin mallarını müsadirə etməkdən ibarət idi. Onun (imamətə məxsus olan) mallarını da müsadirə etmək istədiyi zaman, etiraz etdiyi üçün beş il müddətinə zindana salındı. O, 326-cı hicri ilinə qədər Bağdadda yaşayırdı. Böyük nüfuza malik idi. Şiə olan Ali Nobəxtin nüfuzu səbəb oldu ki, o, hakimiyyətdə daha çox əmniyyətdə olsun.
- Əbül-həsən Əli ibn Məhəmməd Səmuri
İmam Zamanın (əc) xüsusi naiblərinin sonuncusu Hüseyn ibn Ruhun tərəfindən təyin edildi. Üç il müddətinə xüsusi naiblik məqamını icra etdi. Əbül-həsən Əli ibn Məhəmməd Səmuri Bəsrənin ətraf kəndlərindən birində yaşayırdı. Onun tayfasının Bəsrədə çoxlu əmlakı və malları var idi. Onun yarısını İmam Həsən Əsgəriyə (ə) vəqf edərək, Həzrətin (ə) ixtiyarında qoymuşdu. Buna görə də hər il İmamla (ə) məktublaşırdı. O, 329-cu hicri ilində vəfat etdi.
Bu dövrdə baş verən mühüm hadisələrdən biri, Həzrət Məhdinin (ə) Əli Səmuriyə yazdığı "toqi"də onun yaxın günlərdə vəfat edəcəyini buyurması və böyük qeyb dövrünün başlanmasını elan etməsidir:
Bağışlayan və mehriban Allahın adı ilə
Allah-təala qardaşlarına sənin yoxluğunda (səbirli olduqlarına görə) savab versin. Sən altı gündən sonra vəfat edəcəksən. İşlərini səliqə-sahmana sal, topla. Heç kimi canişinin olaraq vəsiyyətlə təyin etmə. Artıq, böyük qeyb dövrünün zamanı çatıb. Mənim zühurum (gəlişim) yalnız Allah-təalanın icazəsi ilə baş tutacaq. Bu, uzun bir zamandan sonra və xalqın qəlbi son dərəcə daşlaşmış, yer üzü zülm və ədalətsizlikdən dolduğu zaman olacaq. Bəziləri şiələrimizin qarşısında mənimlə əlaqə saxladığını və görüşdüyünü iddia edəcək. Kim (zühurun nişanələrindən sayılan) Süfyaninin gəlməmiş və səmada (güclü) ildırım çaxmamışdan öncə belə iddia etsə, yalançıdır.[16]
Bu bildiriş, yeni dövrün başlanğıcını xəbər verdi. Şiə imamlarının daha əvvəllər bəyan etdiyi bildiriş və hədislərin kənarında şiələr üçün yeni yol açdı. Kiçik qeyb dövründə nüfuzlu və tanınmış şiələrin hakimiyyətdə mühüm postlarda qərarlaşması çoxalmışdı. İmam Kazimin (ə) zamanından başlayan bu cərəyan, getdikcə genişləndi və dini rəhbərlərin vasitəsi ilə şiə cəmiyyətinin yönləndirilməsinə, idarəçiliyinə zəmin yaratdı.
Xüsusi naiblərin fəaliyyətləri
Naiblərin bütün sahələrdəki fəaliyyətləri, İmam Zamanın (əc) icazəsi və rəhbərliyinə tabe idi. İmamın "toqiatı"[17] bu haqda olan dəyərli sənədlərdir. Buna görə də kiçik qeyb dövründə naiblər, Həzrət Məhdinin (əc) əmri ilə şiələrin dini əsaslarını, işlərini möhkəmləndirməyə, tənzimləməyə və rəhbərlik etməyə başladılar. Həmçinin, müxalif qüvvələrlə mədəni, siyasi sahələrdə mübarizə aparmaq, şiələrin Həzrət Məhdinin (əc) imamlığı haqdakı şübhə və tərəddüdlərini aradan qaldırmaq, məhdilik ideoloji mədəniyyətini genişləndirmək, intizar və qeybə çəkilməyin fəlsəfəsini aydınlaşdırmaq, naiblərin vəzifələrindən idi. Vəkilləri yönləndirmək və təşkilatlandırmaq, şiələrin birliyini, intizamını qorumaqda çox təsirli idi. Bu çox layiqincə və lazım olduğu şəkildə icra edilirdi. Xüsusi naiblər islam dünyasının hər bir yerində vəkillər təyin etdilər. Onların naiblərlə təşkilatlı və geniş əlaqələrini yaratdılar. Bu vəkillər Əhvaz, Samirra, Misir, Hicaz, Yəmən, Xorsan, Rey, Qum və sair şəhərlərdə fəal idilər. Dörd xüsusi naiblərlə daimi rabitə saxlayırdılar.
Şiələr çoxlu çətinliklərə baxmayaraq, belə məqamlara əl tapmaqla, öz mövqelərini möhkəmləndiridilər. Zeydilərin, İsmayililərin və Qərmətilərin üsyanlarının ən yüksək həddə çatdığı dövrlərdə, xilafət on iki imamçı şiəni başqa ifratçı şiə firqələri ilə bir məqamda görməyə çalışırdı. Onlarla da tünd və qatı rəftar etmək istəyirdi. Buna görə də, on iki imamçı şiələr, din alimlərinin yönləndirməsi, hökumətdəki nüfuzlu şiə şəxsiyyətlərinin köməyi ilə onlara qarşı silahlı mübarizənin qarşısı alındı. Şiə təmayüllü, imamiyyə məzhəbinə vəfadar olan, Ali Fərat və Nobəxti tayfalarına mənsub olan və hakimiyyətdə nüfuzlu mövqelərə sahib olan şəxslər, şiə rəhbərlərinə və şiələrə qarşı münasib şəkildə əmin-aman şərait yaratdı.[18]
Bu fürsətlər, kiçik qeyb dövründə şiəliyə yayılmaq və möhkəmlənmək imkanı verdi. Kamil formada (məzhəbi) azlıq kimi qəbul edilərək, rəsmiləşdi.[19]
İslam düşüncəsində Məhdilik əqidəsi
İslam peyğəmbəri (s) və məsum İmamlar (ə), Həzrət Məhdinin (əc) anadan olması, qeyb dövrləri, zühuru, ümumdünya çevrilişi və başqa xüsusiyyətləri haqda çoxsaylı hədislər zikr etmişlər. O Həzrət (əc) anadan olmamışdan öncə, xüsusiyyətləri bəyan edilmişdi. Məsələn; o, Peyğəmbərin (s) ailəsindən, Həzrət Fatimənin (ə) və İmam Hüseynin (ə) övladlarından olacaq, dünyanı zülmdən qurtararaq, ədalətlə dolduracaqdır.
Əhli-beyt imamlarından (ə) nəql edilən bu rəvayətlər, islamda Məhdilik düşüncəsinin və ideoloji mədəniyyətinin əhəmiyyətini çatdırır. Bu barədə imamlardan (ə) bizə gəlib çatan hədislərin miqdarı bu minvalla qeyd edilir: Əmirəl-möminin Əli (ə) 51 hədis, İmam Həsən (ə) 5 hədis, İmam Hüseyn (ə) 14 hədis, İmam Səccad (ə)11 hədis, İmam Baqir (ə) 63 hədis, İmam Sadiq (ə) 124 hədis, İmam Musa Kazim (ə) 6 hədis, İmam Rza (ə) 29 hədis, İmam Məhəmməd Təqi 6 hədis, İmam Hadi 6 hədis və İmam Əsgəri 22 hədis.
İmam Əmirəl-möminin Əli (ə) rəvayət edir: Peyğəmbər (s) buyurur: Hüseynin nəslindən bir şəxs ümmətə rəhbərlik etmədən və zülmlə dolu olan dünyanı ədalətlə doldurmadan, dünyanın ömrü sona çatmayacaq.[20]
Əhli-sünnənin məşhur mənbələrində, o cümlədən; "Müsnədi-Əhməd" və "Səhihi-Buxari"də, (hər iki kitab, Həzrət Məhdinin (əc) qeyb dövründən öncə yazılıb), Peyğəmbərin (s) hədisləri qeyd olunmuşdur, həmin hədis də bu qəbildəndir. İmam Zamanın (əc) haqqında, qiyamı, təşkil edəcəyi hökumət barəsində, əhli-sünnə mənbələrində müxtəlif hədislər mövcuddur.
Şiə məzhəbinin Məhdilik təfəkkürünün kökü, Quran təlimlərinə əsaslanır. Quranın möminlərə sülh, ədalət hakimiyyətini və məzlumların qələbəsini müjdə verməsi də bu qəbildəndir. Bu ayələr, Peyğəmbərin (s) və imamların (ə) hədislərinin mənşəyidir. Belə ki, alimlərdən biri deyir: Şiənin ümidli olması və zülmə-zalıma qarşı qələbəyə inamına tarixi çalar qatması, qeybdə olan imamın zühuruna və qayıdışına olan əqidəyə əsaslanır. Şiə təfsirçiləri Quran ayələrini "rəcət əqidəsinə" şahid gətirirlər. Hərçənd ki, vəd edilmiş Məhdinin gəlişini aşkar şəkildə bəyan etmir. Amma yer üzərində möminlərin və məzlumların hakimiyyət edəcəyini bu ayələrdən anlamaq olar.[21] İstinad edilən ayələr bunlardır:
وعد اللّه الّذین آمنوا منْکمْ و عملوا الصّالحات لیسْتخْلفنّهمْ فی الْأرْض کما اسْتخْلف الّذین منْ قبْلهمْ و لیمکّننّ لهمْ دینهم الّذی ارْتضى لهمْ و لیبدّلنّهمْ منْ بعْد خوْفهمْ أمْناً یعْبدوننی لا یشْرکون بی شیْئا
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə -yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar, deyə -onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur.[22]
وعد اللّه الّذین آمنوا منْکمْ و عملوا الصّالحات لیسْتخْلفنّهمْ فی الْأرْض کما اسْتخْلف الّذین منْ قبْلهمْ و لیمکّننّ لهمْ دینهم الّذی ارْتضى لهمْ و لیبدّلنّهمْ منْ بعْد خوْفهمْ أمْناً یعْبدوننی لا یشْرکون بی شیْئا
"Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və varislər edək."[23]
أنّ الْأرْض یرثها عبادی الصّالحون
"Biz kitabdan sonra Zəburda da yer üzünə yalnız Mənim əməli saleh bəndələrimin varis olacağını yazmışdıq."[24]
إنّ الْأرْض للّه یورثها منْ یشاء منْ عباده
"Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir!"[25]
[1] - Məhəmməd ibn Həsən Tusi, "əl-Qeybə", səh. 231.
[2] - Əllamə Məhəmmədtəqi Məclisi, "Biharül-ənvar", c. 5, səh. 28.
[3] - "Biharül-ənvar", c. 5, səh. 28.
[4] - Məhəmməd ibn Yaqub Koleyni, "əl-Kafi", c. 1, səh. 505-506.
[5] - Məhəmməd ibn Noman (Şeyx Müfid), "əl-İrşad fi mərfəti hücəcillahi ələl-ibad", c. 2, səh. 350-351.
[6] - Məhəmməd ibn Həsən Tusi, "əl-Qeybə", səh. 217; Süleyman ibn İbrahim Hənəfi (Qunduzi), "Yənabiül-məvəddə", səh. 460.
[7] - Lütfullah Safi Gülpayqani, "Müntəxəbül-əsər fil-imamis-sani əşər", səh. 355.
[8] - Abbas İqbal, "Xandani-Nobəxti", səh. 96-97.
[9] - Əllamə Məhəmmədtəqi Məclisi, "Biharül-ənvar", c. 5, səh. 215.
[10] - Həmin mənbə.
[11] - Sual soruşulan məktubun üzərinə, yaxud altına yazılan haşiyə.
[12] - Məhəmməd ibn Həsən Tusi, "əl-Qeybə", səh. 219.
[13] - Həmin mənbə, səh. 219.
[14] - Həmin mənbə, səh. 223.
[15] - Həmin mənbə, səh. 226-227.
[16] - Həmin mənbə, səh. 243.
[17] - O Həzrətə (əc) ünvanlanan məktubların haşıyəsinə yazılmış qeydlər.
[18] - Əllamə Məhəmmədtəqi Məclisi, "Biharül-ənvar", c. 51, səh. 23.
[19] - Abbas İqbal, "Xandani-Nobəxti", səh. 96-99; 217-220.
[20] - Əbu Əli ibn Həsən Təbərsi, "Məcməül-bəyan fi təfsiril-Quran", c. 4, səh. 716.
[21] - Həmid İnayət, "Müasir islamda siyasi düşüncə", səh. 59.
[22] - Nur surəsi, 55-ci ayə.
[23] - Qəsəs surəsi, 5-ci ayə.
[24] - Ənbiya surəsi, 105-ci ayə.
[25] - Əraf surəsi, 128-ci ayə.
Öz rəyinizi yazın.