Tənqid, yoxsa təhqir psixologiyası
Tənqid, yoxsa təhqir psixologiyası
Azadlıq insan həyatına məna bəxş edən ən ülvi ilahi nemətdir. Əslində həyatın özüdür azad yaşamaq, azad seçim, azad düşünmək, bəyan, ifadə və əqidə azadlığı. Onsuz həyat öz məfhumunu itirər. İnsanın kamilləşməsi və müdrikləşməsinin əsas təməlidir, azadlıq. Elə buna görə də, Allah-taala insanı azad yaratmış, onunla insana əzəmət bağışlamış, yaranış hədəfini onunla tənzimləmiş və onun müstəqilliyinə böyük dəyər vermişdir
Tənqid, yoxsa təhqir psixologiyası
PhD. Əfzələddin Rəhimli
(İlahiyyat üzrə Fəlsəfə doktoru)
Azadlıq insan həyatına məna bəxş edən ən ülvi ilahi nemətdir. Əslində həyatın özüdür azad yaşamaq, azad seçim, azad düşünmək, bəyan, ifadə və əqidə azadlığı. Onsuz həyat öz məfhumunu itirər. İnsanın kamilləşməsi və müdrikləşməsinin əsas təməlidir, azadlıq. Elə buna görə də, Allah-taala insanı azad yaratmış, onunla insana əzəmət bağışlamış, yaranış hədəfini onunla tənzimləmiş və onun müstəqilliyinə böyük dəyər vermişdir. İnsan övladının müstəqil iradəyə sahib olması da elə bu qəbildəndir.[1] Belə ki, Həzrət Əli (ə) buyurur: “Ey Adəm övladı! Adəmdən nə qul törənib, nə də ki kəniz. Bütün insanlar azaddır... Başqalarına qul olma, Allah-taala səni azad yaradıb.”[2]
Lakin burada mənim işarə etmək istədiyim məsələ, düşüncə və ifadə azadlığı altında tənqid mədəniyyətindən uzaq olan, “təhqir psixologiyası”nı araşdırmaqdır. Doğrusu, düşüncə və ifadə azadlığı dedikdə, istədiyimiz şəkildə və etik qaydaları gözardı edərək, vulqar ifadələrlə insanların şərəf və heysiyyətinə toxunmaq haqqını bizə verirmi? Məhz bunun üçün ilk növbədə azadlığın məna çalarlarına enmək istəyirəm.
İlk növbədə, buna diqqət etmək lazımdır ki, azadlıq məntiq, sağlam düşüncə, mənəviyyat, insan təbiəti və fitrətinə müvafiq çərçivə əsasında nəzərdə alınmalıdır. Belə olmadığı təqdirdə, özünəməxsus fəsadları qaçınılmaz olacaqdır. Azadlığın əsas təməlində, insanın onu çirkin təfəkkür və əmələ sövq edən sərhədsiz nəfsani istəklərdən azad olması dayanır. Necə ki, Həzrət Əli buyurur: “Tamah səni köləyə çevirməsin, çünki Allah səni azad yaradıb.”[3]
Yaxud buyurur: “Bir azad kişi yoxdurmu ki, ağızda qalmış bu artığı, dünya malını öz əhlinin ixtiyarına buraxsın? Sizin canlarınızın qiyməti və dəyəri ancaq cənnətdir. Buna görə də onları həmin qiymətdən başqa heç nəyə satmayın.”[4]
Bu o deməkdir ki, azad insan ilk növbədə mənəviyyatını nəfsinin burxovlarından qurtarmış şəxsdir. Təkəbbür, lovğalıq, tamah, paxıllıq, bədbinlik, böhtan və sair kimi xislətlərə sahib olan şəxs, azad insan sayıla bilməz. Elə buna görədir ki, Həzrət Əli (ə) buyurur: “Gülərüzlülük azad insanın xislətidir.”[5]
Çünki, gülərüz insan kibirli və lovğa deyil, özünü başqalarından üstün, digərlərini isə kiçik saymır. O, qorxaq deyil və gülümsədiyi zaman başqalarının ona cəsarətlənərək hörmətsizlik edəcəyindən qorxmur. Bir sözlə, başqalarına potensial təhlükə kimi baxmır. O, bu yanlış düşüncələrin kəndirindən azad təfəkkürə malikdir.
Burada insanı dəyərsizləşdirən və onun mənəvi keyfiyyətlərini şübhə altına alan “azadlığın” mənfi cəhətlərinə diqqət çəkilir. Azadlıq insani keyfiyyətlər üçün nəzərdə tutulub, sərhədsiz və başqalarının mənəvi-maddi hüququna zərər verən “azadlıq”, əslində özbaşınalıqdır.
Dinimizə görə, «Həya və iffət azad ruhlu insanların təbiəti və xasiyyətidir.»[6] Çünki, həya, bu dəyərlərə sahib olan şəxslərin kimsəni təhqir etməsinə, xor görməsinə, böhtan və yalan danışmasına maneədir. Deməli, fiziki azadlığın təməlində ilk növbədə mənəvi azadlıq dayanır. Azad və pak mənəviyyata sahib olmayan insanın tənqid metodu təhqirə dayanmış olacaqdır.
İkinci məqamda, düşüncə və ifadə azadlığında, elm və dünyagörüş amili özünəməxsus rol oynayır. Mən məsələlərə müstəqil təfəkkürlə, düzgün və hərtərəfli yanaşma tərzini nəzərdə tuturam. Bəzi insanlar uzun illər boyu kütlə psixologiyasından çıxa bilmirlər. Onlara diktə olunan fikir qalıblarının daxilində çırpınırlar və ondan kənara addım ata bilmirlər. Jan Jak Rosso yazır: “İnsan təbiətən azad yaradılıb, lakin cəmiyyət onu öz quluna çevirir. Əslində xoşbəxt yaranmış insan, bir sıra məntiqsiz sosial təzyiq və qınağın ağırlığı altında düşüncə acizliyinə düçar olur.”[7] Təəssüfləndirici haldır ki, bəzən elm və savad əhli, bu qalıblardan kənara çıxa bilmir və baxış tərzi kölələşmiş formadadır. Onların məsələlərə yanaşması ata-babadan gələn, yaxud cəmiyyətin onlara diktə etdiyi dırnaqarası “dəyərlər”ə əsaslanıb. Məsələn, ziyalı insanların hökmən “kostyum və qalstukda” olmasını, əsas predmet kimi nəzərdə alan bəzi “düşüncə sahibləri” kimi… Burada artıq cəmiyyətin məsələyə bayağı yanaşma tərzini mənimsəyən, özləşdirən və onu vazkeçilməz bir əsas halına gətirən təfəkkür tərzindən söhbət açılır. Onu sorğulamayan, çək-çevir etməyən, “nə üçün?”, “hansı səbəbə?”, “faydası nədir?” və sair kimi sualları verməyə qorxan zehniyyətdən bəhs edirik. Elm sahibinin hansı üstünlüklərə, biliklərə yiyələndiyini deyil, onun geyim tərzini məhdudlaşdıran və özünə bu məhdudiyyətin nə qədər doğru olmasını soruşmağa icazə verməyən baxış tərzindən danışırıq. Əlbəttə, bunu sadə və bəsit bir misal olaraq qeyd etdim.
Elm və qələm əhlinin ən bariz xüsusiyyəti onun bayağı çərçivələrə sığmayan, qalıblaşmayan, diktə olunmayan və kölələşməmiş düşüncə tərzinə sahib olmasıdır. Belə ki, dünyagörüşündə tam azad təfəkkürə malik olmalıdır. Ağlı, məntiqi, elmi və ədəbi ilə həqiqəti araşdırmalı, anlamalı, qəbul etməli və yaymalıdır. Kor-koranə kütlə psixologiyasına uyub addımlamamalıdır.
Ziyalı şəxslərin məntiqli formada qarşı tərəfi tənqid etməsi onların heysiyyətinə toxunmadan, etik qaydalara riayət edərək baş tutmalıdır. “Düşüncə və bəyan azadlığı” kimisə və nəyisə təhqir etmək deyil, sözün əsl mənasında müşahidə etdiyi yanlışları qərəzsiz olaraq araşdırmaq, ağıl və ədəb sərhədləri çərçivəsində düzəltmək və onun inkişafına zəmin yaratmaq xarakterli olmalıdır. Təhqirlə tənqidin sərhədlərini qarışdırmaq, azadlıq deyil, əsl mənada cahillik və özbaşınalıq sayılır.
Üçüncü məqam, bilik sahibinin hansısa bir nüansı tənqid etdiyi zaman, qarşısındakı təfəkkürü və əsəri deyil, şəxsiyyəti hədəf almasıdır. Bu yolverilməz və qeyri-etikdir. Məsələlərə verilən reaksiya, şəxsə deyil, məsələnin özünə olmalıdır. Əsəri tənqid ediriksə, hədəf olaraq onun müəllifinin şəxsiyyətini deyil, əsərdəki mənfi nöqtələrə yönəlməliyik. Həmçinin, tənqid dağıdıcı yönümlü deyil, islahedici və həll yönümlü olmalıdır.
Yaxşı, bəs nə üçün bəzi insanlar, tənqid yerinə təhqirə əl atırlar? Bunu təhqir psixologiyasını araşdıraraq aydınlaşdıraq.
Təhqirin növləri
Birbaşa sözlə; vulqar və ədəbsiz ifadələrlə qarşı tərəfin şəxsiyyətini hədəf almaq.
Dolayısı yolla; etinasızlıq, karikatur, yumor, atmaca ilə qarşı tərəfi alçaltmaq.
Fiziki olaraq; fiziki kobudluq və şiddətlə təzyiq göstərmək.
Təhqir etməyin psixoloji səbəbləri
1) Cəhalət. İnsan bilmədiyi, anlamadığı hər şeyin düşmənidir. Cəhalət küt bıçaq kimidir. Kəsə bilmədikcə inad edər insan övladı, kəsmək üçün əlləşib-vuruşar. Əsəbiləşər, hansı yolla olursa olsun mübarizəyə qalxar. Özünə təhlükə görər, nifrət edər, təhqir edər.
Necə ki, Həzrət Əli (ə) buyurur: “İnsanlar bilmədiyi, anlamadığı hər bir şeyin düşmənidir.”[8] Bu sahədə şayiələrin rolu da böyükdür. Təbii ki, kimisə kiminsə gözündə bədnam etsən, ona qarşı düşmən olar, kinli olar. Bilib bilmədən onu özünə və başqalarına təhlükə görər. Çünki tərkibində cəhalət və məlumatsızlıq var. Qaranlığa olan qorxumuzun da səbəbi elə budur. Nə olduğunu, nə baş verə biləcəyindən xəbərsiz olduğumuz üçündür.
2) Natamamlıq sindromu. Uşaqlığında kontrollu ailədə böyüyənlər, yaxud daim başqaları ilə müqayisə olunanlar, mükəməlliyyətçi valideynə sahib olanlar, əzilənlər, dəyər görməyən şəxslər, daxilən bir boşluğa sahib olarlar. Əzilmişliyin və natamamlıq hissinin onlara verdiyi narahatlıq hissi, onları başqalarını xor görməyə, bəyənməməyə, eyib axtarmağa, təhqir etməyə sövq edər. İnsanları təhqir etməklə əslində üç yöndə özlərini “sakitləşdirmiş” olarlar:
Birinci:“Təkcə mən natamam və naqis deyiləm. Qarşımdakı bu şəxs də belədir. Yalnız mən təhqir olunmağa layiq deyiləm, bu insan da təhqir olunmağa layiqdir.” Bu kimi fikirlərlə, özlərinə ürək-dirək verirlər.
İkinci:“Mən onu təhqir etdiyim üçün haqlıyam və o məndən daha əskik və əzilməyə layiqdir.” Bunları düşünərək, “deməli, mən dəyərliyəm”-deyə fikirləşir. Bunlar avtomatik olaraq o qədər şüuraltı baş verir ki, insan özü bunların fərqində olmur. Əslində, valideynlərinin, məktəbdəki müəllimlərinin, dostlarının, televiziyanın, sosial şəbəkələrin, cəmiyyətin onunla bu cür davranmasının əks-sədasını qarşı tərəfin üzərində icra etməklə yansıdır. Zehnindəki avtomatik düşüncələr, etdiyinin “doğru” olduğunu ona fısıldayır.
Üçüncü:Əslində qarşı tərəfi təhqir etməklə, özlərini “cəzalandırırlar”. Belə şəxsləri uşaq vaxtı o qədər təhqir ediblər ki, qarşı tərəfdə və onun rəftarlarında öz “səhvlərini” görürlər.Buna görə də, amansızlıqla və təhqirlə onunla mübarizə aparmaqla, bir növ özlərinə qarşı olan “şüuraltı kinlərini” ortaya çıxarmış olurlar. Əsl həqiqətdə, bu şəxslərə onların özlərinin dəyərsiz olduqlarına o qədər inandırıblar, “səhv” etdikləri zaman o qədər alçaldıblar ki, qarşı tərəfdə öz çatışmamazlıqlarını müşahidə etdikləri üçün onu “daşlamaqla”, əslində özlərini “daş-qalaq” edərək rahatlayırlar. Amma bütün bu prosesin nədən baş verməsindən özləri də xəbərsizdilər.
3) Kibir və təhqirolunmuşluq hissi. Narsist və sosiopat xarakterli insanlar, başqalarını təhqir etməyə meyillidirlər. Bu, onların kibir və eqoistliyindən meydana gəlir. Onlar digər insanları alçaltmağa həvəslidirlər. Çünki, qarşı tərəfin onun düşüncələrinə tabe olmadığını, yaxud onunla eyni əqidədə olmadığını, eyni həyat tərzini yaşamadığını görüb qəzəbini təhqirlə ifadə edir! Bunun səbəbi, düşüncələrinin insanların tərəfindən qəbul edilmədiyini gördüyü zaman, özünü təhqir olunmuş hiss etdiyi üçündür. O, mahiyyət etibarı ilə, düşüncələrini öz şəxsiyyəti ilə eyniləşdirmişdir. Buna görə də, düşüncələrinin ziddinə gördüyü hər bir şeyi, şəxsiyyətinə olan hücum kimi qiymətləndirir. Məhz həmin səbəbdəndir ki, qarşı tərəfə aqressiya dolu və alçaldıcı sözlərlə həmlə edir.
4) Rəqib görmək. Qarşı tərəf və yaxud hansısa bir nüans, şəxsin mənafelərinə yad olduğu zaman, onu öz çıxarlarına potensial təhlükə gördüyü üçün, istəklərinin önündə duracağını təsəvvür etdiyinə görə təhqirə müraciət edir.
5) Acizlik. Bəzən qarşı tərəflə mübarizə aparmağın çətin olması, şəxsin təhqir və qeyri-etik tənqidlərdən yardım almasına səbəb olur. Bu bir növ acizliyin harayı və etirafıdır. Çünki, normal insan məsələləri məntiq və biliklə həll edir, amma düşüncəsini əsaslandırmaqda aciz olan insanlar isə təhqir və şiddətin çıxış yolu olmasını düşünürlər.
İnsan özünün haqsız, ədalətsiz olduğunu qəbul edə bilmədiyi hallarda da, bu hissi təhqir yolu ilə yatırmağa çalışa bilər. Haqsızlığını anlamaq, öz vicdanına eşitdirmək ilə qarşılaşacağından qorxaraq, vəziyyəti ört-basdır etmək üçün təhqirə əl ata bilər. İnsanlar özlərində hiss etdikləri nöqsanları ört-basdır etmək üçün qarşı tərəfi alçaltmağa çalışırlar. Öz nöqsanlarını bilmək onları vəhşətə salır. Çünki həyata baxışları mükəmməlliyyətçidir. Buna görə də, hər bir nöqsanı faciə kimi qəbul edirlər. Qarşı tərəfin onlara təqdim etdiyi dürüstlük və kamillik, belə şəxslər üçün qəbuledilməzdir. Səbəb isə onlara öz nöqsanlarını xatırlatmasıdır. Niall Doherty "İnciməməyi öyrənmək” kitabındakı “Təhqirlərlə necə davranmaq olar?" adlı məqaləsində başına gələn bir hadisədə yazır: “Spirtli içki içmirdim deyə, sevgilim məni “anormal varlıq” adlandırırdı. Çünki özü anormal formada içirdi və əyyaş idi.”
6) Həsəd və paxıllıq. Bəzən insan əldə edə bilmədiyi nemətləri, üstünlükləri başqalarında müşahidə etdiyi zaman, ona çata bilmədiyi üçün təhqirlə özünü rahatlamağa yönəlir.
İnsanın təhqiramiz hərəkətinin əsasında dərin psixoloji təsirlər dayana bilər. Şəxs, hansısa bir məsələdə qeyri-kafi olduğuna inancından qaynaqlanan hisslərini ortaya qoyaraq və ya kimlərinsə onların fərqinə varmalarından qorxaraq təhqirə əl ata bilər.
7) Vampir xüsusiyyətli insanlar. Belə insanlar üçün bizi nə qədər yaxşı tanıdıqları və haqqımızda bildikləri onlar üçün vacib deyil, onlar sadəcə olaraq digərlərini alçaltmağa və lağa qoymağa meyillidirlər. Çünki bununla özlərini daha yaxşı hiss edirlər. Onları bəsləyən başqalarının ovqatını təlx etmək və digər insanların bədbəxtlikləri ilə özünü xoşbəxt hiss etməkdir. Bəzən görərsiniz ki, bir sıra insanlar heç onlara aidiyyətı olmayan şəxslərin belə uğursuzluqlarına sevinirlər. Baş verən hansısa acı hadisələr onların şadlığına səbəb olur. İnsanların ağrıları ilə özlərini uğurlu hiss edirlər.
8) Yalançılar. Söylədiyi bir yalanın üzə çıxmasından narahat olduğu üçün, insan qəzəbi idarə etmə problemi ilə qarşılaşa bilər və vəziyyəti aşmağa və qarşı tərəfi təhqir edərək dominant olmağa çalışa bilər.
9) Qorxaqlar. Kimisə təhqir edən şəxs, çox vaxt bunu etmək üçün hədəf seçərkən, fiziki və ya emosional cəhətdən zəif və ya statusundan aşağı olan birini seçir. Özündən zəif gördüyü şəxsin müqavimət göstərə bilməyəcəyini düşündüyü üçün, özünün qeyri-kafilik hisslərinin açılmayacağına və daha güclü hiss etdiyinə əmin olur. Bu təbiətdə güclülərin zəiflərinə təzyiq psixologiyasının təməlində duran ən sadə, əsas səbəbdir. Bir maral öhdəsindən gələ bilməyəcəyini bildiyi üçün aslana hücum etməz, lakin aslan da marallara hücum etmək üçün onun ən zəif olduğu anı gözləyir. İnsan, başqasını ən zəif vəziyyətdə yaxaladıqda təhqiramiz davranır. Təhqirə cavab verməyin mümkün olmadığına əmin ola biləcəyi bir vəziyyətdə, təhqir ən güclü formada olur. Maraqlıdır ki, bu vəziyyəti kənardan izləyən bir qrup insan varsa və “qurbanı” müdafiə etməyəcəklərsə, təhqir zorakılığı ən yüksək səviyyələrə çata bilər.
10) Hiyləgərlər. Bəzi insanlar hiyləgərliklə rəqib gördüyü qarşı tərəfi təhqir edirlər ki, o, emosiyalarını cilovlaya bilməsin və eynilə cavab versin, yaxud fiziki şiddət nümayiş etdirsin. Bir sözlə, qarşı tərəfi təhrik edir ki, çılğınca, radikalca hərəkət etsin və bu yolla onun da əlinə bəhanə düşsün. İnsanlara qarşı tərəfin necə ədəbsiz və aqressiya dolu bir şəxsiyyətə malik olduğunu sübut etmiş olsun. Bu da narsist insanların xüsusiyyətidir. Onların manipulyasiyalarıdır. Belə şəxslərə qarşı diqqətli olmaq lazımdır. Şeytanla şeytanlıq etmək, onun kimi olmaq, ona bənzəmək deməkdir. Onun istəyi də budur. Buna görə də diqqətli olmaq lazımdır. Sən təhrik olsan, öz hisslərini idarə etməyi itirsən, onu hədəfinə çatdırmış olacaqsan. Belə şəxslərə qarşı, soyuqqanlı şəkildə, müvazinəti itirmədən, onun tələsinə düşmədən cavab vermək lazımdır. Əsəbləşərək, emosional rəftar və sözlə özünü ifadə etmək yanlışdır. Bəzən səssiz və sakit qalmaq yaxşıdır ki, onların “yoxluğunu”, ona və ətrafa hiss etdirə bilərsən.
Necə ki, Həzrət Əli (ə) buyurur: “Məxluqatı yaradan Allaha and olsun ki, mömin öz Rəbbini dözümlülük kimi başqa bir şeylə razı etmədi. Sakitlik kimi bir silah qədər başqa bir şeylə şeytanı qəzəbləndirmədi və axmağa, onun müqabilində susmaq kimi digər bir şey ilə cəza vermədi.»[9]
Yaxud məntiqlə cavab verib, yerini ona bildirərsən. Ya təhqirə hüquqi nəzərdən yanaşarsan! Burada özünü itirməmək çox önəmlidir! Yanlış addım atmamaq və neqativ olmamaq lazımdır. Vüqarımızı qorumaq və eyni zamanda təsirli şəkildə cavab vermək lazımdır.
11) Daşlayanlar. Bəzən başqalarını təhqir edən şəxslər, özünün popular olmasını təmin etmək üçün əzəmətli bir şəxsi təhqir edir ki, taninsin. O, xüsusilə də, həmin şəxsin özünün, yaxud onu sevənlərin reaksiya verdikləri zaman hədəfinə çatmış sayılır. Çünki dünənə qədər heç bir yerdə tanınmayan biri, tanınmış şəxsi təhqir edirsə, onun adının bir çox yerlərdə, hətta mənfi şəkildə hallanması belə onu qane edir.
Bütün bunları nəzərdə alaraq, təhqir psixologiyasının necə də mürəkkəb olduğuna diqqət çəkdik. Bəşər övladı özünü unutduğu zaman başqa insanları dəyərsiz və xor görməyə başladı. Çünki özünü unudan şəxs, boşluqda itmiş kimidir. Dəyərlədən boş və puçluq doludur. Özünə qayıdış yolunu azmış, nəfsi onu susuz səhralıqda itkin salmışdır. Çünki özünü unudan, əsl həqiqətdə Allahının unutmuş sayılır. Buna görə də, Allahın Peyğəmbəri (s) buyurur: “Adəm övladının pis olması üçün başqasını alçaltması kifayət edər.”[10]
[1]- İnsan surəsi, 3
[2]- Nəhcüs-səadə, c. 1, səh. 198; Nəhcül-bəlağə, məktub 31
[3] - Ğurərul-hikəm, 10371; Tənbihul-Xəvatir, c. 1, səh. 49
[4] - Nəhcül-bəlağə, 256-cı hikmət
[5] - Ğurərul-Hikəm, hədis 656
[6] - Ğurərul-Hikəm, hədis 3605
[7] - Jan Jan Rosso, Etiraflar, səh. 23
[8] - Nəhcül-bəlağə, İbn Əbil-Hədid, c. 20, səh. 86
[9] -Əmali-Mufid, səh. 118, hədis 2
[10] -Tənbihul-Xəvatir, c. 2, səh. 122
Öz rəyinizi yazın.