• Sep 16 2022 - 09:00
  • 356
  • Mütaliə zamanı : 9 minute(s)
Bir ovuc torpağın sehri

Bir ovuc torpağın sehri

Maraqlı bir mövzuya toxunmaq istərdim. Kənar bir baxışla. Hər-hansı bir dinin, məzhəbin gözü ilə deyil, eşqin gözü ilə baxmaq istərdim. Yaxın günlərdə dünyanın müxtəlif guşələrindən, şövqlə döyünən könüllərin, sanki sehrlənmiş kimi, Ərbəin günü Kərbəlaya çatmaq sevgisinin məna çalarlarını ruhumda hiss etmək istərdim.

Bir ovuc torpağın sehri

 

PhD. Əfzələddin Rəhimli

 

Maraqlı bir mövzuya toxunmaq istərdim. Kənar bir baxışla. Hər-hansı bir dinin, məzhəbin gözü ilə deyil, eşqin gözü ilə baxmaq istərdim. Yaxın günlərdə dünyanın müxtəlif guşələrindən, şövqlə döyünən könüllərin, sanki sehrlənmiş kimi, Ərbəin günü Kərbəlaya çatmaq sevgisinin məna çalarlarını ruhumda hiss etmək istərdim. Füzulinin bir beytə sığdırdığı eşqin misralarında rəqs edən məhəbbət mələyinin nəğməsini duymaq istərdim:

Ey Füzuli, məskənim çün Kərbəladır, şerimin

Hörməti hər yerdə vardır, xəlq onun müştağıdır.

Nə qızıldır, nə gümüş, nə ləlü, nə mirvaridir,

Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.

Mən bu bir ovuc torpağın sehrini anlamaq istərdim...

“Həqiqətən möminlərin qəlbində Hüseynin gizli bir məhəbbəti vardır.”[1]-deyə buyuran Həzrət Məhəmmədin (s) əsrarəngiz kəlamının sirrini anlamaq istərdim... Bu məhəbbətin ətrini duymaq istərdim...

“Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim!” [2]-deyən Xanım Zeynəbin məftun olduğu gözəllik nurunun, qəlbləri öz ecazkarlığı ilə necə oxşadığını bilmək istərdim...

Bunun üçün də, əlimə Ərbəin sovqatı olan bir ovuc Kərbəla torpağı alıb düşünməyə başladım. Sanki torpaq sehrli idi. Xəyalların, təsvirlərin ardı-arası kəsilmirdi. İlahi, elə bil bu pak torpaq mənimlə danışırdı... Kərbəlada şahid olduğu bütün sirlərini mənimlə bölüşürdü:

Bilirsənmi, Hz. Hüseyn Kərbəla səhnəsində insanlara həyat dərsi keçdi?

Bilirsənmi, ona “Kufəlilərin qəlbləri səninlə, qılıncları sənə qarşıdır.”[3]-deyə xəbərdarlıq edilmişdi, amma Hz. Hüseyn (ə) ona doğru tuşladıqları iti qılıncları deyil, onların qəlbinə gedən yolu görərək, bununla da bəşəriyyətə sevginin gücünü göstərdi?

Bilirsənmi, onu köməyə çağırıb, amma öldürməyə gələn simaların xəyanətinə qarşı,əhdə sədaqətin aliliyinianlatdı? [4]  

Bilirsənmi, Müslim ibn Əqil, Haninin evində divar kənarından İbn Ziyadı arxadan vurub öldürmədi və “İslam hiylə ilə qətl etməyi (terroru) qadağan etmişdir”[5]-deyə buyurmaqla, mərdliyin pak simasını ortaya qoydu?

 Bilirsənmi, Hz. Hüseyn: “Hər kəs mənə qoşulsa şəhid olacaq. Kim mənə qoşulmasa, (mənəvi) fəthə yetişə bilməyəcək.”[6]- deyə buyurduğu zaman, həqiqi qələbənin, müharibə ilə deyil,  pak və insani dəyərlərlə mümkün olmasınaişarə etdi?

Bilirsənmi, Şimr, Əbülfəzli çağırdığı zaman, o, cavab vermirdi.  Hz. Hüseyn üzünü qardaşına tutub: “Nə üçün cavab vermirsən?  Səni səsləyən insan, hətta fasiq belə olsa, onu cavabsız buraxma.”-deyə buyuraraq, bəşəriyyətə sağlam dialoqun bir alicənablıq olduğunu anlatdı?

Bilirsənmi, müharibəyə başlayıb, qələbə çalmaq imkanı olduğu halda bundan imtina etdi? Hələ düşmən qoşununa yardım gəlməmiş, Züheyr ona müraciətlə “Rəqiblərimizin sayı azdır, döyüşə başlasaq, Hürrə qələbə çalarıq. Daha böyük qoşun gəldiyi zaman, onlar bizə rəhm etməyəcək”-dedikdə, Hz. Hüseyn, “Biz heç bir şəraitdə müharibəni başlayan tərəf olmayacayıq!”-buyurması ilə sülhün əzəmətini nümayiş etdirdi?

Bilirsənmi, Aşura gecəsi, “Düşmən qoşununun qərəzi mənimlədir, sizinlə işləri yoxdur. Çıraqları söndürün ki, mənim tərəfdarlarımdan kim getmək istəyirsə, utanmadan məni tərk edib, gedə bilsin.”-söylədiyində, azad seçimin zərurətini anlatdı?

Bilirsənmi, düşmən qoşunu, Nafe ibn Hilala, Həzrət Abbasa[7] və Büreyd ibn Xəzirə[8] müraciətlə; “Sizə su içmək azaddır, bir şərtlə ki, Hüseynə aparmamalısınız”-dedikdə, onlar su içməkdən imtina edib geri döndüyü zaman, insanlıq aləminə vəfadarlıq dərsiverdi?

Bilirsənmi, Aşura gecəsi bəni-Haşim cavanları xeymələrinə yığışaraq, “Sabah ilk biz döyüşək, bəlkə sonra düşmən fikrindən döndü, qoy o biri tayfadan olanlar həlak olmasın.” -deyə fikir yürütdülər. Amma eyni zamanda Hüseynin başqa tayfadan olan döyüşçüləri bir yerə toplaşaraq, bəni-Haşimi qorumaq üçün sabah ilk döyüşə məhz özlərinin çıxmasını qərara almışdılar? Bununla da, fədakarlığın necə ülvi bir addım olduğununümayiş etdilər?

Bilirsənmi, Hür səhvini vaxtında anlasaydı, yolu açsaydı Kərbəla faciəsi heç baş verməzdi. Amma Aşura günü, Hz. Hüseyn onun gecikmiş üzrü və tövbəsini, nəinki utandırmadan, hətta mədh edərək qəbul etdiyində,[9] əfv və bəxşişin ucalığını sübuta yetirdi?

Bilirsənmi, Hz. Hüseyn, türk əsilli Əsləm adlı xidmətçisi şəhid olduğu zaman, son nəfəsində onun başını dizləri üstə alıb, oğlu Əliəkbərdən ayırmayaraq, üzünü onun da üzünə qoyub göz yaşı tökərək dua edərkən irqin deyil, insan ləyaqətinin dəyərini başa saldı? [10]

Bilirsənmi, Hz. Hüseyn (ə) Aşura günü döyüşün ən qızğın çağında və vuruşu davam etdirmək üçün suya ən çox ehtiyacı olduğu halda əzab-əziyyətlə özünü suya yetirmişdi. Amma düşmən qoşununun bundan istifadə edib xeymələrə hücum etdiyini gördükdə, bir qurtum belə su içməyib, sürətlə geriyə, onların imdadına tələsərək, bununla da, insanlara ailə dəyərinin önəminianlatdı? [11]

Bilirsənmi, Hərmələ İmamın (ə) altı aylıq körpə oğlu Əliəsgəri onun qucağında oxlayıb şəhid etdikdə, «Bu müsibət də mənim üçün asandır. Çünki Allah görür.»[12]-söyləyərək səbrin necə bir ilahi xəzinə olduğunu isbat etdi?

Bilirsənmi, Şimrin qoşunu dəfələrlə ona təhqiramiz ifadələrlə atmacalar atdığında, təhqirə-təhqirlə cavab verməyib, Tanrı dərgahına şikayət etməklə kifayətlənib, ədəbin nə qədər gözəl olduğunu öyrətdi?

Bilirsənmi, Aşura günü Zəhhak, Hz. Hüseynə onu tək qoyub qaçmaq istədiyini söylədikdə, onu danlamadı, əksinə, necə salamat qaça biləcəyi haqda nigaran qaldığını ifadə etməklə, empayiya və anlayışın nəcibliyini göstərdi?

Bilirsənmi, altı aylıq övladını qucağına alıb ona su istərkən, körpəsi göz önündə oxlayıb şəhid etdilər. Bu zaman, o, üzünü düşmən qoşununa tutub: “Əgər dininiz yoxdursa, qiyamət gününə inanmırsınızsa, heç olmasa bu dünyada azad insanlar olun!”[13]-deyə buyurmaqla, köləliyin nə qədər alçaldıcı olmasını düşündürdü?

Bilirsənmi, Kərbəlada “Əgər dünya dəyərlidirsə, axirət aləmi ondan daha da qiymətlidir.”[14]-deyərək, ruhun ölməzliyi ilə insan əzəmətinitəcəlla etdirdi?

Bilirsənmi, Aşura günü “Şərəfli ölüm, zillətlə yaşamaqdan üstündür!”[15] kəlamı ilə insan şərəfinin dəyərinianlatdı?

Bilirsənmi, şəhid olmağa anbaan yaxınlaşdığı zaman, Hüseynin üzündəki təbəssüm və sevinc daha da artırdı? Bilirsənmi, Hüseyn eşqinin sehrielə budur?

Bir anlıq düşüncələrimdən ayrıldım... Ovcumdakı mübarək torpağın nə zaman islanmasından xəbərsiz, göz yaşlarımı sildim. Öz-özümə dedim, bəli, Hüseyn, öz ali əxlaqi dəyərləri və davranışı ilə qəlbləri ovsunladı, düşmən qoşunu isə, öz çirkin addımları ilə bəşəriyyət üçün nə qədər təhlükəli bir düşüncə tərzi olduğunu nümayiş etdirdi.

“Tarixi-Dəmeşq”də yazılır ki, hər gün düşmən qoşunundan iyirmi min insan Hz. Hüseyni qətlə yetirdikləri zaman “pak” olsunlar və “savabı çox olsun”-deyə, Fərat çayında qusul alırdı.

“Cənnət cavanlarının sərvərini”[16] öldürərək, cənnətə getmək istəyən insanların təfəkkür tərzini bir düşünün!

Hüseyn namaz qılarkən, Şimrin qoşununun hücumundan qorunmaq üçün bir neçə nəfəri mühafiz təyin edir. Namaz qılarkən belə, özlərinə “müsəlman” deyən, “namaz qılan” düşmən qoşunun hücumundan amanda deyildir. Bəli, məhz onların hücumu zamanı namaz qılanları qoruyan mühafizlərdən bir neçəsi elə oradaca şəhid olur...

Hüseynin nəşinə sarılan bir uşağı (Abdullah ibn Həsən[17]) qətlə yetirən şəxslər, elə həmin “müsəlmanlar” deyildilərmi?

Şimrin on altı dəfə piyada həcc ziyarətinə getməsindən xəbəriniz varmı? Onun minacatlarının olduğunu bilirdinizmi? Onun minacatlarını oxuyan şəxs, sanki onun hansısa bir abid tərəfindən söyləndiyini zənn edərkən, Allah Rəsulunun nəvəsinin başını arxadan kəsən o deyilmi?

Hüseynin nəşinin üzərindən on atlı ilə keçənlər namaz qılmırdılarmı? Kiçik qızının qulağından sırğanı vəhşicəsinə çəkib çıxaranla, parçalayanlar necə? Onlar oruc tutub, namaz qılan, əsl müsəlman olduqlarını, Hz. Məhəmmədin (s) dininin qoruyucusu olduqlarını iddia edənlər idi.

Onlar Kərbəlada rüsvay oldular, hiylələri, əsl üzləri orada ortaya çıxdı... Kərbəla müsəlmanlığın bir iddia və ad olmadığını, ali əxlaqi-insani dəyərlərdən təşkil tapdığını izah etdi.

Hz. Hüseyn “Mən zülm və fitnə-fəsad üçün deyil, dini islah etmək üçün bu addımı atmışam.[18]”-deyə buyurduğu zaman, məhz Kərbəlada islamın həqiqi simasını insanlara göstərdi. Onun paklıq, rəhmət, mərhəmət, sevgi, empatia, qayğı, sədaqət, vəfadarlıq, fədakarlıq, əfv və güzəşt, azadlıq, birlik-bərabərlik, doğruluq, şərəf və ləyaqətdən ibarət olduğunu göstərdi.

Hz. Hüseyn hakimiyyətə gəlmək üçün deyil, islamın həqiqi simasını aşkar etmək, onun üzərindəki qubarı təmizləmək üçün özünü Uca Yaradana qurban verdi. Qurban verdi ki, onun sevgisi ilə sözügedən pak insani dəyərlər dirçəlsin və yaşasın.

Sanki ovcumdakı Kərbəla torpağı mənə deyirdi:

Gördünmü, cəhalət, xəyanət, qorxaqlıq, hərislik, kin, qəddarlıq adəm övladını insanlıqdan neçə çıxardı? Gördünmü, azad ruhlu insanlar təqva, sədaqət, mərhəmət, rəhmət, güzəşt, fədakarlıq və vüqarla mələklərdən necə üstün oldu? Kərbəlanı gördünmü?

 

 

 



[1]- “Xəsaisül-Hüseyniyyə”, Şuştəri, səh. 48.

[2]- “Biharül-ənvar”, Məclisi, c. 45, səh. 116.

[3]- “Tarixi-Təbəri”, c. 5, səh. 384; “Təzkirətül-hüffaz”, Zəhəbi, c. 1, səh. 338; “əl-İrşad”, Müfid, c. 2, səh. 76; “Əl-Bidayə vən-nihayə”, İbn Kəsir, c. 8, səh. 169.

[4]- “Lühuf”, Seyyid ibn Tavus, səh. 65; “Musuətü-kəlimatil-İmam Hüseyn (ə) “ səh. 238; “Əl-Bidayə vən-nihayə”, İbn Kəsir, c. 8, səh. 174.

[5] -“Əl-Kafi”, Koleyni, c. 7, səh. 375.

[6]- “Mənaqib”, İbn Şəhri Aşub, c. 4, səh 76

[7]- “Məqtəl”, Müqərrəm,səh. 366.

[8]- “Məalis-sibteyn”, Hairi, səh. 319-321.

[9]- “Əmali”, Şeyx Səduq, səh. 218.

[10]- “Biharül-ənvar”, Məclisi, c. 45, səh. 30

[11]-“Məqtəl”, Müqərrəm, səh. 346-347.

[12]- “Tarixi-Təbəri”, c. 7, səh. 660; “Kamil”, İbn Əsir, c. 3, səh. 285 ; “Məqtəl”, Xarəzmi, c. 2, səh. 32; “Musuətü-kəlimatil-İmamil Hüseyn (ə) “ səh. 477.

[13]- “Musuətu-kəlimatil-İmamil- Hüseyn (ə)” səh. 421.

[14]- “Musuətü-kəlimati-İmamil-Hüseyn (ə)” səh. 404-405

[15]- “Mənaqib”, İbn Şəhr Aşub, c. 4, səh. 68.

[16] -“Əmali”, Səduq, səh. 101.

[17] -“Əl-İrşad”, Müfid, c. 2, səh. 26 .

[18] - “Məqtəli”, Xarəzmi, c. 1, səh. 188.

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: