• Aug 29 2022 - 14:27
  • 550
  • Mütaliə zamanı : 10 minute(s)
Mədəniyyət dövlətlər, xalqlar, insanlar arasında ən böyük körpüdür

Mədəniyyət dövlətlər, xalqlar, insanlar arasında ən böyük körpüdür

 

Mədəniyyət dövlətlər, xalqlar, insanlar arasında ən böyük körpüdür

 

 Əli Purmərcan: “Azərbaycana təyinatımı eşidəndə çox sevindim”

Növbəti təyinatımın Azərbaycana olduğunu eşidəndə çox sevindim. Baxmayaraq ki, dünyanın bir çox ölkələrində, Afrikada, Avropada İran İslam Respublikasını təmsil etmişəm, Azərbaycana ilk ayaq basanda  o doğmalığı gördüm, özümü  evimdəki kimi hiss etdim”.

 

Bu sözləri versus.az-a müsahibəsində İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri, doktor Əli Purmərcan deyib. Onunla söhbəti oxucularımıza təqdim edirik.

- Əli bəy, dünyanın neçə ölkəsində İranın Mədəniyyət Mərkəzləri fəaliyyət göstərir? Məram və məqsəd nədən ibarətdir?

- Hazırda 63 ölkədə 80-dən artıq İran Mədəniyyət Mərkəzləri  var. Əsas fəaliyyətimiz və hədəfimiz İranın qədim mədəniyyətini, adət ənənələrini, incəsənətini təmsil olunduğumuz ölkələrdə daha yaxından tanıtmaqdır. Eyni zamanda da, həmin ölkələrin mədəniyyəti ilə İranı tanış etməkdir. Yəni fəaliyyətimiz qarşılıqlı əlaqələr, müxtəlif mədəniyyətlərin ölkələrin, xalqların, insanların həyatında önəmli yer  tutduğunu, dostluq, qardaşlıq bağlarını möhkəmləndirdiyini, sülhə, barışa xidmət etdiyini çatdırmaqdır.

- Doktor Purmərcan, səhv etmirəmsə, İran İslam Respublikasının Azərbaycanda səfirliyi açılandan az sonra Mədəniyyət Mərkəzi də fəaliyyətə başladı. Bu dövr ərzində müxtəlif tədbirlər, iki xalqın mədəniyyətinə töhfə verəcək layihələr həyata keçirilib. Sizin Mərkəzə rəhbərliyiniz müddətində hansı işlər görülüb və perspektifdə nələr var?

- 1994-cü ildə İran və Azərbaycan arasında mədəniyyət sahəsində müqavilə imzalanıb. Bundan sonra rəsmi fəaliyyətlərimiz başlayıb. Mədəni əlaqələrimiz çoxşaxəlidir və deyə bilərəm ki, indiyə qədər bu sahədə çox böyük uğurlara imza atmışıq. İran film həftələri, kitab, əl işlərindən ibarət  sərgilər  böyük maraq və rəğbətlə qarşılanıb. Mərkəzimizdə fars dili kursları açmışıq və burada Azərbaycanın ən təcrübəli müəllimləri dil öyrədir. Fars dilini öyrənmək istəyənlərin sayı çoxdur. Təbii ki, tədbirlər İran səfirliyi ilə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Elm, təhsil sahəsində də əməkdaşlığımızı qeyd etmək istəyirəm və bu hər iki ölkə üçün çox mühümdür. Eyni zamanda, İran və Azərbaycanın ali təhsil müəssisələri, universitetlərimiz arasında əməkdaşlıq haqqında müqavilə və sazişlər imzalanıb. Bütün bunlar  sadəcə kağız üzərində qalmayıb, əməli işlərimizin  miqyası hər ötən gün genişlənir  və bu istiqamətdə də fəaliyyətimiz davam edir.

Ən böyük məqsədimiz isə, İranın mədəniyyətini Azərbaycanda,  Azərbaycanın gözəl mədəniyyətini isə İranda bacı,qardaşlarımıza olduğu kimi tanıtmaqdır. Yenə qeyd etmək istəyirəm ki, mədəniyyət bütün sahələrdən öndə gəlir  və dövlətlər, xalqlar arasında ən böyük körpüdür .Bu körpü isə dostluğa, qardaşlığa xidmət etməlidir.

- Son bir neçə ayda İran və Azərbaycan rəsmilərinin qarşılıqlı səfərləri olub. Mədəniyyət naziri Anar Kərimov da İrana səfər edib və bu səfərdə siz də iştirak edirdiniz. Hansı qərarlar alındı?

- Bəli, mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İrana üçgünlük rəsmi səfər etdi, mühüm görüşlər, müzakirələr oldu. Azərbaycanlı nazir  İslami İrşad və Mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili ilə görüşdü. Hər iki nazir İran və Azərbaycan arasında siyasi,  iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladılar. İki ölkənin geniş potensialının mövcud olduğuna diqqət çəkdilər. Müzakirə edilən məsələlərdən biri də kino sahəsində işbirliyimiz idi. Siz də bilirsiniz ki, İran filmləri bütün dünyada böyük şöhrət qazanıb və nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Filmlərimizin iki ana xətti var. Birincisi, İran filmləri yalnız sülhü təbliğ edir, ikincisi, bu filmlərə bütün ailə birlikdə rahat əyləşib baxa bilir, yəni cinsəllikdən uzaqdır. Beləliklə də, İran filmlərinin Azərbaycanda, Azərbaycan filmlərinin İranda nümayişi ilə bağlı danışıqlar oldu. Onu da qeyd edim ki, 30 ilə yaxındır  mərkəzimizin təşkilatçılığı ilə Azərbaycanda İran mədəniyyət günləri, İran filmləri həftəsi keçirilir.

Hər iki nazir müştərək  filmlərin çəkilməsinin vacibliyini dilə gətirdi. Qeyd edim ki, İran və Azərbaycanın birgə istehsalı olan üç film var.

Qərara alındı ki, iki ölkənin kinomotaqrafiya sahəsində də bir  saziş imzalansın.

Bundan başqa, regional və beynəlxlq təşkilatlarda da hər iki ölkənin mədəniyyət, incəsənət sahəsində birlikdə əməkdaşlığı müzakirə mövzularından biri oldu. Təbii ki, danışıqlar zamanı  kitab sərgilərinin keçirilməsi, bu istiqamətdə görüləcək  işlərdən söhbət açıldı. Bilirsiniz ki, İranın qədim kitab sənəti, mədəniyyəti var  və bu sahədə dünyada üçüncü yerdəyik. Azərbaycan Tehran beynəlxalq kitab sərgisində iştirak edir. Hətta deyə bilərəm ki, sərgidə İran oxucularının ən çox diqqətini çəkən, böyük marağa səbəb olan Azərbaycan stendi idi. İran isə Bakı beynəlxalq  kitab sərgisində təmsil olunur. Ötən il Azərbaycanda keçirilən Nizami ilində İran çox fəal iştirak etdi, Nizamiyə həsr edilən yüzlərlə kitablarımız və digər nəşrlər yer aldı.  

Eyni zamanda, Anar Kərimovun İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi İmanipur ilə görüşündə də hər iki tərəf qarşılıqlı əlaqələrin xalqlarımızın daha da yaxınlaşmasına və mədəniyyətlərimizin yaxından tanınmasına təkan verəcəyini diqqətə çatdırdılar. Görüşdə iki ölkənin müxtəlif şəhərləri arasında mədəni tədbirlərin keçirilməsinin vacibliyi vurğulandı. Anar Kərimov İranda  Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının ölkələrimiz  arasında mədəni əlaqələrin inkişafına daha böyük təkan verəcəyini bildirdi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə İranın tarixi şəhərlərinin birinin qardaşlaşması təklifi irəli sürüldü.

Bundan başqa, Anar Kərimov İranın Milli Kitabxana və Arxiv İdarəsinin rəhbəri Əlirza Muxtarpurla, Milli İrs, Əl İşləri Sənayesi və turizm naziri İzzətulla Zərgami ilə çox mühüm görüşlər keçirdi. Zərgami ilə görüşdə İran və Azərbaycan turistlərinin qarşılıqlı səfərləri müzakirə edilən məsələlər sırasında idi. Turizmlə bağlı bir sıra layihələrin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur. 

Çalışacağıq ki, bu səfərdə müzakirə edilən, həyata keçirilməsi vacib olan məsələləri əməli işlərimizlə gerçəkləşdirək. İki ölkə arasında indiyə qədər mədəniyyət və incəsənət sahəsində üç müqavilə imzalanıb, həyata keçirilib. Üçüncü müqavilə 2021-ci ildə başa çatıb. Biz yeni dördüncü müqaviləni hazırlayıb, təqdim etmişik. İnşALLAH, bu müqavilə də tezliklə ya Bakıda, ya da Tehranda imzalanacaq.

- Əli bəy, elə növbəti sualım turizmlə bağlı olacqdı. Təbii ki, İran və Azərbaycan arasında tarixi, dini əlaqələrin, adət ənənələrin, müştərək mədəniyyətimizin dərin kökləri var. Amma turizm sahəsi iki ölkənin potensialına cavab vermir. Əlbəttə, qarşılıqlı  gediş gəliş var, azərbaycanlılar ən çox dini turizm olaraq Məşhəd ziyarətinə gedirlər. Bir də müalicə üçün İrana üz tuturlar. İran turistlərinə də Bakıda rast gəlirəm, danışıqlarından soydaşlarımız olduqları anlaşılır. Amma söhbət əsl turizmdən gedirsə, sizcə, hansı addımları atmaq vacibdir?

- Çox maraqlı sualdır. Qeyd edim ki, İrana ən çox səyahət edən ölkələr arasında Azərbaycan ikinci yeri tutur. Birinci yerdə isə İraq gəlir. Pandemiyadan öncə, Azərbaycandan İrana ildə 1 milyondan artıq turistin gəldiyi qeydə alınıb...

- Sözünüzü kəsdiyim üçün üzr istəyirəm, fikrimcə bu statistikada dini turizm, müalicə və alış veriş məqsədi ilə gedənlər üstünlük təşkil edir...

- Bəli, onların əksəriyyəti sərhəddə yaşayan qonşulardır. İranlılar Azərbaycanın sərhəd bölgələrinə, azərbaycanlılar da İranın sərhəd şəhərlərinə gedib gəlirdilər. İkinci ən önəmli, mühüm yerdə isə, dini turizm,yəni Məşhəd ziyarəti gəlir. Azərbaycandan çox sayda insanlar Məşhəd ziyarətinə gedirlər. Ötən ay Bakıda beynəlxalq turizmlə bağlı tədbir keçirilirdi, İrandan da nazir Zərgaminin rəhbərliyi  ilə nümayəndə heyəti gəlmişdi. Mədəniyyət mərkəzində nazir və heyətlə görüş keçirdik. Görüşə  Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın turizm agentliklərinin rəhbərlərini də dəvət etmişdik. Turistlərin çoxu sözügedən agentliklər  vasitəsilə İrana səfər edirlər. Həmin görüşdə də qeyd olundu ki, Azərbaycandan İrana gedən turistlərin 70 faizindən çoxu Məşhəd ziyarətinə getmək üçün müraciət edir. Bundan başqa Qum şəhərini və digər İmamzadələri ziyarət edirlər. Nazir Zərgami də dini turizmin vacibliyini qeyd edərək, Azərbaycandan olan turistləri İranın digər bölgələrində də görmək istədiklərini bildirdi. Əlavə etdi ki, İranın qədim, tarixi, dünya mirasının inciləri sayılan, eləcə də təbiəti baxımından nadir, gözəl yerləri var.

Onu da qeyd edim ki, İrandan olan turistlər üçün də Azərbaycanın kəşf edilməmiş gözəl, tarixi, qədim  yerləri var. Elə dini turizm, ibadətgahlar baxımından da belədir. Müsəlman dünyasının ən önəmli dini ziyarətgahlarından olan Bibiheybət məscidi bu siyahıya daxildir. 

Üçüncüsü isə tibb sahəsidir. Azərbaycanlı dostlarımızın, qardaşlarımızın əksəriyyəti  müalicə məqsədi ilə Təbrizə, Urmiyəyə, Tehrana gedirlər. İranda tibb çox inkişaf edib və bütün dünyada məşhur həkimlərimiz var.

Artıq iki ölkə arasında hava yolları açılıb. İnşALLAH, quru yolları da açıldıqdan sonra hər iki tərəfdən gediş gəlişin daha da artacağına inanıram.

- Azərbaycanın ali məktəblərində iranlı tələbələrin təhsil aldığını bilirəm. Azərbaycanlı tələbələrin İranda sayları nə qədərdir və hansı  sahələrdə təhsil alırlar?

- Yuxarıda da qeyd etdiyim kimi, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri, sazişlər imzalanıb.Bu müqaviləyə əsasən, hazırda Azərbaycan Tibb Universitetində 860 nəfərdən artıq iranlı  gənc təhsil alır. Xəzər universitetində həm iranlı tələbələr təhsil alır, həm də İrandan olan müəllimlərimiz çalışırlar. Ali Neft Məktəbində və digər universitetlərdə də tələbələrimiz oxuyur  və iranlı müəllimlər dərs deyirlər. Azərbaycanlı tələbələr İranda daha çox dini, mədəniyyət, tibb sahəsində təhsil alırlar. İranda tibb sahəsində təhsil almaq heç də asan deyil və bu mənada tibb universitetlərində çox savadlı, bilikli tələbələr oxuyur. Təbriz Tibb Universitetində və digər universitetlərimizdə Azərbaycandan olan gənclər üçün yerlər ayrılıb. Onu da qeyd edim ki, İranda tibb təhsili almaq istəyən azərbaycanlı gənclər  çox az məbləğ ödəyirlər.  Ötən il 17 nəfər azərbaycanlı oğlan və qız Təbriz Tibb Universitetinə qəbul olub. Bu il də 17-18 nəfər qeydiyyatdan keçib. Bu onlar üçün bir fürsətdir, İranın tibbindən, təcrübəsindən faydalansınlar və Azərbaycana qayıdıb gözəl millətinə xidmət göstərsinlər.

- Söhbətimizin sonunda doktor Purmərcanı daha yaxından tanıyaq. Təbrizdən olduğunuzu bilirəm.

- Bəli, Marağada anadan olmuşam. Ali məktəbi Tehranda bitirmişəm. 28 ildir mədəniyyət sahəsində, daha doğrusu, beynəlxalq mədəniyyət  sahəsində çalışıram. İranı dünyanın bir çox ölkələrində təmsil etmişəm. Ölkəmin mədəniyyətini tanıtmaqdan, digər mədəniyyətləri də İran cəmiyyətinə təqdim etməkdən qürur duyuram. İran Mədəniyyət Mərkəzinin rəhəri kimi, on ildən çox Afrika ölkələrində - Keniyada, Cənubi Afrika respublikasında çalışmışam. Beş il İtaliyada fəaliyyət göstərmişəm. Daha sonra İranda İslam və beynəlxalq mədəniyyət  əlaqələr üzrə təşkilatın sədr müavini olmuşam. Yeni təyinatım isə Bakıdakı İran Mədəniyyət Mərkəzi oldu. Bu təyinatdan çox məmnunam və böyük sevinclə Azərbaycana gəlmişəm. Kimsə  deyəndə İran Azərbaycan mədəniyyətləri müştərəkdir,  bənzərdir, mən deyirəm ki, eynidir. Afrikada, Uruqvayda, ya Avropada, İtalyada küçədə gəzərkən, ya bir yerə gedərkən ayrı bir mədəniyyət görürsən, fərq edirsən. Amma mənim üçün mədəniyyətlərimiz birdir, heç bir fərq yoxdur. Azərbaycana ilk qədəm basanda, öz bacılarımın, qardaşlarımın arasında, öz evimdə olduğumu gördüm, hiss etdim. Burada olduğum üçün çox sevinirəm, fəaliyyətim müddətində bütün səy və bacarığımla ikitərəfli mədəni əlaqələrə öz töhfəmi vermək üçün çalışacağam.

- Əli bəy, maraqlı söhbət üçün təşəkkürümü bildirirəm. Çox sağ olun.     

 

baku Azerbaijan

baku Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: