• Jan 11 2023 - 12:10
  • 244
  • Mütaliə zamanı : 11 minute(s)
Ataların cənnəti

Ataların cənnəti

Uşaqların sağlam yetkin insan kimi inkişafı, sağlam münasibətlərin olduğu ailə mühitində böyüməsindən asılıdır. Uşağın valideynlərinin sevgisi və diqqəti ilə böyüməsi fərdin sosial və emosional inkişafını reallaşdırmaq baxımından çox vacibdir. Ailə uşağın inkişaf prosesində ona doğru və yanlışın nə olduğunu müəyyən edir və uşağın intellektual inkişafına dərindən təsir göstərir

Ataların cənnəti

(Ata və qız övladı münasibətləri)

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmləri doktoru,

Professional ailə müşaviri, Həyat koçu.

 

Uşaqların sağlam yetkin insan kimi inkişafı, sağlam münasibətlərin olduğu ailə mühitində böyüməsindən asılıdır. Uşağın valideynlərinin sevgisi və diqqəti ilə böyüməsi fərdin sosial və emosional inkişafını reallaşdırmaq baxımından çox vacibdir. Ailə uşağın inkişaf prosesində ona doğru və yanlışın nə olduğunu müəyyən edir və uşağın intellektual inkişafına dərindən təsir göstərir. (Morrison, G. S. (2006). Fundamentals of early childhood education. New Jersey: Pearson Prentice Hall.)

Ailələri tərəfindən sevgi, hörmət, səbir və anlayış görən uşaqların ruhi sağlamlığı müsbət istiqamətdə inkişaf edir. Müsbət psixi sağlamlığı olan uşaqlar, özünə güvənən, özü və həyatı ilə barışan, özünü və ətrafındakı insanları sevən bir insan kimi böyüyür. Evdə ata-analarını xoşbəxt görən uşaqlar, düzgün psixologiyalı və özünə inamı böyük olan uşaqlar olur. Evdə valideynlərinin xoşbəxt olmadığını, dava-dalaş, depressiya dolu mühitdə böyüyən uşaqlarda isə dəyərsizlik hissi yaranır. Ailədə uşağa lazımı diqqət, sevgi və qayğı göstərilmirsə, bu çox pozucu bir davranışdır. Uşağın valideynləri ilə sevgi bağlılığı zəruridir. O dəyər görməli, şərtsiz sevilməlidir. Uşaqlıqda sevgi və şəfqət görməyən uşaqlar, gələcək həyatlarında öz şəxsiyyətlərini tapa bilməyəcək, sevgi dilənçisi olacaqdır.

1980-ci illərin birinci yarısından etibarən ataların uşaq inkişafına və ailə həyatına təsiri ilə bağlı araşdırmalarda artım müşahidə olundu. Bu sahədə, Lamb tərəfindən irəli sürülən “Ata rolunun tipologiyası”, ataların uşaq inkişafına təsirini araşdırmaq məqsədi daşıyan tədqiqatlar üçün mühüm nəzəri əsas təşkil etmişdir.

Lamb ailədə atanın rolunun üç mühüm ölçüsünü müəyyən etdi. Bunlardan birincisi “ata və uşaqların birlikdə vaxt keçirmələri”ni ifadə edən qarşılıqlı əlaqədir; ikincisi, “onların emosional və fiziki yaxınlığına və atanın uşağın prioritetlərinə sadiqliyinə aid olan əlçatanlıq”dır; üçüncüsü, “uşağın xoşbəxtliyi və sağlam inkişafı üçün atanın məsuliyyətidir”. (Ho, Y. F. and Lamb, M. E. (1987). The father's role: Cross-cultural perspective. New Jersey: Lawrence Erlbaum. Karasar, N. (2007). Bilimsel araştırma yöntemi, Ankara: Nobel Yayın Dağıtım).

Uşağın həyatının ilkin dövrlərində atanın davranışının xarakteri sonrakı dövrdə uşağın psixi funksiyalarına təsir göstərir. (Ortiz, R., Stile, S. and Brown, C. (1999). Early literacy activities of fathers: Reading and writing with young children. Young Children, 54(5) 16-18) Atanın uşağa qayğısı, onu bəsləməsi, onunla oynaması və s. ilə uşağın intellekt inkişafı arasında müsbət əlaqənin olduğu, övladın cinsi və şəxsiyyətinin inkişafında atanın böyük rol oynadığı bildirilir. (Bronstein, M.H. and Zlotnik, D. 2008. Parenting styles and their effects: Infant and early childhood development. M. M. Haith and J.B.Benson (ed.), 496-509, Oxford:Elsevier)

Bu sahədə, günümüzün ən əsas ailə məsələlərindən biri də, ata-qız münasibətləridir. Ata bir valideyn kimi ailə başçısı olaraq sevgi, şəfqət və etibarı təmsil edir. (Swick, K.J. and Manning, M.L. (1983). Father involvement in home and school settings. 60 (2); 128-132.)

Jane Grandon 1995-ci ildə yazdığı "Əziz baba: ata-qız münasibətləri niyə bu qədər vacibdir?" kitabında dörd ata fiquru haqqında yazır:

Şahzadə Atalar

Bu atalara şahzadə deyilir, çünki qızlarına şahzadə kimi yanaşırlar. Qızını əl üstündə tuturlar, sevgisi ilə bəsləyirlər. Onlar övladları arasında cinsiyyət ayrı-seçkiliyinə əsaslanan ədalətsizlik nümayiş etdirmirlər. Onlar üçün oğlan övladı da, qız övladı da bir nemətdir, əzizdir, dəyərlidir. Bu atalar qızlarına sevgi, qayğı və şəfqətlə yanaşır. Onlarla vaxt keçirirlər. Şahzadə ataları qızlarının qayğısına qalan, ona vaxt ayıran insanlardır. İmkan daxilində istədiyi oyuncağı alır və oyuncaqlarla oynayanda ona qoşulurlar. Belə atalar qızları ilə oyun oynayır, onun əlindən xəyali “çay içir”, oyuncaq boşqabda süfrəyə verilən yeməkləri “yeyirlər”.

Bir sözlə qız özünün evdə “qız olmağından” utanmır, sıxılmır, əzilmir. O, “atasının qızı” olmaqla xoşbəxtdir. Atanın diqqəti onun üzərindədir. Belə ataların qızları gələcəkdə özünə güvənən, insanlarla ünsiyyətdə çətinlik çəkməyən, münasibətlərində patoloji problemlərə meyilli olmayan xanımlardır.

Avtoritet Atalar

Bu atalar üçün “övlad qarşısındakı atalıq vəzifəsi” yalnız maddi dəstək vermək və sərt nizam-intizamı həyata keçirməklə məhdudlaşır. Təəssüf ki, bəzi atalar, ailələrini iqtisadi cəhətdən dolandırdıqları üçün öz öhdəliklərini yerinə yetirdiklərini düşünürlər (Barnett, R. C. and Baruch, G. K. (1987). Determinants of father’s participation in family work. Journal of Marriage and the Family, 49, 29-40).

Sözsüz ki, dəyərli atalarımız ailəsinin rifahı üçün çox zəhmətlərə qatlanır və onların məişət problemlərinin olmaması üçün çalışırlar. Bunun üçün hər birimiz atalarımıza minnətdarıq. Onların bu sahədəki zəhmətləri əvəzolunmazdır.

Amma valideynin qayda-qanun yaratması və övladın intizamlı tərbiyə etməsi təbii və hətta zəruri olsa belə, bu kobudluq və şiddətlə deyil, güc və zorakılıqla deyil, məntiq və mərhəmətlə icra edilməlidir. Sözügedən atalar bir növ ailədə sanki hakimiyyət həvəskarlarıdır. Bu atalar nizam-intizam və qanun çərçivəsi təyin etməklə, hökmranlığı və sərtliyi qarışdırırlar. Belə atalar heç vaxt qız övladları ilə nəyisə müzakirə etmirlər. Onlar sadəcə qadağa qoyurlar və heç bir şərh vermədən qızlarının qeyd-şərtsiz ona riayət etmələrini tələb edirlər. Burada qızın söz, seçim və mədəni etiraz haqqı və özünü ifadə icazəsi yoxdur. Hətta bunu etdiyi zaman sərt cəzalandırılırlar. Adətən belə atalar övladlarını sevdikləri üçün bu formada davrandıqlarını söyləryirlər. Amma unudurlar ki, onların qızları ya çox zaman sevgini bu formada mənimsəyirlər. Gələcəkdə istismara münbit bir şəxsiyyətə malik olurlar. Sosial əlaqələrində rahatlıqla güc qarşısında əziləcək və müqavimət göstərə bilməyəcəklər. Yaxud da, bir çox psixoloji travmalarla yaşayacaqlar.

Avtoritet atalar, bəzən hər şeyin ən yaxşısını bildiyini sandıqları üçün bu formada davranırlar. Lakin unudurlar ki, bununla da, gələcəkdə gücsüz, öz qərarı olmayan, asılı və itaətkar qızlar yaradırlar.

Dost Atalar

Dost atalar qızları ilə vaxt keçirməyi sevən atalardır. Onlar daim qızlarını dəstəkləyir, hər zaman qızlarının arxasındadırlar. Öz zövqlərinə önəm versələr belə, qızlarının da sevdiyi fəaliyyətlərə əhəmiyyət verirlər. Bu ataların qızları hər zaman arxalarında ata dəstəyini hiss edirlər. Bu ataların qızları özlərini güvəndə görürlər. Ali təhsil almaq, sənətlə məşğul olmaq və sair kimi istənilən fəaliyyətlərdə ataları daim onlara yol göstərir və arzularını uğurla reallaşdırmaq üçün mənəvi dəstək verirlər. Bu qızlar bilirlər ki, hər hansı bir çətinliklə üzləşdikləri halda ataları onların ən yaxın köməkçisidir. Burada da qız sevildiyini, dəyər gördüyünü hiss edir və bu onun şəxsiyyətinin formalaşmasında müsbət rol oynayır.

Görünməz atalar

Görünməz atalar, adlarından göründüyü kimi, gözə görünmürlər. Bu iki formada mümkündür: Bəzi görünməz atalar o qədər tez-tez səyahət edən insanlardır ki, evə gəlmirlər. Bəzi görünməz atalar isə işdən sonra, ya evdə olmur (çayxana və sair yerlərdə boş-boş vaxt keçirir), ya da evdə olsa belə, qızı ilə bir evdə iki yad adam kimi yaşayırlar. O, qızı ilə oyun oynamır, onunla vaxt keçirmir, qayğısına qalmır, əzizləmir, ona nağıl danışmır və onunla bir neçə dəqiqə də olsa söhbət etmir. Ya telefondadır, ya televizora baxır, ya da evin oğlu (“kişi balası”) ilə söhbət edir. Bu atalar qızlarına yad insanlar kimi davranır. Qızı ilə maraqlanmır, başını sığallamır və sair... Bunun da bir neçə amili vardır.

Onlar ya qızlarına cinsiyyət fərqinə görə dəyər vermir, qız övladını “ikinci dərəcəli övlad” görür. Oğlan övladını bütləşdirir.

Ya da qızlarını sevir, lakin onun qayğısına qalmaqdan çəkinirlər. Yəni, buradakı əsas amil qorxudur. İllərlə və nəsillər boyu atalara diktə olunmuş qorxu. Sevginin, dəyər verməyin, etibarın qorxusu... Qızına dəyər verərsə, ona “üz vermiş olacağından” qorxmaq. “Sözünü diktə edə bilməyəcəyi”ndən qorxmaq. “Hörmətdən düşəcəyindən” qorxmaq. “Kontrolundan çıxacağından” qorxmaq. Bir sözlə qorxu mentalitetinin dəyər ünvanında sırıdığı amillər...

Diqqət etmək lazımdır ki, burada əslində “görünməz” olan təkcə ata deyil, qız da “görünməz”dir. Çünki ata ona dəyər vermir, əzizləmir, onunla duyğu və emossiya bağı qurmur. Sanki onu görmür... Qız da özünü görünməz hiss edir.

Belə ataların qızlarının yeniyetməlik və yetkinlik dövründə sosial münasibətlərində ciddi problemlər ola bilər. Ata qızının həyatına girən ilk kişidir. Ata və qız arasındakı ünsiyyət yalnız həmin zaman baxımından deyil, həm də qızın yetkinlik dövründə yaşayacağı problemləri müəyyən etmək baxımından çox əhəmiyyətlidir. Çünki qız övladının ailə haqda düşüncəsi ilk olaraq məhz atasının obrazında formalaşır. Ata qızına sevgi və qayğı göstərdiyi zaman o, özünü daha dəyərli və sevilməyə layiq görəcəkdir. Özünə inamı olan, kobudluğu “güc” saymayan, hər xoş sözə aldanmayan qız tərbiyə etmiş olacaqdır. Ata bilməlidir ki, qızının gələcək əlaqələrinin sağlamlığında, yaxud onun həyat yoldaşı seçimində “kişi” obrazını təmsil edən məhz atadır. Hətta bəzən ətrafındakı bütün dünyanı təmsil edən odur!

Atalar, yanlışın və doğru insanın necə olduğunu səninlə olan əlaqələri və bağlılıqları ilə öyrənəcək, sənin qızın. Vaxtında qızına dəyər ver, qayğı göstər ki, saxta məhəbbətlə, həqiqi sevginin və dəyərin nə olduğunu öyrənmiş olsun. Kiminsə ona qeyri-səmimi iltifatına, cüzi yardımına özünü borclu saymasın...

Onun iqtisadi problemlərini həll edən, məişət ehtiyaclarını təmin edən, amma zorakılıq, kobudluq edən şəxsi “qəhrəmanı” saymasın. Vəhşi xasiyyətli insanları özünə “qala”, “güc” bilməsin...

Unutmayın ki, uşaqlıqda sevgi və şəfqət görməyən qızlar, gələcək həyatlarında öz şəxsiyyətlərini tapa bilməyəcək, sevgi dilənçisi olacaqdır. Bu, çox dağıdıcı nəticələrə gətirib çıxarda bilər. Tez aldanan qız tərbiyə etmiş olacaqsınız...

Utanqac, içinəqapalı, çəkingən, şizoid və yaxud kimsəyə etibar etməyən, paranoid şəxsiyyət çatışmamazlıqları olan bir qız tərbiyə etmiş olacaqsınız...

Yaxud atasından diqqət görmədiyi üçün “diqqət acı” olacaqdır. Başqalarının diqqətini cəlb etmək üçün bayağı gülüşlər, anormal geyimlər, şişirdilmiş makyajlara meyl edəcəkdir. Bir növ histiryonik şəxsiyyət çatışmamazlığı olacaqdır.

Sən qızına dəyər vermirsənsə, mənəvi cəhətdən bir növ təhqir edirsənsə, dəstəkləmirsənsə, onu dinləmirsənsə, ona vaxt ayırmırsansa öz dəyərini tapmayan, özünü sevilməyə layiq bilməyən, insanlara bağlana bilməyən, gücsüz və mənən sınmış, daim qorxu və təşviş içində olan zəif iradəli bir qız tərbiyə etmiş olacaqsan.

Əziz atalar, Peyğəmbərimiz (s) qızı Hz. Fatimə (ə) otağa daxil olduğu zaman onun ayağa qalxardı, onu əzizləyər hörmətlə öz yerində oturdardı. Çünki özünü dəyərli bilən, özünə inamı olan, yaxşı və pisi, saxtalığı və reallığı seçmək qabiliyyətinə malik olan bir xanım qız tərbiyə edirdi.

Allahın rəsulu (s) hər səfərə getdiyində sonuncu olaraq Hz. Fatimə (ə) ilə görüşərdi, hər səfərdən qayırdığında isə ilk olaraq Fatimənin görüşünə gələrdi. Bu atalara ən gözəl bir ibrətdir ki, öz qızlarına dəyər vermiş olsunlar.

Evinizdə tərbiyə etdiyiniz qızın “gələcəyin anası” olduğunu anlayın. “Cənnət anaların ayağı altındadır”-deyə buyurur Həzrət Məhəmməd (s). Allahın elçisi (s) qızı Fatiməyə (ə) “Atasının anası” -deyə müraciət etdiyində, cənnətin məhz ailədə düzgün tərbiyə almış, ataları tərəfindən sevgi və qayğı görmüş, şəfqət və dəyər bəxş edilmiş qız övladlarının ayaqları altında olduğunu təsvir edirdi.

Bəs sən qızın üçün hansı mənəvi cənnəti yaratmısan? Unutma, qızın üçün yaratdığın cənnət, əslində sənin öz behiştindir! Necə ki, Hz. Məhəmməd (s) buyurur: “Qız övladı olan ata, ona gözəl tərbiyə verib, elm öyrədib, Allahın ona verdiyi nemətlərdən onu bolluca bəhrələndirərsə, həmin qız, atasının cəhənnəm atəşinə qarşı qalxanı və sipəri olar.”

 

 

 

 

 

 

 

 

 

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: