• Nov 29 2022 - 09:16
  • 1930
  • Mütaliə zamanı : 8 minute(s)
İslamda ailə təməli və qarşılıqlı hüquqlar

İslamda ailə təməli və qarşılıqlı hüquqlar

Ailə quruluşu, islam dininin nəzərində elə böyük məqama və müqəddəsliyə malikdir ki, başqa heç bir şeylə müqayisə edilə bilməz. Allahın-elçisi (s) hədislərin birində buyurur: "İslamda heç bir bina (quruluş), evlənmək qədər Allah-təala yanında sevimli deyildir."

 

İslamda ailə təməli və qarşılıqlı hüquqlar

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə Fəlsəfə elmləri doktoru,

Ailə müşaviri, Həyat koçu

 

Giriş

 

Ailə quruluşu, islam dininin nəzərində elə böyük məqama və müqəddəsliyə malikdir ki, başqa heç bir şeylə müqayisə edilə bilməz. Allahın-elçisi (s) hədislərin birində buyurur: "İslamda heç bir bina (quruluş), evlənmək qədər Allah-təala yanında sevimli deyildir."[1]

Ailə haqda bundan daha möhtəşəm bir kəlam söyləmək mümkün deyildir. Bu kəlamdan belə başa düşülür ki, ailə quruluşu, islam dinində mövcud olam bütün dəyər verilən təməl quruluşların əsası və köküdür.

İslam dininin ailə həyatına verdiyi dəyər və qiymətin hikməti, onun ərsəyə gəlməsində mühüm rol oynamaqla birgə, dağılmasının da, qarşısını alır.

İslam dini, ailə yaşayışının müqəddəs bir həyat olduğunu bəyan etməklə, qadınların cinsi və qeyri-cinsi istismarı qarşısında möhkəm bir sədd çəkmiş və yeni quldarlıq prinsiplərini aradan qaldırmağa çalışmışdır.

 

1. Mənəvi rahatlıq

Qurani-kərimin açıq-aşkar buyuruğuna əsasən ailə qurmağın ilk hədəfi mənəvi rahatlıq əldə etməkdən ibarətdir: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!"[2]

Qeyd olunan ayə bir neçə ilahi dərslərə malikdir ki, bu da, öz növbəsində ailə quruluşunun müqəddəsliyini və ülviliyini yetirir:

 

A. Nəsillərin davam etməsi

Bu ayədə ilk ilahi dərs, Allahşünaslıq dərsi, həyat yoldaşının yaradılması, ailə qurmağa şəraitin münbit olması və gələcək nəsillərin davamını təmin etməkdən ibarətdir: "Sizin üçün öz cinsinizdən zövcələr xəlq etməsi..."

 

B. Asudə həyatın bünövrəsi

Ayədə ailə həyatını bəyan edən zaman buyurulan ikinci təkallahlıq dərsi, yaranış aləmində ailənin asudəli və rahatlıq bəxş edən bir quruluş olmasıdır: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə..."

Ən əhəmiyyətlisi budur ki, islami rəvayətlərimizdə sırf maddi bir ləzzət olan cinsi əlaqəyə xüsusi müqəddəslik və dəyər verilmişdir.

 

C. Mərhəmət və sevgi ocağı

Ayədə ailə həyatını bəyan edən zaman buyurulan üçüncü təkallahlıq dərsi, müdrik Yaradanın ailəni mərhəmət və sevgi ocağı qərar verməsidir. Peyğəmbər (s) buyurdu: "Aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir.[3]"

 

2. Davranışların tənzimlənməsi

Qurani-kərimin buyuruğuna əsasən, qız və oğlanın evlənməsi, təqva libasına sahib olmaq deməkdir. Çünki bu səmavi kitab, bədənin maddi paltarı və bər-bəzəklərinin kənarında, ruhun ən dəyərli libası və zinəti kimi təqvanı (Allahdan qorxaraq günahlardan uzaqlaşmağı) göstərir. Buyurur: "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas (və ya mal-dövlət) nazil etdik. Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)."[4]

Başqa bir ayə isə qadın və kişinin bir-birinin libası olduğunu açıq-aşkar bəyan edir: "Onlar sizin, siz də onların libasısınız (bir-birinizə həddindən artıq yaxınsınız)."[5]

 

3. İctimai quruluşun tənzimlənməsi

  Ailə qurmaq, təkcə cavan nəslin ruhi təskinliyini təmin edərək, əxlaqi davranışlarının tənzimlənməsinə əsaslı şəkildə xidmət etmir. Doğrusu, insan cəmiyyətinin formalaşmasında da, mühüm rol oynayır. İmam Hadi (ə) buyurur: "Allah-taala evliliyi qəlblərin bir-biriləri ilə ülfət bağlaması və qohumluq əlaqələrinin yaranması üçün qərar verdi. Onun vasitəsi ilə qohumluq əlaqələrini yaratdı və onu məhəbbət və mehribanlıq mayəsi etdi. Bunda insanlar üçün ilahi nişanələri vardır."[6]   

İslamda möhkəm ailə təməllərinin səbəbləri

İslam dininə görə, cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin istiqrarı və möhkəmlənməsinin əsas amillərindən biri də, ailə təməlinin düzgün və möhkəm şəkildə qoyulmasıdır. Bu dəyərli quruluşun sağlam təməllərlə möhkəmlənməsi üçün, ailə bağlarının iki əsas ünsür; "məhəbbət" və "paklıq" üzərində köklənməsi zəruridir. Əsl həqiqətdə ailə bağları, məhəbbət və dostluq olmadan həqiqi mənasını itirmişdir. Necə ki, Həzrət Əli (ə) buyurur: "Hər qohumluğun dostluğa ehtiyacı var. Dostun sənin qardaşındır. Bir halda ki, qardaşın sənin dostun deyildir."[7]

a) Kişi və qadının ən zəruri vəzifələri

1- Bir-birinizə sevginizi aşkar edin

Dinimizin davranış qaydaları haqda olan ən dəyərli tövsiyələrindən biri də, insanların bir-birilərinə qarşı öz məhəbbətlərini izhar etmələri və dilə gətirmələridir. Allahın elçisi (s) buyurur: "Məhəbbətini, sənə qarşı məhəbbət bəsləyən şəxsə, izhar et ki, aranızdakı sevgi daha da möhkəmlənsin."[8]

Başqa bir hədisdə buyurur: "Kişi qadının və qadın kişinin üzünə mehribanlıqla nəzər salsa, Allah-təala onların hər ikisinə mehribanlıq nəzəri salar. Onlar bir-birilərinin əllərini (məhəbbətlə) tutduqları zaman, günahları barmaqlarının arasından süzülüb-tökülər."[9]

2- Bir-birinizə qarşı xoşrəftar və xoşəxlaq olun

Bu, həm kişinin və həm də, qadının üzərinə düşən bir vəzifədir. Anacaq kişi ailənin rəhbərliyini öhdəsinə aldığı üçün, dinimizdə, xoşrəftarlı olmaq daha çox ona tövsiyə edilmişdir. Ənəs ibn Malik rəvayət edir ki; Allahın elçisindən soruşdular: Hansı möminin imanı daha kamildir? Buyurdu: "Ailəsi ilə yaxşı davranan şəxsin."[10]

 

3- Bir-birinizin hüquqlarına ehtiram qoyun

Möhkəm ailə quruluşunun yaranmasına xidmət edən ən əsas amillərdən və ər-arvadın qarşılıqlı vəzifələrindən biri də, bir-birilərinin hüquqlarına riayət etmələridir. Allahın elçisi (s) bu haqda belə buyurur: "Agah olun! Sizin qadınlarınızın boynunda haqqınız var və qadınlarınızın da sizin boynunuzda."[11]

 

   4- Bir-birinizin cinsi istəklərinə cavab verin

Möhkəm ailə quruluşuna sahib olmağın yollarından və əsas amillərindən biri də, ər-arvadın qarşılıqlı olaraq bir-birilərinin cinsi istəklərini təmin etməsidir. Statistiklərin verdiyi məlumatlara görə, bəzi ölkələrdə, evli cütlərin müxtəlif bəhanələr gətirməsinə baxmayaraq, ər-arvadın boşanmaların əlli faizinin əsas və ən ümdə amili, məhz cinsi əlaqələrin qarşılıq görməməsindən qaynaqlanır. Bu hədisə diqqət edin: "Qadın əri qarşısında (yerinə yetirilməsi lazım olan) vəzifəsi olduğu kimi, kişinin də, həyat yoldaşının qarşısında belə vəzifələri var. Yəni; özünü həyat yoldaşı üçün bəzəməlidir. Necə ki, qadın da, özünü onun üçün bəzəyir. Amma günah etməklə deyil."[12]

5- Qarşılıqlı hörmət

Sağlam ailə mühitinin yaranmasında mühüm rol oynayan altıncı amil isə ailə üzvlərinin bir-birilərinə qarşı hörmətlə davranmasıdır. Elə buna görə də, çoxsaylı rəvayətlərimizdə kişiyə öz qadınına hörmət etməsi tövsiyə olunur. "Sizin aranızda ən dəyərli şəxs, ailəsi ilə ən yaxşı rəftar edəndir."[13]

7- Səbir və mülayimlik

Möhkəm ailə təməllərinin və orada sağlam mühiti yaradan səbəblərdən biri də, səbir və mülayim davranışdır.[14] Qadına buyurur: "Ərinin bəd rəftarları qarşısında səbir edən qadına Allah-taala Fironun xanımı Asiyanın savabı qədər savab verər."[15]

Kişiyə buyurur: "Allah-Taala, Tanrıya xatir arvadının pis xasiyyətinə dözən kişiyə, səbir etdiyi hər gecə-gündüzə görə Əyyub(ə) peyğəmbərin bəla qarşısında qazandığı savabı əta edər. Qadının  hər gecə-gündüz günahı, səhradakı qumlar qədər sayılar."[16] Bu yolla da, ailənin dağılmasına mane olur.

8- Güzəşt

Başqalarının səhvlərinə göz yummaq və onların xətalarını bağışlamaq, sakit və asudə həyat sürməyin əsas amillərindən biridir. İmam Əli (ə) bu haqda buyurur: "Kim bəzi işlərdə güzəştə getməsə və göz yummasa, həyatı qaralar (zəhrimar olar)."[17]

 

9- Qənaətcil olmaq və sadə həyat

Uzun-uzadı arzularla, acgözlüklə və israfla yaşamaq, insan həyatını məşəqqətli edir. Amma (imkan olmadığı halda) aza kifayətlənmək (bunu böyük bir müsibətə çevirməmək) və qənaətcil olmaq, həyatın yükünü azaldaraq, onu daha da şirinləşdirir. Hədisdə buyurulur: "Ən xoş həyat tərzi, Allah-təalanın qənaət etməyi əta etdiyi və ləyaqətli qadın bəxş etdiyi şəxsə adiddir."[18]

10-  Razılıq

Razılıq xüsusiyyətilə, həyat ailə üzvlərinə ağır gəlməz və rahat-asudə yaşayışın ləzzətini dada bilər: "Ən səfalı həyat, Allahın qismət etdiyinə razı olub, sevinən şəxsə nəsib olar."[19]

 

Nəticə

 

Ailəni müqəddəs bir həyat və yaşayış saymayan bəzilərinin evlənməkdən əsil hədəfi, cinsi istəklərini təmin etməkdir. Bəzən hətta bundan başqa heç bir məqsədləri belə yoxdur. Amma Qurani-kərim və islami rəvayətlər, ailə qurmaq üçün müxtəlif hikmətlər və ruhi, əxlaqi, ictimai, dini səbəblər ortaya qoymuşdur. Bütün bunlar, həqiqətdə, islam dininin ailə quruluşunun sağlamlığı və onun möhkəmliyi üçün təqdim etdiyi bir sıra köklü, bünövrəli təməl prinsiplərdən ibarətdir.

 



[1] "Mən la yəhzərühül-fəqih", c. 3, səh. 383

[2] Rum\21

[3] Rum\21 

[4] Əraf\ 26

[5] Bəqərə\187

[6] "Əl-Kafi", c. 5, səh. 373

[7] "Mən la yəhzərühül-fəqih", c. 4, səh. səh. 390; "Mətalibüs-səul", səh. 50; "Biharül-ənvar", c. 78, səh. 7

[8] "Dusti dər quran və hədis", səh. 209

[9] "Müsnədi-Zeyd", səh. 302; "Kənzül-ümmal", c. 16, səh. 276 

[10] "Tənbihül-ğafilin", səh. 516; "Kənzül-ümmal", c. 3, səh. 665 

[11] "Sünəni-Tirmizi", c. 3, səh. 467; "Sünəni-ibn Macə", c. 1, səh. 594; "Kənzül-ümmal", c. 5, səh. 116

[12] "Əl-Firdəvs", c. 5, səh. 521

[13] "Tarixi-Dəmeşq", c. 1, səh. 313; "Kənzül-ümmal", c. 16, səh. 37; "Əl-Cəfəriyyat", səh. 157; "Dəaimül-islam", c. 2, səh. 158; "Müstədrəkül-vəsail", c. 1, səh. 412

[14] "Şöbül-iyman", c. 6, səh. 139; "Əl-Əsma vəs-Sifat", c. 1, səh. 396; "Kənzül-ümmal", c. 3, səh. 51  

[15] "Məkarimül-əxlaq", c. 1, səh. 462; "Biharül-ənvar", c. 103, səh. 247 

[16] "Səvabül-əmal", səh. 339; "Elamüd-din", səh. 419; "Biharül-ənvar", c. 76, səh. 367

[17] "Qürərül-hikəm", h. 9149

[18] "Qürərül-hikəm", h. 3295; "Üyunül-hikəm vəl-məvaiz", s. 124 

[19] "Qürərül-hikəm", h. 3397; "Üyunül-hikəm vəl-məvaiz", s. 143

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: