• Mar 17 2023 - 13:42
  • 770
  • Mütaliə zamanı : 5 minute(s)
Allahın adı, Baharın ətri ilə

Allahın adı, Baharın ətri ilə

İnsan həyatı boyu bir sıra dəyərlərə əhəmiyyət verərək, onların mühüm və vazkeçilməz olduğuna inanır. O cümlədən; rəhmli, mərhəmətli olmaq, güzəştə gedib bağışlamaq, ehtiyaclı insanlara əl tutmaq, qohumlarla əlaqə saxlamaq, torpağı və Vətəni sevmək, ümidini itirməmək, birlik və həmrəylik, səbirli olmaq, elm və mənəviyyata üz gətirmək, insanların hüquqlarına hörmətlə yanaşmaq və sair pak dəyərləri saymaq olar

Allahın adı, Baharın ətri ilə

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru

 

İnsan həyatı boyu bir sıra dəyərlərə əhəmiyyət verərək, onların mühüm və vazkeçilməz olduğuna inanır. O cümlədən; rəhmli, mərhəmətli olmaq, güzəştə gedib bağışlamaq, ehtiyaclı insanlara əl tutmaq, qohumlarla əlaqə saxlamaq, torpağı və Vətəni sevmək, ümidini itirməmək, birlik və həmrəylik, səbirli olmaq, elm və mənəviyyata üz gətirmək, insanların hüquqlarına hörmətlə yanaşmaq və sair pak dəyərləri saymaq olar. Bax, elə bu dəyərlərə əsasən də, xalqımız uzun illərin təcrübəsindən kömək alaraq, bir sıra gözəl adət-ənənələri təbiətdəki yeniliklərlə birləşdirmiş və bayram əhval-ruhiyyəsi yaradaraq ona həyat bəxş etmişdir. Əsl bayram da, elə doğruluğun, insanları paklıqla sevindirməyin, təmizkarlığın, qohumlarla əlaqə saxlamağın, küsülülərin barışmağının və sair kimi köklü dəyərlərin icra edildiyi günlərdir. Novruz bayramı da, belə dəyərli günlərdən biridir. Novruz bayramı əslində onu qeyd edən xalqların da dostluq, qardaşlıq və həmrəylik bayramı sayılır. Belə ki, bu bayram Azərbaycan, İran, Pakistan, Özbəkistan, Türlmənistan, Tacikistan, Əfqanıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Dağıstan və sair ölkələrin xalqları tərəfindən qeyd edilir. Bizim xalqımızın da qiymət verdiyi bu bayram dinimiz tərəfindən də təsdiq edilmişdir. Çünki dinimiz daim sözügedən dəyərlərə təkid edib, insanları ona doğru səsləyir.

İslam dini birmənalı olaraq daxil olduğu məntəqələrin sağlam mədəniyyətlərini nəinki inkar etməyib, əksinə, onları daha da zənginləşdirib və ülvi çalarlar qatıb. Həzrət Əli (ə) bu haqda buyurur: “Bir ümmətin başçı və böyüklərinin əməl etdikləri, camaat arasında ülfət və ünsiyyət yaranmasına səbəb olmuş və xalqın işlərini sahmana salmış gözəl adət və qaydanı  pozma. Keçmiş adətlərdən nəyəsə ziyan vuran üsulları icra etmə. Çünki, belə etsən, bil ki, xeyir əldə etməyəcəksən. Savab və mükafat həmin gözəl adət və qaydaların kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır.” (Nəhcül-bəlağə, 53-cü məktub, Hz. Əlinin Malik Əştərə nəsihəti)

Ümumiyyətlər dinimizin başqa mədəniyyətlərlə dialoqu yıxıcı deyil. Əslində, mahiyyətində sevgi və paklıq olan bir dinin digər mədəniyyətlərə qarşı aqressiv olması qeyri-mümkündür. İslam dini müəyyən mədəniyyətlərin insanlığa, mənəviyyata zidd olan bəzi xüsusiyyətlərini, adətlərini təmizləyib. Hazırda mövcud olan radikal fikirlər dinə aid deyil şəxslərin qənaətidir. Bəzən tarixi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoymaq ya dini, ya da ki tarixi dəyərlərimizi düzgün anlamamaqdan irəli gəlir. Bəzi insanlar qədim tarixi kökə malik hər nə varsa, onu inkar etməyə meyillidir. Unudurlar ki, islam dininin müxtəlif millətlər tərəfindən qəbul edilməsinin bur sirri də onun humanist ideyaları, mədəniyyətlər mübadiləsini mənimsəmə qüdrəti və tolarentlığıdır. Dinimiz mədəniyyətləri sıradan çıxarmaq yönümlü deyil, onları zənginləşdirmək hədəflidir. Buna görə də, tam yəqinliklə deyə bilərik ki, Novruz bayramının müsəlmanlar tərəfindən qeyd edilməsi də gözəl adət-ənənələrimizdən biri olaraq dinimizlə ilə heç bir ziddiyyət təşkil etmir.

Novruz sözü fars dilində “yeni gün” deməkdir və təbiətin oyanması, canlanması ilə əlaqədar bir gündür. Xalq bayramıdır, əkinçilərin bayramıdır. Tarix etibarilə Novruz atəşpərəstlik və ya zərdüştilik dinindən daha qədim sayılır. Hansısa bir din və şəriətdən yaranmamışdır.

Maraqlıdır ki, dini mənbələrimizdə Novruzun bəşəri bir bayram olması vurğulanır. Novruz günündə Hz. Cəfər Sadiqin hüzuruna gələn Müəlla ibn Xənisə xitabən buyurur: “Bilirsənmi bu gün nə gündür? And olsun Məkkədəki o qədim evə, bu günün qədim kökü var və mən onu sənə izah edirəm ki, biləsən.... Ey Müəlla! Novruz Allah-taalanın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və vəlilərinə iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz günəşin doğduğu ilk gündür... Elə bir Novruz yoxdur ki, biz onda fərəcin olacağını gözləməyək. Çünki Novruz bizim günlərindəndir.” (Biharul-Ənvar, c. 59, səh. 92)

Əslən Kabuldan olan hənəfi məzhəbinin banisi Əbu Hənifənin babası Nöman ibn Mərziban Həzrət Əliyə (ə) Novruz bayramı günü hədiyyə gətirir. Həzrət soruşur: Bu nədir? Deyir: “Ey Əmir-əl-möminin! Bu gün Novruzdur.” Həzrət buyurur: “Hər günümüzü Novruza çevirin.” (Mən la yəhzuruhul-Fəqih, c. 3, səh. 300, hədis 4073; Rəbiül-əbrar, Zəməxşəri, c. 1, səh. 40; Sünəni-Beyhəqi, Əhməd ibn Hüseyn, c. 9, səh. 392; Sunən əl-Kubra, c. 9, səh. 532; Vəqəyatül-əyan, İbn Xəlkan, c. 5, səh. 405; Tarixi-Bağdad, Xətib Bağdadi, c. 15, səh. 444)

Deməli, Hz. Əli (ə) novruz bayramını inkar etməmiş, onun gözəl adət-ənənələrini nəzərdə alaraq bir növ təsdiqləmişdir. Başqa mənbələrə əsasən görürük ki, ona zərdüştlər də Novruz bayramında hədiyyə gətirirdilər və o, bunu təbii qəbul edir hədiyyələri digər müsəlmanlar arasında bölürdü. Hətta bunun müqabilində, onları cizyə (vergi) verməkdən azad edirdi. Mənbələrdə Hz. Əlinin (ə) ona hədiyyə edilmiş faxir libası Əmr İbn Həriqə dörd min dirhəmə satması da qeyd edilir. (Biharül-ənvar, Əllamə Məclisi, c. 41, səh. 118; Mənaqib, İbn Şəhri Aşub, c. 1, səh. 315)

Hz. Cəfər Sadiqdən (ə) soruşurlar: “Böyük bir əkinçilik sahəsində işləyirik. Novruz bayramında işçilər bü münasibətlə hədiyyə gətirirlər, qəbul edəkmi? Buyurur: Hədiyyə gətirənlər müsəlmandırmı? Cavab verir: Bəli. Həzrət buyurur: “Onların hədiyyələrini qəbul edin və müqabilində hədiyyə verin.” ( Mirütül-üqul, Məclisi, səh 116; Furui-Kafi, Koleyni, c. 5, səh. 141; Təhzibül-əhkam, Tusi, c. 6, səh. 378)

Gördüyünüz kimi Hz. Cəfər Sadiq qeyd olunan rəvayətdə müsəlmanların bu bayramı keçirməsinə belə etiraz etmir. Hətta bunun üçün bir sıra tövsiyələr də verir: “Novruz bayramı yaxınlaşanda bədənini yu, ən təmiz paltarını geyin, ən xoş qoxulu ətirlərlə özünü ətirləndir və həmin gün oruc tut.” (Vəsail, c. 7, səh. 346, hədis 1)

Qeyd edək ki, müsəlman alimləri tarix boyu öz əsərlərində Novruz bayramının müstəhəb əməlləri barədə geniş məlumat vermişlər. (Vəsail, c. 8, səh. 172, 335; Məfatihul-cinan, Şeyx Abbas, səh. 299 və 388)

Bayramınız mübarək olsun!

 

 

 

 

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: