• Dec 13 2022 - 10:18
  • 370
  • Mütaliə zamanı : 9 minute(s)
Behişt ətirli mələk

Behişt ətirli mələk

Hz. Zəhra (ə) cənnət xanımlarının sərvəri olaraq, mənəvi səciyyələri ilə bir müsəlman xanımı timsalında ən gözəl ülgüdür. Çünki o, bir xanımla Allah arasındakı bağlılığın kamil nümunəsidir

 

Behişt ətirli mələk

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Professional ailə müşaviri, Həyat koçu

 

Hz. Zəhra (ə) cənnət xanımlarının sərvəri[1] olaraq, mənəvi səciyyələri ilə bir müsəlman xanımı timsalında ən gözəl ülgüdür. Çünki o, bir xanımla Allah arasındakı bağlılığın kamil nümunəsidir. Təsəvvür edin ki, “Allah-taala bir xanımın qəzəbi ilə qəzəblənir və onun sevincilə şad olur.”[2] Bu ilahi övliyaların, Tanrı dostlarının ucalmaq istədiyi ən ali məqamdır.  Uzun illər sınaqlardan keçib, bu rütbəyə çatmaq üçün çalışan Allah dostlarının hədəfidir. Bir halda ki, o, sırf “peyğəmbər qızı” nəsəbinə malik olduğu üçün deyil, dəyərlər üzərində sadiqliyi ilə qısa bir zamanda belə bir ali mərtəbəni əldə etmişdi.

Əslində, aləmlərin xanımı[3] olan Həzrət Zəhra (s) təkcə qadınlara deyil, insanlığa gözəl nümunədir. Burada çox dərin məqamlardan biri də budur ki, Hz. Mehdi (əc) buyurur: “Allah Peyğəmbərinin (s) qızı mənim üçün gözəl nümunədir.”[4] Məhz bəşəriyyətin xilaskarı olan Hz. Mehdinin (əc) Xanım Fatimədən özünə ülgü götürərək “gözəl nümunə” adlandırması o deməkdir ki, insanlığın xilası, Peyğəmbər qızının həyata keçirdiyi dəyərlərlə sıx bağlıdır.

Ümumiyyətlə, Hz. Peyğəmbərin (s) Fatimə haqda buyurduğu bütün kəlamların zahiri və batini mənalarında, atalıq duyğuları deyil, onun kamillik səciyyələri əsas götürülmüşdür. Məsələn, Umarə İmam Sadiqdən (ə) soruşduqda ki: Fatiməni (Peyğəmbərimiz) nə üçün «Zəhra» (parlaq) adlandırıb? İmam buyurur: “Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.”[5] Bu nur, aydındır ki, maddənin və cismin parlaqlığı deyildir, bu mənəvi kamilliyin nurudur.

Deməli, Allahın Peyğəmbəri (s) “Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.”- deyə[6] buyurduğu zaman da, bu kəlamın məna çalarları sırf atanın qızına olan məhəbbətində məhdudlaşmırdı. Çünki Qurani-Kərimin buyruğuna əsasən, Peyğəmbərin söylədiyi kəlmələrin hər biri ilahi kəlamı sayılır.[7] Necə ki, Allahın elçisi (s) buyurur: “Bununla da, Allah-taala namazı mənim gözlərimin nuru etdi. Yemək acın, su təşnənin məhbubu olduğu kimi, namazı da mənim məhbubum etdi. Fərq yalnız budur ki, ac insan çörək yeyəndə, təşnə də su içəndə sudan doyar, ancaq mən namazdan doymaram.”[8] Bu kəlamlardan aydın olduğu kimi, Həzrət Peyğəmbərin (s) göz nuru və məhbubu olmağın meyarları məhz ilahi dəyərlər üzərində formalaşmışdır.  

Necə ki, buyurur: “Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.”[9] Burada da, Hz. Zəhranı (s) sevənlərin oddan uzaqlaşdırılması, sırf emosional və duyğusal məhəbbət üzərindən deyildir. Hz. Zəhranın mənəvi dəyərləri ilə həyata baxmaq, onun kimi düşünmək, hiss etmək və yaşamaqdır. Necə ki, Hz. Fatimə (s) özü də bu haqda buyurur: “Bizim göstərişlərimizə əməl etsəniz və çəkindirdiyimiz işlərdən uzaq qalsanız, ardıcıllarımızdan sayılacaqsınız. Yoxsa ki, nə faydası.” [10]

Məsələn, Hz. Zəhra (s) bəşəriyyətə örnək olacaq ən ali fədakarlıq nümunəsidir. İftar etmək istədiyi zaman əlindəki yeganə yemək olan və bir az arpadan hazırladığı quymağı üç gün ardıcıl olaraq yoxsul, yetim və əsirə verdi.[11]

Gəlin köçərkən ondan paltar istəyən yoxsul qadına yardımsevərliyi ilə öz gəlinlik paltarını bağışlayan, özü isə bəy evinə köhnə libasla gedən yeganə gəlindir anamız Hz. Fatimə (s).[12]

Hz. Əli (ə) buyurduğu kimi, “bir həyat yoldaşı olaraq Fatimə Allaha bəndəlikdə ən yaxşı köməkçidir.”[13] İstəkləri yersiz, təmənnaları uzun-uzadı deyil. Pak işlərə yönləndirən və gözəl əməllərdə ən yaxşı həmkardır.

Əmirəl-möminin Əlinin (ə) bu kəlamları əsl ailə sevgisinin təsvirini göz önündə canlandırır: “Allaha and olsun! ... Fatimə ilə birlikdə ömür sürdüyümüzdə, heç bir zaman məni əsəbləşdirmədi və mənə itaətsizlik etmədi. Hər zaman onun üzünə baxdığımda bütün qəm-qüssəm aradan gedərdi.”[14]

Hər dəfə dua etdiyi zaman, övladının ondan “ana, nə üçün başqalarını dua edib, sonda özünü dua edirsən?”-deyə soruşduqda, “oğlum, əvvəl qonşu, sonra özün!”-deyə buyurması mənəvi empatiyaya ən kamil nümunə sayılır.

Dünyapərəstliyin deyil, ədalətli olmağın insanlara hüzur və aramlıq bəxş edəcəyini vurğulayırdı Xanım Fatimeyi- Zəhra (ə): “Allah ədaləti qəlblərin rahatlığı üçün vacib buyurmuşdur.”[15]

Xanım Fatimə (s) dünyanın acısına dözməklə, çətinliklərinə səbir göstərməklə axirətin şirinliyinin daha dəyərli olduğunu sübut etdi.[16]

Təvazökarlığın insanı ucaltdığına, onu Allahın sevimlisi etdiyinə təkid edir, bunun üçün də hətta xidmətçisi Fizzə ilə ev işlərini mütərək və ədalərli şəkildə bölmüşdü. Bir gün Fizzə işləyir, bir gün Hz. Fatimə xidmət edirdi.[17]

Yaxınlarına vəfalı və yardımçı olan Aləmlərin xanımı, Hz. Həmzə şəhid olsuqdan sonra günlərlə onun ailəsinə qulluq edib, yeməklərini hazırlardı.[18]

“Dünyanızda ən sevdiyim şey, kimsəsizlərə yardım etməkdir”-deyə buyurardı Zəhra anamız.[19]

Sevgi, fədakarlıq, səbir, təvazökarlıq, anlayış, qayğı və sair kimi pak xüsusiyyətlər insan qəlbinin genişliyindən, dünyaya bağlılığı olmamasından və Allah sevgisinin, razılığının şəxsi mənfəətlərdən üstün olmasının inikasıdır. İnsanların maddi uğurlara daha çox həris olduğu müasir zamanda, bir-biriləri ilə sərvət, şan-şöhrət, gözəllik əldə etmək və şəhvətlərinin təmini üçün sanki yarışması, fədakarlığın dəyər və zərurətini kölgə altında qərarlaşdırır. Fədakarlıq və güzəşt olmadığı zaman insanlar sanki vəhşiləşir, ailələrin dağılması, dostluqların pozulması, istismar və təcavüzlərin çoxalması, doymaq bilməyən eqolar, istəklər, həvəslər yalnız düşmənçilik və kinin dərinləşməsinə xidmət edir.

“Hz. Zəhra ardıcılı” isə bu xislətlərdən uzaqlaşmış şəxsə deyilir. Bir-birilərinə dil yarası vuran, alçaldan, acılayan, böhtan atan, lağa qoyan, qiybətini edən, işlərinə qarışan, eybini araşdıran və yayan şəxslərin Peyğəmbərin behişt ətirli qızı ilə heç bir əlaqəsi yoxdur. Sevgi uyğunluqdur, bağlılıqdır, məmnunluq hissidir, vazkeçilməzlikdir. Bu xüsusiyyətlərə sahib insanın, Hz. Zəhra ilə nə bağı ola bilər? Xanım Fatimə ondan necə məmnun qala bilər? Sırf onun fəzilət və üstünlüklərinə etiqad bəsləməkləmi aramızdakı bağlılığın yaranmasını güman edirik? Günəşin möhtəşəm olduğuna inanıb, buna etiraf edib, amma uzun illər zirzəmidə onun nurundan uzaqda özünü həbs edən insan, onun xeyir və faydalarından məhrum olduğu kimi...

İbadətlərimizləmi? Qıldığımız namazlamı? Xanım Fatimeyi Zəhra (ə) buyurur: “Allah-taala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi.”[20]

Tutduğumuz oruclamı? Bu haqda buyurur: “Allah-taala orucu ixlasın möhkəmliyi üçün vacib etmişdir.[21] Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?”[22]

Əzizlərim, əgər belə düşünürüksə həqiqətən də yanılırıq. Çünki Allahın, Peyğəmbərin, İlahi övliyaların mənəvi ticarəti dünya al-verinə bənzəməz. Bu dünyada zahiri gözəl olan bir şeyi asanlıqla baha qiymətə satmaq olar. Amma mənəvi aləmdəki alıcılar və dəyər meyarları, zahirin deyil ruhun, qəlbin, düşüncənin və əməlin paklığı ilə ölçülür.

Tər-təmiz, ağ və pak bir libas geymiş şəxsi düşünün. Üst-başı palçıq olan digər bir şəxsi təsəvvür edin. Ona yaxınlaşdığı təmiz libasını çirkləndirmiş olacaqdır. Bunu mənəvi olaraq təsvir etsək, pak və uca məqamdakı ruhun, təmizlənməmiş, islah edilməmiş ruhlarla əlaqəsinin mümkünlüyünü düşünün. “Qurani-kərimə yalnız mənəvi cəhətdən paklanmışların toxuna biləcəyini” buyuran ayədən də bir məqsəd elə budur.[23] Müqəddəs kitabımız behiştdə heç bir mənasız və bihudə düşüncələrin, duyğuların və əməllərin olmayacağını[24] buyurduğu zaman da məhz bunu nəzərdə tutur. Elə düşünməyin ki, burada ruhumuzu paklamadığımız zaman sırf Əhli-beytə (ə) etiqadımız, inancımız və sevgimiz olduğu üçün, orada bizi paklaşdıracaqlar. Xeyir, insan bu dünyada paklaşaraq axirətə səfər edir. Sonradan gələn savablar, yaxud şəfaətlər odda yanmaması üçündür, kamilliyə isə bu dünyada çatmaq lazımdır. Oradakı kamilliyin davamı isə buradakı azuqənlə sıx bağlıdır. Belə olan halda, burada ruhunu təmizləməyən şəxsi bihudə sözləri, əməlləri, duyğuları orada da davam etmiş sayılır.

Allah öz sevdiyi bəndələrini aləmlərə nümunə və ülgü olaraq təyin edir ki, onların vasitəsilə bəşər övladı mənəvi - insani dəyərlərin icrasının zərurətini, mümkünlüyünü, gözəlliyini və ləzzətini dərk etmiş olsunlar. Hz. Zəhra (s) daim ac qalmadı, amma empatiyanın, anlayışın, qayğının və xeyirxahlığın mümkünlüyünü, zəruriliyini, ləzzətini və gözəlliyini aləmə sübut etdi. Başa saldı ki, insanlar Allah sevgisi ilə bir-birilərini sevmədikcə xilas ola bilməyəcəklər. İnsanlar həvəslərinə deyil, dəyərlərə bağlı olmadıqca, qəfəsdə çırpınan quşlar kimi nəfsdən azadlığı dərk edə bilməyəcəklər. Necə də, gözəl buyurub İmam Sadiq (ə): “Hz. Zəhranı anlayan, Qədr gecəsini anlamış kimidir.”[25]



[1] Musnəd əhməd ibn Hənbəl, c.3,səh.80

[2] Kənzul-Ummal, hədis 37725

[3] - Biharul-Ənvar, 43, səh. 22

[4] - Biharul-Ənvar, 68, səh. 155

[5] Məani əl-Əxbar, səh.64, hədis 15

[6] Biharul-Ənvar, c.43, səh.23, hədis 17; Əmali-Səduq, səh.394, hədis 18

[7] - Nəcm, 3-4

[8] Məkarimul-Əxlaq, c.2, səh. 366

[9] Əmali-Tusi, səh.300

[10] - Biharül-ənvar, c. 68, səh. 155.

[11] -

[12] - Ehqaqül-həqq, c. 33, səh. 346

[13] - - Biharül-ənvar, c. 43, səh. 117; "Əl-Mənaqib", ibn Şəhri Aşub, c. 3, səh. 356

[14] - "Kəşfül-ğimmə", c. 1, səh. 363; "Biharül-ənvar", 43\134; "Əl-Mənaqib", Xarəzmi,  səh. 353  

[15] İləlül Şəraye, səh.248, hədis 2

[16] - "Məcməül-bəyan", 10\765; "Məkarimül-əxlaq", 1\256; "Təəvilü-ayatüz-zahirə", c. 2, səh. 810; "Şəvahidüt-tənzil", c. 2, səh. 445 

[17] - Biharül-ənvar, c. 53, səh. 28

[18] - Üsuli-kafi, c. 1, səh. 241

[19] - Biharül-ənvar, c. 43, səh. 192

[20] Biharul-Ənvar, c.82, səh. 209, hədis19

[21] Biharul-Ənvar, c.96, səh. 368 , hədis4

[22] Dəaimul-İslam, c.1, səh. 268

[23] - Vaqiə, 79

[24] - Ğaşiyə 11, Vaqiə 25

[25] - Biharül-ənvar, c. 43, səh. 65

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: