• Jan 11 2023 - 12:27
  • 305
  • Mütaliə zamanı : 8 minute(s)
Hinduizmdə Yoqa məktəbi

Hinduizmdə Yoqa məktəbi

Hinduizm köklü Yoqa məktəbinin əsasını məşhur hind filosofu Patancali (Patanjali) qoymuşdur. Bu məktəb, Patancalinin Yoqasutra adlı mənzum əsərindən götürülmüşdür. Yoqasutra kitabı dörd fəsildən ibarətdir:

 

Hinsuizmdə Yoqa məktəbi

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru,

Professional ailə müşaviri, Həyat koçu

 

Hinduizm köklü Yoqa məktəbinin əsasını məşhur hind filosofu Patancali (Patanjali) qoymuşdur. Bu məktəb, Patancalinin Yoqasutra adlı mənzum əsərindən götürülmüşdür. Yoqasutra kitabı dörd fəsildən ibarətdir:

1. Samadhipada: Yoqanın mahiyyəti, hədəfi, formaları, bədənin daxili (çita) inkişafı və tərbiyəsi, Yoqanın müxtəlif yolları haqda məlumat verilir.

2. Sadhanapada:Kriyayoqa, yaxud nəzm-intizam (samadhi)  və zehni yorğunluqlar, nəzimsizliklər (klesas) haqqında bəhs edilir. Əməllərin nəticələri (karmaphala), əzabın, ağrının mahiyyəti, ondan qurtuluş yolları barəsində danışılır.

3. Vibhitipada: Yoqanın daxili cəhətləri, bəxş etdiyi metafizik güclər haqda söhbət açılır.

4. Kayvalyayapada: Azadlığın mahiyyəti və formaları, ali nəfsin (ruhun) həqiqəti, başqa dünya və sair barəsində bəhs olunur.

Hind fəlsəfi məkrəblərinin böyük əksəriyyəti Yoqa fəlsəfəsini insanın ruhi və mənəvi həqiqətlərini tapmaqda əsas amil kimi qəbul edirlər. Yoqa fəlsəfəsinin fikir nişanələri qədim hind ədəbiyyatında, o cümlədn; Upanişadlarda, Smertislər (Smrtis) və Puranalara (Puranas) hakimdir.

 

Yoqa məktəbində Allaha inam

 

 Yoqa məktəbi Sankhiya məktəbi ilə sıx bağlıdır. Belə ki, onu Sankhiya məktəbinin nəzəri düşüncələrinin əməli təlimləri kimi də tanıtmışlar. Əslində Yoqa Sankhiyanın agahlıq təliminin böyük bir hissəsini mənimsəmişdir. O da, Sankhiya kimi agahlıq vasitələrinin idrak, əqli dəlillər və müqəddəs mətnlər olduğuna inanır. Lakin Yoqa Sankhiyanın əksinə olaraq, Allahın varlığını qəbul edir.

Yoqa məktəbi Allahın varlığını həm nəzəri cəhətdən, həm də əməli təlimlərində qəbul edərək, ona uyğun hərəkət edir. Lakin bununla belə, Patancali Yoqa fəlsəfi nəzərlərinin heç birinin həllində və isbatında Allahın varlığına inamın zəruriliyinə bağlı olduğunu söyləmir. O, Allahın varlığının əməli təsirlərini, nəzəri təsirindən daha üstün sayır. Belə ki, Allah qarşısında ixlaslı və müti olmaq, Yoqa təlimlərinin ən lazımlı bölümlərindən birini, zehnin qurtuluşunu, paklığını təşkil edir. Dhyana məqamı, ali səadətə və ləzzətə əl tapmaq məhz Allahın öz xalis bəndəsinə lütfü nəticəsində əldə edilir.

Buna gör də, Yoqa alimləri əməli təlimlərdən əlavə, Allahın varlığını sübut edən dəlillərə də baş vurmuşlar. Onların fikrincə, Allah kamil ruhdur. Bütün ruhların və nəfslərin üzərində hakimdir. Əbədi, əzəli, zamansız, mütləq qüdrət və elm sahibidir. Vücudu hər bir şeyi əhatə etmişdir. Hər bir nöqsandan pakdır. 

 

Yoqa məktəbində Allahın varlığına dəlillər

 

  1. Müqəddəs mətnlərin şahidliyi

Dini mətnlər Allahı "Ali nəfs", "Xalis həqiqət", "Son məqsəd" adlandırır. Deməli, dünyanın sahibi olan Allah mövcuddur.

  1. Qüdrət və agahlıq dərəcələrinin davam qanunu

Hər bir şeyin mərtəbə və dərəcələri vardır. Sözsüz ki, ən ali və ən kiçik dərəcələrə malik olmalıdır. Qüdrət və elmin ən ali və kamil dərəcəsində qərarlaşan varlığın olması ağlın hökmüdür. Həmin varlıq Allahdır.

Həmçinin, elm və qüdrətdə Allahın şəriki ola bilməz. Heç bir şey onun kimi ola bilməz. Çünki, bu bərabər güclərin, allahların iradəsi arasında ixtilaf düşdüyü zaman, hərc-mərclik meydana çıxardı. Bir halda ki, cahanda heç bir hərc-mərclik müşahidə edilmir. Əksinə nəzm-intizam hökm sürür.

  1. Pruşa və Praktini hərəkətə keçirən qüvvə

Sankhiya məktəbində qeyd etdiyimiz kimi varlıq aləmi Pruşa və Praktinin birgə hərəkəti və fəaliyyətindən yaranıb. Amma Pruşa fəaliyyətsiz şüurlu bir varlıqdır. Prakti isə fəaliyyətə istedadı olan şüursuz bir varlıqdır. Belə olduğu halda onları hərəkətə keçirən qüvvə nədir? Yoqa təliminə görə, onları birləşdirən və ayıran üstün qüvvə Allahdır. Dünyada hökm sürən Karma qanunu da Onun hakimiyyəti və iradəsi altındadır.

 

Yoqa fəlsəfəsi

 

Hind fəlsəfəsində Yoqa sağlam və möhkəm zehin bəxş edən təlimdir. Nəfsin (ruhun) və bədənin paklanmasına xidmət edən əməli təlimlərə malikdir. Başqa hind məktəbləri kimi, insanın nəfsin həqiqətinə agah olmaq və pak zehin əldə etməklə arğı-acılardan və əzablardan azad olmasını hədəfləyir. Sankhiya məktəbi kimi Yoqa da, nəfsi zehin (citta), bədən, hisslər və sairdən ayrı bir varlıq sayır. Nəfs (ruh) bunlardan daha üstün və ali məqama malikdir. İnsan ruhunun həqiqətini dərk edib, zehnini, mənəviyyatını və ruhunu inkişaf etdirdiyi zaman ağrı-acılardan qurtulacaqdır. Bir fərqlə ki, Sankhiyada əmələ deyil, agahlığa daha çox dəyər verilir. Amma Yoqada agahlıq və əməl ikisi də böyük əhəmiyyət daşıyır. Əsl həqiqətdə, Yoqada əməl əsasdır.

Yoqaya görə, nəfs (ruh) çitta (bədənin maddi zehini) ilə qovuşduğu üçün beş əsas yanlışa düçar olur:

 1) Səhv agahlıq və cəhalət (avidya).Nəfs Prakritinin ilk yaratdığı məxluq olan maddi zehnin yönləndirməsi ilə, fani və müvəqqəti varlıqları əbədi olduğunu düşünür. Dəyərsiz olanları dəyərli sayır. Ürək başlamaq lazım olmayan varlıqlara sevgi və bağlılıq nümayiş etdirir.

 2) Yanlış idrak (asmita).Nəfs elə bilir ki, zehin və ağılla birdir. Öz həqiqətinin maddi bədən və onunla əlaqədar olan maddi varlıqlarda görür.

 3) Ləzzətə meylli olmaq (raga). Nəfs bədənin maddi ləzzətlərdən həzz almasını həqiqi səadət sayaraq, onlara bağlı olur.

4) Dərd və ağrılara nifrət edərək, qaçmaq (dvesa). Nəfs əzablardan qaçış yollarını yanlış yerlərdə axtarır.

5) Ölümdən qorxur.

  Yoqa məktəbinin əsl hədəfi budur ki, nəfs (ruh) özünü zehinlə bir olduğunu düşünməsin. Onun idrakını mənimsəməsin. Özünün müstəqil və daha ali məqamda və xalis şüur olduğunu anlasın. Bununla da, xalis məqamını dərk edərək, maddi aləmin ləzzət və ağrılarına biganə olsun. Yəni, tam şəkildə zehnin həqiqət ünvanında təqdim etdiklərini kənara qoysun. Ruhun şüuru ilə dərk etsin.

Yoqaya görə, insan zehni beş halda və şəkildə qərarlaşır. Onların yalnız ikisi insana agahlıq tapmaqda ilkin yardım edə bilər:

  1. Ksipta. Zehnin möhkəmlənməmiş, zəif və qərarsız şəkli. Beş hiss orqanına tabe olan, nəticə əldə edə bilməyən, vurnuxan zehin.
  2. Mudha. Cəhalət içində olan, əyilmiş, yolunu azmış, yuxulu zehin.
  3. Viksipta. Fəzilət və pisliklərə agah, amma gicəlmiş və pərişan zehin.
  4. Ekagra. Uzun müddətli olaraq diqqətini toplamış, varlıqların həqiqətini dərk etməyə başlamışdır. Lakin hələ də, maddi aləmin müdaxilələri mövcuddur.
  5. Niruddha. Kontrol edilmiş, maddi bağlılıqdan həqiqətə sarı üz çevirmiş zehin. Artıq zehnin bütün fəaliyyətləri, hətta ekagra belə dayanmışdır. Zehin tam aramlıqda və ruhun kontrolu altındadır.

Məhz zehinin son iki şəkli insana qurtuluş yolunda fəaliyyət və səy etmək üçün münbit şəraitin ilkin mərhələlərini hazırlamağa qadirdir. Çünki zehin ruhun kontrolu altında qərarlaşır, nəinki ruh zehnə tabe olur. Sözsüz ki, bu iki mərhələnin də özünə məxsus keçid mərhələləri vardır. Sonuncu mərhələ isə Asampracnata adlanır. Artıq ruhun kontrolu altında olan zehin heç bir bağlılığa məhkum deyildir. Kamil Yoqa mərhələsinə çatan şəxsin ruhu heç bir şeydən təsirlənmir. Nəfs öz həqiqətinə, xalis şüur və agahlığa geri dönmüşdür. Müstəqil, mücərrəd və mütləq olmuşdur. Bu dərəcəyə çatan şəxs, ağrı-acılardan qurtulmuş və xilas olmuşdur. Əlbəttə, xilas olan ruh əbədi olaraq Karmadan xilas ola bilmir. Xilas olmuş ruhun yenidən nə vaxtsa Karmaya düşməsi ehtimalı vardır.

 

Yoqaya çatmağın səkkiz şərti

 

Yoqa məktəbi zehnin nuraniləşməsi və paklaşması üçün səkkiz əsas təlimi (Yogangas) təqdim edir:

  1. Yama. Pərhizkarlıq və qorumaq. Başqa varlıqlara zərər verməmək, oğurluq etməmək, maddi istəklər və meylləri kontrol altına almaq, sədəqə və yersiz hədiyyələri qəbul etməmək. Çünki pis əməllərə və maddiyata bağlı olan ruh və zehin xilas ola bilməz.
  2. Niyama. Təlim-tərbiyə. Yaxşı əxlaq və davranışlara adət etmək lazımdır. Həmçinin ilk növbədə bədənimizi təmiz və pak saxlamalı, sonra isə zehnimizi, ruhumuzu paklaşdırmalıyıq. Geyimimizə, yediklərimizə, əməllərimizə diqqət etməliyik. Gözəl rəftarlarla zinətlənməliyik. Mehriban olmalıyıq. İnsanların pis davranışlarına qarşılıq verməməliyik. Həyatımıza qane olmalıyıq. Yaşayışın çətinlikləri qarşısında səbirli olmalıyıq. Ağır və məşəqqətli əzablara dözməliyik. Dözülməsi çətin olan istilik və soyuq havalara sinə gəlməliyik. Dini mətləri davamlı olaraq mütaliə etməliyik. Allah haqqında fikirləşməli və onun qarşısında müti olmalıyıq. 
  3. Asana. Bədənimizi gücləndirməli və möhkəmləndirməliyik. Burada müxtəlif idman qaydaları və sair xüsusi təlimlər mövcuddur.
  4. Pranayama. Nəfəs kontrolu. Bu barədə də olduqca xas təlimlər mövcuddur ki, fənn alimləri tərəfindən təlim verilir.
  5. Pratyahara. Hissiyyatı zehnin kontrolu altında saxlamaq. Buraya qədər qeyd olunan beş təlim, Bahiranca sadhana – Yoqanın kənar (ilkin) köməkçiləri adlanır. Növbəti üç təlim isə, Antaranga sadhara – Yoqanın daxili köməkçiləri adlanır.
  6. Dharana. Zehinin diqqətini bir şeyə mərkəzləşdirmək. Bir müddət ondan başqa şeylər haqqında düşünməmək. Bu, zehnin diqqət gücünü artırmaq üçündür.
  7. Dhyana. Meditasiya. Zehnin davamlı olaraq diqqətini yönəltdiyi əşyanın həqiqətini tam dərk etməsi, bir növ onu yaratmasıdır. Onunla bir olmasıdır. Ondan başqa heç bir şeyi görməməsi, duymaması və hiss etməməsidir. Artıq o olmasıdır. Əlbəttə, bunun qarışıq fəlsəfi və ürfanı yönləri vardır. Bəzən Yoqanın bu dərəcəsinə çatan şəxslər qeyri-adi işlər icra edə bilirlər.
  8. Samadhi. Supermeditasiya. Yoqaya görə supermeditasiya paklaşmanın son mərhələsidir. Bu mərhələdə, zehin davamlı olaraq diqqətini yönəltdiyi əşyanın və hətta özünün belə fərqinə varmır. Demək olar ki, burada yalnız fikir mövcuddur, fikirləşən deyil. Çünki fikirləşən, supermeditasiyada tam olaraq fikirlə (diqqətlə) birləşib özünü unudur. Xatırladaq ki, meditasiya mərhələsində, insan müəyyən bir əşyaya diqqətdə qərq olsa da, özünü tam olaraq unutmurdu.[1]

 

 

 

 

 

 

 



[1] Hind fəlsəfi məktəbləri ilə tanışlıq, Satiş Çandra Çatri və Drindra Muhan Data, səh. 545-575

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: