• Jan 11 2023 - 12:13
  • 287
  • Mütaliə zamanı : 14 minute(s)
Könlümüzün solmuş çiçəkləri

Könlümüzün solmuş çiçəkləri

Zorakılıq müxtəlif çalarlara malikdir. Onun yaranması insanın mənəvi dünyasının zəifliyindən, daxili aləminin yoxsulluğundan qaynaqlanır. Zorakılığın təməlində, zahirdə göründüyünün əksinə olaraq güclü olmaq deyil, qorxu dayanır. Təhlükə hiss etdikdə insan zorakı olur. Ona hörmət edilməməsi, itaət olunmaması qorxusunu şəxsiyyətinin sınması ilə eyniləşdirməsi, əzilmə, tərk edilmə və istənməmə təhlükəsinin təsəvvürü onu kobudluğa sövq edir

Könlümüzün solmuş çiçəkləri

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə Fəlsəfə doktoru

Professional Ailə müşaviri, Həyat koçu

 

Zorakılıq müxtəlif çalarlara malikdir. Onun yaranması insanın mənəvi dünyasının zəifliyindən, daxili aləminin yoxsulluğundan qaynaqlanır. Zorakılığın təməlində, zahirdə göründüyünün əksinə olaraq güclü olmaq deyil, qorxu dayanır. Təhlükə hiss etdikdə insan zorakı olur. Ona hörmət edilməməsi, itaət olunmaması qorxusunu şəxsiyyətinin sınması ilə eyniləşdirməsi, əzilmə, tərk edilmə və istənməmə təhlükəsinin təsəvvürü onu kobudluğa sövq edir.

Əslində qışqıran, bağıran, təhqir edən və fiziki şiddət nümayiş etdirən şəxs, doğrusu, istəyinə çatmamasından qorxaraq, nəticə olaraq bunu şəxsiyyətinin əzilməsi kimi qavradığı üçün “öz xəyali şəxsiyyətinə olan nifrətini, öz acizliyinə olan kinini”, öz əvəzində, qarşı tərəfi hədəf seçərək ona yönləndirir. Deməli, üzərimizə hücum çəkən insanların narahatlıqlarının təməlində özlərinə etdiyi nifrət dayanır.

Bunu da qeyd edim ki, başqaları tərəfindən əzilən, təhqir olunma hissini daxilən çox dərində yaşayan bu insanlar öz acizliklərinə olan kinlərini özlərindən fiziki cəhətdən daha zəif olan şəxslərə yönləmdirməklə eqolarını təmin edirlər. Qadına qarşı zorakılıq da elə bu qəbildəndir. Məhəbbət və qayğıdan yoxsul olan insanlar, doğru sevməyi belə bacarmırlar. Şiddətdən mədəd umaraq, özlərini “qəbul etdirməyə” çalışırlar.

Qadın cəmiyyətin ən zərif və qayğı dolu üzvüdür. Qadın ülvi və ali bir varlıqdır. Sözsüz ki, bu incə varlığın qəlbinə sahib olmaq zorakılıqla mümkün deyil. Sevgi, qayğı, mənəvi nəvaziş, diqqət və dəyər verməklə mümkündür. Təsəvvür edin ki, sevdiyiniz bir çiçəyi saxsıda pəncərənizin önünə qoymuşunuz. “Onsuz da sizin olduğu” üçün ona lazımı qayğı göstərmirsiniz. Çiçəyiniz ya solacaq, ya da ki, başqasının qayğısına, himayəsinə möhtac olacaq. Hər iki halda, o, daha sizin çiçəyiniz olmayacaqdır. Əslində zorakılıq edən şəxslər qəlblərində bəsləməli olduqları çiçəyi soldurmuş olurlar. Gec olmadan, zorakılığı bir kənara qoyub, həyatımızı bu incə ruhlu gözəl varlıqların ayaqları altındakı “cənnət”dən məhrum etməyək. Axı “cənnət anaların ayaqları altındadır”. Hər bir qız, qadın gələcəyin anası deyilmi? Yaxşı olardı ki, zorakılığın səbəblərini tanıyaraq, bir daha əməllərimiz haqda dərindən fikirləşək. Elə bu məqsədlə qadına qarşı zorakılığın səbəblərini qısaca sizə təqdim edirik:

 

  1. Ailə tərbiyəsi: Ailə tərbiyəsi dedikdə təkcə valideynlərin övlada sözlü olaraq verdiyi nəsihətlər və öyüdlər nəzərdə tutulmur, onların əməl və rəftarları ilə öyrətdikləri əsas tərbiyə predmetidir. Bu müxtəlif formalarda baş verir.
  1. Ailədə qız övladına və anaya münasibət

Ailədə ata tərəfindən anaya münasibət mənfidirsə, onun hüquqlarının pozulursa, vulqar və ədəbsiz ifadələrlə qarşı tərəfin şəxsiyyətini hədəf alınırsa, etinasızlıq, ələ salma, atmaca ilə qarşı tərəfi alçaldılırsa və nəhayət fiziki kobudluq və şiddətlə təzyiq göstərilirsə, orada böyüyən oğlan övladının gələcəkdə öz ailəsinə və digər qadınlara qarşı münasibəti mənfi yöndə formalaşmış olacaqdır.

Valideynlərin ailədən olmayan qadınlara qarşı baxış tərzi də önəmlidir. Yəni burada ümumiyyətlə qadına olan münasibətdən söhbət gedir. Ailənin qadına baxış aspekti cinsiyyət fərqi əsasında formalaşan yersiz ayrı-seçkiliklər üzərində qurulubsa və birbaşa onun şəxsiyyəti ilə eyniləşdirilibsə, bu artıq gələcəyin zorakı və kobud kişilərinin, ərlərinin, qardaşlarının, oğullarının formalaşması deməkdir. Həmçinin, ona qarşı haqsızlıqla razılaşan, istismara sükut edən qadının, həyat yoldaşının, bacının və qızın tərbiyə edilməsi mənasınadır.

Ailədə qız övladına “ikinci dərəcəli şəxsiyyət” münasibəti önə sürən, cinsi fərqliliyini zəiflik kimi nümayiş etdirən ailələr əvvəlcədən onun şəxsiyyətini iflic etmişdir.  Diqqət etmək lazımdır ki, ailədə oğlan övladına, qız övladının müqabilində, sırf onun cinsiyyət fərqinə əsasən verilən ədalətsiz üstünlüklər, əvvəlcədən gələcəyin anası olacaq qızın əzilmiş və dəyərsizləşmiş psixologiyasını hazırlayır, onu sevgi və yardıma möhtac şəxsə çevirir. Oğlanı isə özbaşına, kobud, istismarçı, başqalarına güvənc hissindən məhrum və lovğa bir şəxsiyyət olaraq tərbiyə edir. Belə münasibət görən qızın stokholm sindromlu, natamam şəxsiyyətli, oğlanın isə sosiapat, narsist şəxsiyyət çatışmamazlığına, ya bunun kimi sair şəxsiyyət nöqsanlarına sahib olacaqları labüddür.

Unutmayın ki, qadını zəriflik, incəlik, gözəllik, iffət, düşüncə və qayğı dolu bir varlıq kimi aşılayan, kişini igidlik, alicənablıq, ədəb, anlayış, diqqət və məsuliyyət sahibi kimi tanıdan ailələr, cəmiyyətə eyni hüquqlu iki şəxsiyyəti təqdim edir.

 

  1. Valideynlərlə övlad arasındakı sevgi bağlarının düzgün formalaşmaması

Ailədə valideynin övladı ilə yaratdığı emosional sevgi bağları böyük əhəmiyyətə malikdir. Övladına qarşı qayğıkeş olan valideynlərin övladları etibarlı bir əlaqə tərzi inkişaf etdirərkən, onun ehtiyaclarını emmosional cəhətdən təmin etməyən valideynlərin uşaqları, gələcəkdə etibarsız bir bağlılıq tərzi nümayiş etdirəcəkdir. Həyatın ilk illərində inkişaf edən bağlılıq əlaqəsi, sonrakı dövrdə yaşanan əlaqələrə də təsir edir. (Bowlby, J. “Bağlanma nəzəriyyəsi”, 2012, Mütərcim: T. Soylu, İstanbul: Pinhan Nəşriyyatı, 1969)

Təhlükəsiz bir bağlanma tərzi görən uşaqlar, yetkinlik dövründə sosial və yaxın münasibətlərdə özünə güvənir və etibarlı bağlanma davranışı göstərir. Güvənsiz bir bağlılıq formasına malik olan uşaqlar isə, özlərini daha az dəyərli hesab etdikləri və başqalarına daha az güvəndikləri üçün özü ilə və şəxslərarası münasibətlərdə çətinliklər yaşayır və gələcəkdə sosial əlaqələrdə uyğunlaşma problemləri göstərirlər. (Collins, N.L. & Read, S.J. (1990). ““Adult Attachment, Working Models and Relationship Quality in Dating Couples”. Journal of Personality And Social Psychology, 58, 644-663)

Burada sevgi amilinə xüsusi diqqət yetirmək lazımdır. Sevginin düzgün ötürülməsi və ifadə edilməsi olduqca əhəmiyyətlidir. Valideyn övladını sevməsini şərtləndirməməlidir. Sən ədəbli olsan səni sevərəm, yaxşı dərs oxusan səni sevərəm və sair kimi sevginin şərtlənməsi yanlışdır. Bu əslində sevgi deyil, ianədir.

Valideyn övladını şərtsiz sevməlidir. Övladın atdığı yanlış addımlar isə sevgisizlik ilə deyil, sevgi ilə ədəbləndirilməli, tərbiyə etməli və lazım gəldikdə uyğun tənbehlər çıxış yolu olaraq ortaya qoyulmalıdır. Amma bu tənbehlər sevgisizlik çalarları daşımamalıdır.

Övlada verilən sevgi səmimi və şəffaf ortaya qoyulmalıdır. Bir sıra sevgilər sədaqətsizlik və eqo doludur. Məsələn ərin həyat yoldaşına “səni sevirəm”-deməsi, amma nədənsə narazı olduğu zaman ona qarşı sözlü, yaxud fiziki zorakılıq göstərməsi sədaqətsizlik və yalan doludur. Sevdiyi şəxsə qarşı aqressiv davranmaq təzaddır. Çünki sevgi olan yerdə aqressiyadan söhbət belə gedə bilməz. Bir şeyi çox istəmək, onu mənimsəmək və əldə edib, mülkiyyətinə keçirmək, onu sevməkdən tam fərqlidir. Bəzi sevgilər qarşı tərəfi “mülkiyyətinə keçirmək” mənalıdır. Əslində şəxs öz eqosunu sevir və qarşı tərəf onun eqosunu təmin etmək üçün lazımdır. Yoxsa insan onun üçün dəyərli olan və sevdiyi şəxsi sındırmaz, təhqir etməz, incitməz, fiziki zorakılıq isə heç etməz. Burada qadın artıq “kişi”yə müstəqil bir şəxsiyyət olaraq, dəyərli və sevimli deyil, əslində “kişi”nin narsist duyğularını təmin etmək üçün bir vasitədir. Bu çox yanlış bir “sevgi” fəlsəfəsidir. Valideynlər həyat yoldaşlarına, övladlarına belə yıxıcı sevgi təqdim etməməlidir.

İnsanlarda aqressiya əsasən öyrənməklə bağlıdır. Uşağa təcavüzün məqbul olduğunu öyrədən hər şey aqressiyanı artıracaq. Həyat yoldaşlarına zorakılıq edən insanları, əslində əziyyətlə seviblər, valideynləri tərəfindən sevilmələri əzab dolu olub. Bir sözlə, “kreditlə seviblər.” Əzib, sındırıb, qorxudub, ağladıb, yaxud döyüb seviblər. Ya da ki, atasının anasını sevdiyini iddia etdiyini görüb, amma eyni zamanda ananın ata tərəfindən təhqir edilib, döyüldüyünün də şahidi olnuşdur. Buna gör də, onların da sevgi anlayışı belə formalaşıb. Bunun üçün də öz həyat yoldaşına, övladına təqdim etdiyi sevgi tikanlıdır, acı və ağrı doludur, yıxıcıdır.

  1. Ailədə ana və qızın özünə münasibəti

Qadınlara qarşı zorakılığın ən əsas amillərindən biri də, onların bunun müqabilində susaraq, boyun əyməsidir. Burada qadınların zorakılıq qarşısında mütiliyinin mentalitet amili dayana bilər. Bəzi cəmiyyətlərdə qadının zorakılıq qarşısında mütiliyi yanlış formalaşmış mentalitetin nəticəsidir. Buna əsasən də, qadınlar hələ uşaqlıqdan bu mütiliyə və kobudluq, şiddət qarşısında susmağı öz qadınlıq vəzifələri kimi qəbul etmişdir.

  1. Psixoloji amillər

Şəxsiyyət nöqsanı: Bu sahədə fərdi amillərdən biri də, şəxsiyyətin nöqsanlı olmasıdır, yəni şəxsiyyət çatışmamazlığıdır. Asılı şəxsiyyət çatışmamazlığı (Dependent Personality Disorder) olan insanlar başqalarına həddindən artıq etibar edir, ondan asılılıq və itaətkar davranış nümayiş etdirirlər. Bu insanlar ifrat dərəcədə müti və asılı olurlar, çünki başqalarının köməyi olmadan heç nə edə bilməyəcəklərinə inanırlar. Özlərinə inamları və dəyərli olmalarına etiqadları demək olar ki yoxdur. Onlar tək qala bilməzlər. Bu insanlar depressiya, alkoqol və ya maddə istifadəsi riski yüksəkdir, çünki asılı olduqları insan həyatlarını tərk etdikdə özlərini tamamilə rədd edilmiş hiss edir və boşluğa düşürlər. Birindən asılı olmağa meylli olduqlarından və asılı olduqları insanla münasibətlərində ən əhəmiyyətli faktor, o insandan ayrılmaması olduğu üçün fiziki, emosional və cinsi istismara məruz qalma riskləri çox yüksəkdir. Asılı olduqları insan tərəfindən tərk edilməmək üçün hər cür ağrıya, zillətə dözürlər. Özünə inamları aşağı olduğundan, qarşıdakına sığınma ilə bunu kompensasiya etməyə çalışırlar. Bütün bunlara görə onlar həyatda hər cür güzəştə gedə bilirlər.

Valideynləri tərəfindən etinasızlığa, səhlənkarlıqğa məruz qalan, yaxud istismar edilən uşaqlarda asılı şəxsiyyət çatışmamazlığının inkişaf etmə ehtimalı daha yüksəkdir. Həddindən artıq qoruyucu və ya avtoritar valideynləri olanlarda da bu risk mövcuddur.

Stokholm sindromu: Stokholm sindromu insanın əsir götürənə qarşı müsbət hisslər yaşamağa başlaması, əsirlərlə keçirdikləri vaxt artdıqca onlara kömək etməyə çalışması, hətta onlarla eyniləşərək onlara hüquqlar verməyə başlamasıdır. Bu vəziyyətə yalnız əsirlik kimi travmatik hadisələrdə deyil, həyatda bir çox münasibətlərdə də rast gəlinir. Bundan əlavə, mütəxəssislər Stokholm sindromunun səbəbi kimi yaşamaq instinktini ortaya qoyurlar.

Buna əsasən bəzi hallarda insanlarda onlara hörmət etməyən, onlarla pis rəftar edən, onlara işgəncə verən, fiziki və ya şifahi zorakılıq tətbiq edən insanlara qarşı müsbət hisslər yarana bilər. Həyatının sanki onu “əsir götürən” şəxsin əlində olduğunu düşünərək əvvəlcə aludəçilik yaradır. Sonra həmin insanın etdiyi kiçik lütflər onun gözündə böyüyür. Sonradan təcavüzkarla münasibətini itirmək istəmədiyi üçün ona qarşı müsbət hisslər yaşamağa başlayır. Əslində, qurbanın təcavüzkarla qurduğu bu münasibət könüllü deyil, tətbiq edilən zorakılığın nəticəsidir. Psixoloqlar bunu travmatik bağlanma prosesi kimi təsvir edirlər.

Zorakılıq edən şəxs  baxımından isə vəziyyət belədir: Qurban itaət etməli və etiraz etməməlidir. Hətta qurbandan hörmət və minnətdarlıq tələb edir. Əslində zorakılıq edən şəxsin məqsədi qurbanı könüllü müti etməklə, vicdanında özünü doğrultmaqdır.

  1. Sosial amillər

Qadına qarşı zorakılıqda cəmiyyətin təziqi önəmli rol oynayam amillərdən biridir. Zorakılığa məruz qalmış qadına susmağı dəyər kimi sırıyan, amma eyni zamanda onun acılarını görməzdən gələn, “travmalı cəmiyyət”dəki qadınlar daha çox basqı altındadırlar. Burada zorakı “kişi”yə haqq qazandırılması, dolayısı yolla onun “eqosunun nəvaziş olunması” və “güc”, “qüdrət” simvolunda “kişiliyi” ilə, cinsiyyət fərqilə eyniləşdirilməsi doğurdan da acınacaqlıdır.

Bundan əlavə, bəzi cəmiyyətlərdə zorakılıq edən həyat yoldaşından boşanan qadınlara mənfi baxışın olması, qadının iqtisadi azadlığının olmaması da zorakılığa rəvac verən amillərdən sayılır.

  1. Yanlış formalaşmış dini inanclar

Bəzi cəmiyyətlərdə qadına qarşı zorakılığa dini motivlərlə haqq qazandırmaq cəhdləri müşahidə edilir. Bir halda ki, ilahi dinlərin təməli sevgi və qayğı üzərində qurulmuşdur. Sözsüz ki, həqiqi mənəvi inanalar insana dəyər bəxş edir. İlahi dinlər heç bir zaman radikallıq, zorakılıq və istismarın təşviqçisi olmamaışdır. Çünki əgər əksi olsaydı, bu, onların “ilahiliyinin” ziddinə olmuş olardı.

İbrahimi dinlərdən olan xristianlığın müqəddəs mənbələrində ər-arvada ikisinə birlikdə müraciət olunaraq bir-birilərinə tabe olmaları əmr edilir: "Məsih qorxusu ilə bir-birinizə tabe olun." (Efeslilərə, 5:21)

Əhdi-cədiddə ərin öz arvadını sevməsi, arvadın da ərini sevməsi, iffətli, pak ailə mühitinə sahib olmaları müqəddəs bir əməldir: "Deməli, ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz." (Efeslilərə, 5:25-33)

Göründüyü kimi, kişilərə xüsusilə əmr edilir ki qadınlarını özlərini sevdikləri kimi sevsinlər: "Bilin ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız, çünki siz Rəbb Məsihə qulluq edirsiniz. Kim haqsızlıq edərsə, işlətdiyi haqsızlığın əvəzini alacaq, çünki Rəbb tərəfkeşlik etməz."( Koloslulara, 3:19, 23-25 ) 

İslam dinində isə bu məsələyə daha ciddi şəkildə nəzər edilmiş və məsələnin qız övladına yanlış və təhqiredici baxışdan qaynaqlandığına diqqət şəkilmişdir: "Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. (Allah bilir!) Görəsən, onu (o körpəni) zillət içində saxlayacaq, yoxsa torpağa göməcək?" (Nəhl, 58-59; "Diri-diri torpağa gömülən körpə qızdan: Axı o hansı günaha görə öldürüldü?"-deyə soruşulacağı zaman: (Allaha nə cavab verəcəksiniz?) Təkvir, 8-9)

Dinimizə görə, qadın və kişi cinsiyyət fərqlərinə baxmayaraq, yaradılışda və şəxsiyyətdə bərabər hüquqa malikdir. Allah-taalanın yanında ən əziz insan isə, kişi ya qadın olmasından asılı olmayaraq çirkinliklərdən uzaq qalan və gözəl əməl sahibi olan bəndələrdir. Necə ki, Allah-təala müqəddəs kitabı olan Qurani-Kərimdə belə buyurmuşdur: Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). (Hucurat, 13) Bununla da, islam dini kişinin qadına olan üstünlüyünü kənara qoymuş sayılır.

Dini mənbələrə əsasən, bir şəxs Həzrət Peyğəmbərdən (s) qadın hüququ haqqında soruşduqda, o həzrət belə buyurdu: “Qardaşım Həzrət Cəbrail (ə) qadın hüququnun qorunması haqda o qədər mənə tapşırdı ki, kişinin ona  sanki “uf” deməsinə belə haqqı olmadığını düşündüm”. (Biharül-ənvar, c. 103, səh. 254, hədis 60)

Belə ki, islami mənbələrə görə, qadınları sevib, dəyər vermək ilahi peyğəmbərlərin əxlaqımdan və iman nişanələrindən sayılır. Həzrət Cəfər Sadiq (ə) buyurur: “İnsanın qəlbində qadının (həyat yoldaşının) məhəbbəti çoxaldıqca, imanı da artar. Qadınlara məhəbbət bəsləmək, onları sevmək peyğəmbərlərin əxlaqıdır”. (Biharül-ənvar, c. 103, səh. 254, hədis 61; Vəsailüş-şiə, c. 20, səh. 22-23)

Nəticə

1958-ci ildə Harlov tələbələri ilə birlikdə meymunlar üzərində bir təcrübə apardı. Yeni dünyaya gələn meymunları analarından ayırıb bir otağa saldıl. Otaqda isti qumaşla örtülü bir “ana meymun”, həmçinin dəmir və narahat çubuqlardan düzəldilmiş amma qucağında süd olan başqa bir “ana meymun” var idi. Harlov meymunların bunlardan hansını seçəcəyini bilmək istəyirdi. Bağlılıqda hansı amilin rol oynadığını öyrənmək niyyətində idi.

Meymunlar dəmir barmaqlığın üstünə çıxıb süd içdikdən sonra tez isti qumaşla örtülmüş yerlərinə qayıdırdılar. Belə ki, onlar yalnız acdıqları zaman dəmir çubuqdan düzəldilmiş “ana meymuna” müraciət edirdilər. Günün tam əksəriyyətini isə yalnız isti qumaşla örtülü olan “ana meymun”un qucağında keçirirdilər. Bu, bağlılıqda təkcə qidalanmanın deyil, həm də rahatlığın vacib olduğunu göstərdi. (Tüzün, O. Sayar, K, 2006. “Qoşma nəzəriyyəsi və psixopatologiyası”, Psixiatriya və Nevroloji Elmlər Jurnalı, 19, 24-39)

Unutmayın, insanlar həyatdan və əlaqələrdən məmnunluq duyğusunu, maddi vəziyyətin yaxşı olması ilə deyil, qayğı və sevginin nəticəsində əldə edirlər. Özlərini nə qədər dəyərli hiss etdikləri onlar üçün əhəmiyyət daşıyır. Bağlılıq da elə buradan yaranır.

Bəylər, xanıma hansısa maddi şəraiti yaratmaqla onun ruhunun sahibinə çevrilmək mümkün deyil. “Mən məişət ehtiyaclarını, gündəlik maddi tələbatını ödəyirəm”-deyə zorakılıq etməyə, şəxsiyyətini alçaltmağa, sevgisizlik göstərməyə kimsənin haqqı yoxdur. Unutmayın, qayğı və sevgi alicənablıqdır, zəiflik deyil. Yumruğunu qadına deyil, öz eqona qaldırdığın zaman, deməli güclüsən!

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: