• Nov 10 2022 - 14:00
  • 314
  • Mütaliə zamanı : 5 minute(s)
Günəşi küsdürənlər

Günəşi küsdürənlər

Deməli, biri var idi, biri yox idi… Yaşıllıqlar içində, arasından göz yaşı kimi dupduru çay axan, gül-çiçək içində, bol barlı bir meşə var idi. Günəş hər gün öz qidalandırıcı şüaları ilə onu bəsləyir, daha da rövnəqləndirirdi

Günəşi küsdürənlər

 

(10 Noyabr Sülh və İnkişaf naminə Ümumdünya Elm Günü münasibətilə)

PhD. Əfzələddin Rəhimli

(İlahiyyat üzrə Fəlsəfə elmləri doktoru)

Deməli, biri var idi, biri yox idi… Yaşıllıqlar içində, arasından göz yaşı kimi dupduru çay axan, gül-çiçək içində, bol barlı bir meşə var idi. Günəş hər gün öz qidalandırıcı şüaları ilə onu bəsləyir, daha da rövnəqləndirirdi. Amma bir gün Günəş meşə əhlinə küsdü. Daha onu işıqlandırmaq istəmədi. Dünyaya vahiməli və soyuq qaranlıq çökdü. Həyatın axarı dayandı, güllər açmır, ağaclar meyvə vermir, qaranlıqda gözəlliklər gözlə görülmür, canlılar zülmətdə bir-birilərini tanımadıqları üçün etibar etməyərək biri digərinə hücum edir, hamı səksəkə, qorxu və təlaş içində qalmışdı. Bir sözlə yaşam inkişafdan dayanmış, ağır bir xaos mühiti hakim olmuşdu. Meşənin sakinləri; heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına elçi göndərməyi qərara aldılar. Onlar ardıcıl olaraq tovuz quşunu, bülbülü, tutuquşunu və sairi elçi yolladılar ki, günəş barışıb yenidən yer üzünə şəfəq saçsın. Günəş onları qəbul etdiyi zaman, dünyaya nə üçün işıq saçmalı olduğunu soruşurdu? Amma gələnlər hər birisi özünü düşünürdü, tovuz quşu gözəlliyinin insanlar tərəfindən fərq edilmədiyini, bülbül nəğmə oxuya bilmədiyini, tutuquşu kimsəni təqlid edə bilmədiyini və digər canlılar mənfəətlərini düşünərək, narahatlıqlarını bildirir, günəşi yenidən parlamaq üçün yola gətirmək istəyirdilər. Amma günəş onların eqoistliyini, xudpəsəndliyini görüb daha da qəzəblənir, öz rəhmət dolu işığını yer üzərinə salmırdı…
Yəqin ki, bu oxşar məzmunlu nağılı hamınız eşitmişiniz. Meşənin bu əhvalatı, yer üzünün insanlarının yaşam hekayəsinə bənzəyir. Meşənin zahiri gözəl, batini isə zülmətdir. Bu zülmət sanki, əxlaqi dəyərlərdən uzaqlığı; eqoizm, xudpəsəndlik, tamahkarlıq, şəhvət, həsəd, xəyanət, təfriqə, istismar, səbirsizlik, kobudluq, zorakılıq, qəzəb və kinin simvoludur. Zahirinin gözəlliyi və naz-nemətləri hazırkı elm və texnologiyanın inkişafıdır. Abadlıq və rifah düşkünlüyüdür. Günəş isə insani dəyərlərin və əxlaqın təmsilidr. Günəşin yoxluğu, əxlaqi dəyərlərdən uzaq elm və texnologiyanın nə qədər mənasız və bəzən təhlükəli olduğunu göstərir. Hekayədə günəş, sevgi təməlli mənəvi dəyərlərdir. Mənfəət güdməyən və qarşılıq gözləməyən ilahi sevgidir. Allah eşqinin təcəllası olan, pak və qüsursuz, göstərişsiz və gözəl sevməkdir. Burada günəş, empatiya, qayğı, mərhəmət, ədalət, güzəşt, insaf, səbir, bağışlamaq, laqeyd olmamaq, yardımlaşmaq, birlik, dəyər vermək, qarşılıqlı hörmət, və pak duyğulardır.

Elm və texnologiyanın inkişafının təməli, əxlaqi dəyərlərin üzərində möhkəmlənmədikcə, bəşəriyyətin bu sahədə əldə etdiyi bacarıqları inkişaf adlandırmaq sadəlövhlük olardı. Elmi tərəqqinin əxlaqi dəyərlərdən yoxsul olan zahiri yüksəlişi, bəşər övladına hüzur və aramlıq bəxş etməyəcəkdir. Tovuz quşu timsalında yalnız özünübəyənmişlik, eqoistlik və göstəriş arxasınca olacaq, bülbül kimi şan-şöhrət və məqamını düşünəcək, yaxud da tutuquşu kimi kimlərisə təqlid etmək üçün can atan, sürətlə don dəyişdirən, gündə bir şeyi dəbə mindirən müasir texnologiyanın sahiblərinin sosial mühəndisliyinin qurbanına çevriləcəkdir. İnsanlar etik dəyərlərdən uzaq olan müasir cəhalətin zülmətində bir-birilərini tanımadıqları üçün etibar etməyəcək, mənfəətinə və çıxarlarına təhlükə kimi görəcəkdir. Bir-birilərinə hücum edib, talançılığa məşğul olacaqdır. Əxlaqi dəyərlər olmadığı zaman, maddiyyat insanın mənliyinə çevriləcək, onun həyat amalı olacaqdır. Şəxsiyyətin maddiyyatla ölçülməsi, təhlükəlidir. Ondan da təhlükəli olan isə şəxsiyyətin birbaşa maddiyyatda xülasələşdirilməsidir.
Elm və texnologiyanın gətirdiyi rəqabət, sağlam rəqabət deyilsə, hər kəs finişə doğru qaçacaq və finala ilk çatmaq istəyəcək. Arxada qalanlar onun üçün nəinki əhəmiyyətli olmayacaq, doğrusu, özü öndə, onlar arxada olduğu üçün sevinəcəkdir. Bu, elm və texnologiyanın bəşəriyyətə xidməti demək deyildir. Əxlaq və mənəviyyat təməlli elm və texnologiya insanlığı bir ailə olaraq görür, öz inkişafını dünya cəmiyyətinə xidmət məqsədli tənzimləyir.  

Lakin, belə təfəkkürə malik olmayan elm və texnologiya, rəqabəti və “ALFA” olmağı hədəfləyir. Bu rəqabət əslində bir növ hücumdur. Kiməsə hücum etmək, əlinə dəyənək alıb qovalamaq deyil, əslində psixoloji və mənəvi təzyiq ən acımasız şiddətdir. Kimisə dəyərli bilməmək, yaxud onun dəyərini geydiyi geyim, aldığı mobil telefon, yaşadığı ev, mindiyi maşın, aylıq gəliri və sairlə ölçmək ən ağır işgəncə deyilmi?
İnsanların hüquqlarına olan hörmətsizlik, təkcə maddi cəhətdən onların sahib olduqlarını mənimsəmək, yaxud haqlarını verməmək deyil, onlara yad münasibət bəsləyərək, istehza ilə yanaşmaq, ucuz saymaq, acılamaq, qeybətini etmək, böhtan atmaq və kənarlaşdırmaqdır. Bəli, məhz kənaqlaşdırmaq… Müasir texnologiyaya malik “sözdə elit təbəqə”-dən deyilsənsə, bizdən deyilsən… Maddi baxımdan ayaqlaşa bilmirsənsə bizdən deyilsən…
Müasir elm və texnologiyanın hegamonları insanları yaratdıqları yeniliklərin gözqamaşdırıcı işıltısı ilə hipnoz edib, əxlaqi dəyərləri gözardına salmaqla öz bazarına rövnəq verirsə, insanlar da cəmiyyətdə “izdiham psixologiyası” ilə şüuraltı olaraq buna xidmət edirsə, təbii ki, sözügedən cəmiyyət səksəkə, qorxu və təlaş içində olacaqdır. Yeniliklərlə ayaqlaşa bilməmək qorxusu, sevilməmək və dəyər görməmək təlaşı, həmçinin, əzilmək və xor görülmə ehtimalının səksəkəsi onların hüzur və aramlığını pozacaqdır.

Bu amilləri, qlobal arenada təsəvvür edək. Dünyada elm və texnologiyanın beynəlxalq sülhə hansı tövhələri vardır? Nə qədər insanlara əmin-amanlıq, dostluq, həmrəylik, hüzur və mənəvi rifah bəxş edib? Hansı münaqişələri həll edib? Bəşər övladının kütləvi qırğın silahlarına, qırıcılara, raketlərə xərclədiyi məbləğləri təsəvvür edin. Dəb, mod adı ilə xərclədiyi zahiri bəzəklərə sərf olunan məbləğləri fikirləşin. Bir də aclıqdan, səfalətdən, xəstəlikdən, müharibələrdən, qaçqınlıqdan, terrordan həyatlarını itirən insanlara xərclənən pulların məbləğinə diqqət edin. Əxlaqi-insani dəyərlərdən uzaq olan müasir elm və texnologiya, haradasa “müasir qırğın silahı” ilə şikəst etdiyi uşağa “müasir protez ayaq” bəxş edir. Bazarladığı “müasir mədəni rəqabət” ilə psixoloji cəhətdən nevroz etdiyi insanlara, “müasir dərmanlar” təklif edir. Bunun kimi neçə neçə misallar vurmaq olar…
Hər-halda, bu gün, Sülh və İnkişaf naminə Ümumdünya Elm Günüdür. Ümidvarıq, bəşər övladı hər nə qədər gec olsa da, elmin əxlaqi və insani dəyərlərlə sülh və əmin-amanlığa xidmət etməli olmasının fərqinə varar.

 

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: