• Feb 27 2023 - 11:00
  • 631
  • Mütaliə zamanı : 22 minute(s)
Həzrət İmam Hüseynin (ə) əxlaqi səciyyələri

Həzrət İmam Hüseynin (ə) əxlaqi səciyyələri

Həzrət İmam Hüseynin (ə) əxlaqi səciyyələri

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Prefessional ailə müşaviri, Həyat  koçu.

 

Bildiyiniz kimi İslam dininə görə İmamət mərtəbəsi olduqca məsuliyyətli və əhəmiyyətli bir vəzifədir. Belə ki, Uca Yaradanın Peyğəmbərimizin (s) vasitəsilə bəşəriyyətə ərməğan etdiyi həqiqi dinin saflığı və təhriflərdən, xurafatlardan qorunub, saxlanması məhz İmamın öhdəsinə düşür.

Peyğəmbərimizin (s) tam hüquqlu canişini sayılan İmam, dinimizdə hələ də xalqa tam, şərhli formada bəlli olmayan mühüm məsələləri, insanlara olduğu kimi, lazımı formada izah verib, açıqlayır.

İmam, həmçinin, dinə qarşı irəli sürülən yanlış iddiaları, dinimizlə fikri mübarizə aparan yadların müxtəlif şübhələrini mükəmməl şəkildə cavablandırır.

İmam Peyğəmbərimizdən (s) sonra müsəlmanların rəhbərliyini öhdəsinə alaraq, ən ali hökmə və həlledici qərarlara sahibdir.

İmam həm də, nümunəvi bəndə, kamil bir insan olaraq ilahi höccəti və Allahın yer üzərindəki ən əzəmətli feyz, mərhəmət vasitəsidir.

Sözsüz ki, belə ağır, ciddi və dəyərli vəzifənin öhdəsindən gələn şəxs olduqca ali mə`nəvi keyfiyyətlərə malik olub, hər bir günahdan, xətadan uzaqdır. Yə`ni məsum insandır. Elə bunun üçün də, bu məqama seçilən şəxslər birbaşa Allah-taala tərəfindən tə`yin olunur.

İmam Hüseyn (ə) də digər imamlar (ə) kimi mə`sumdur. Bundan əlavə o, ilahi kamilliyin tam zirvəsində durur. Deməli biz nə qədər onun gözəl, qiymətli xüsusiyyətlərindən danışsaq, yenə azdır. Bu haqqda onlarla kitab yazılsa belə onun mənəvi üstünlüklərini vəsf edib qurtara bilməz. Elə buna görə də, bu barədə ətraflı bəhs etmir və İmamın (ə) bə`zi əxlaqi keyfiyyətlərinə işarə etməklə kifayətlənirik:

1-İbadəti

﴿وما أمروا إلّا لیعْبدوا اللّه مخْلصین له الدّین حنفاء ویقیموا الصّلاة ویؤْتوا الزّکاة وذلک دین الْقیّمة﴾

“Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”[1]

Tarixçilərin yazdıqlarına və mə`sumlardan bizə gəlib çatmış hədislərə əsasən İmam Hüseyn (ə) Allaha olan ibadətinə ciddi şəkildə əhəmiyyət verir, gün ərzində vaxtının çox hissəsini yüzlərlə rükət namaz qılaraq, ibadətlə keçirirdi.[2] Keçən bəhslərimizdə işarə etdiyimiz kimi O, iyirmi beş dəfə piyada həcc ziyarətinə getmişdi.[3]

İbn Əbdül Birr deyir: «Həzrət Hüseyn (ə) çox fəzilətli və Allahşünas bir şəxs idi. O, çoxlu namaz, oruc və həcc yerinə yetirirdi.»[4]

İmam Hüseynin (ə) şəhadət xəbəri Abdullah ibn Zübeyrə yetişdikdə dedi: «Allaha and olsun elə şəxsi öldürdülər ki, gecələr uzun-uzadı ibadət edir, gündüzlər də oruc tuturdu.»[5]

Zərəndi Hənəfi deyir: «Hüseyn ibn Əli (ə) namaz, oruc, həcc və sonsuz ibadət əhli idi. Səxavətli və kəramətli idi.»

Məhəmməd Əbduh da yazır: «Həzrət Hüseyn ibn Əli (ə) təvazökar və abid bir şəxs idi. Gecələr oyaq qalıb, ibadətlə məşğul olardı...»[6]

 

 

 

 

 

 

2-Güzəşt və mərhəməti

﴿وجزاء سیّئةٍ سیّئةٌ مّثْلها فمنْ عفا وأصْلح فأجْره على اللّه﴾

«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir.»[7]

Mərhəmət və şəfqət imamı olan Həzrət Hüseyn (ə) ən qüdrətli olduğu zamanda belə onu təhqir edən, ədəbsizlik göstərən şəxslərlə təmkinlə davranmışdır, O, nəinki, səbirsizlik göstərərək onları cəzalandırmamış hətta dini nəciblik nümayiş etdirərək öz gözəl əxlaqı, tərbiyəvi nəsihətləri ilə qarşı tərəfi sakitləşdirməyə çalışmışdır. Ona qarşı edilən ədəbsizliyin nə qədər böyük olmasına baxmayaraq, əməlinin qəbahətini anlayan və peşmançılıq hissi keçirən insanları bağışlamış, təqsirinə göz yummuşdur. İmamın (ə) saymaqla qurtarmayan belə alicənab hərəkətlərindən bir neçəsinə işarə edirik:

a) Şam (Dəmeşq) əhli olan İsam ibn Müstələq belə deyir: «Mədinə şəhərinə gəldim. Şəhərdə gəzərkən gözüm Hüseyn ibn Əlinin (ə) vüqarlı, gözəl simasına sataşdı. Onun pak, əzəmətli və möhtəşəm görünüşünə paxıllıq etdim. Elə bu vaxt onsuz da əvvəllər atası Həzrət Əliyə (ə) qarşı olan düşmənçilik hissim indi daha da alovlanmağa başladı. Qəlbimdəki kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim. Əvvəlcə istehza ilə «ey Əbu Turabın oğlu»-deyə, ona müraciət etdim. Sonra isə ona bacardığım qədər söyüş, təhqiramiz kəlmələr yağdırmağa başladım. Amma o, üzünü mənə tutaraq mehribancasına söylədi: «Şam (Dəmeşq) əhlisənmi?»

Dedim: «Hə, nə olub ki?»

Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş şeytanın şərrindən Allaha pənah aparıram. Mehriban və bağışlayan Allahın adı ilə sözümə başlayıram. Necə ki, Allah-taala buyurur: «Bağışla, yaxşı əməllərə doğru sövq et və cahil şəxslərdən üz çevir.» Bu ayə Allahın elçisi Həzrət Məhəmmədin (s) ən gözəl əxlaqı barəsindədir. Qardaşım, mənimlə sakit, aram söhbət et ki, həm öz işini və həm də, mənim işimi çətinləşdirməyəsən. Allaha tövbə et və bağışlanmağını dilə. Əgər məndən kömək istəsən, sənə kömək edərəm. Hər nə lazım olsa, nəyə ehtiyacın varsa sənə verərəm. Həmçinin doğru yola yönəlməyə ehtiyac duysan, səni haqq yoluna irşad edərəm.»

Mən Peyğəmbərin (s) evində tərbiyə almış Hüseynin (ə) səmimiyyət, mərhəmət dolu sözlərinin qarşısında utandım və ona dediyim ləyaqətsiz sözlərə görə xəcalət çəkib, peşman oldum.

İmam Hüseyn (ə) mənim peşman olduğumu duyaraq, Yusif peyğəmbərin (ə) öz günahkar qardaşlarına söylədiyi bu ayəni oxudu: «Bu gün sizə qarşı heç bir danlaq və məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mərhəmətlilərin ən mərhəmətlisidir.»

Allaha and olsun, onun bu mülayim və ədəbli davranışı mənə o qədər təsir etdi ki, utandığımdan öz-özümə dedim: «Kaş yer yarılaydı, yerə girəydim. Amma Hüseynə (ə) belə ədəbsizcəsinə davranmyaydım.»[8]

b) İmam Hüseyn (ə) qonaqları ilə birlikdə yemək yeyirdi. Elə bu vaxt qaynar xörəklə dolu qazanı süfrəyə gətirən qul ehtiyatsız davranaraq, isti xörəyin hamısını İmamın (ə) üstünə dağıtdı. Cəzalandırılacağından qorxan qul üzünü İmama (ə) tutaraq bu ayəni oxudu: «Qəzəblərinə hakim olarlar.»

İmam (ə) xidmətçilərə buyurdu: «Onu buraxın.»

Qul başqa ayəni oxudu: «Camaatın günahlarını bağışlayarlar. »

İmam (ə) buyurdu: «Səni bağışladım.»

Qul yenə bir ayə oxudu: «Allah gözəl əməl sahiblərini sevir.»[9]

İmam (ə) buyurdu: «Səni Allah yolunda azad etdim.» Sonra isə qula cürbə-cür qiymətli hədiyyələr verərək onu azad etdi.»[10]

v) Şəhidlər rəhbəri Hüseyn (ə) buyurur: «Əgər kimsə mənə sağ qulağımın yanında təhqiramiz söz deyə və sol qulağımın kənarına keçib peşman olduğunu söyləyərək üzr istəyə, mən onu bağışlayaram. Çünki, Həzrət Əmirəl-möminin Əli (ə) buyurur: «Allahın Rəsulundan (s) eşitdim: «Üzr istənildikdə qəbul etməyən kəs, Kövsər hovuzuna gələ bilməyəcək. İstər haqlı olsun, istərsə də haqsız.»[11]

3-Səxavəti

﴿والّذین صبرواْ ابْتغاء وجْه ربّهمْ وأقامواْ الصّلوة وأنفقواْ ممّا رزقْناهمْ سرًّا وعلانیةً ویدْرؤون بالْحسنة السّیّئة أوْلئک لهمْ عقْبى الدّار﴾

«Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir və pisliyin qarşısını yaxşılıq etməklə alırlar (gözəl) axirət yurdu məhz onlarındır.»[12]

İmam Hüseyn (ə) böyük kəramət və səxavət sahibi idi. O, maddi imkani az olan şəxslərə, ehtiyaclı insanlara əl tutur və daim onların köməyinə çatırdı. Bəzi nümunələr:

a) İbn Şəhri Aşub özünün «Mənaqib» adlı ktabında Şüeyb ibn Əbdürrəhman Xəzaidən belə nəql edir ki; «İmam Hüseyn (ə) şəhid edildikdən sonra, onun kürəyində qabar bağlamış yaralar göründü. Oradakılar bu yaraların döyüş zərbələrinin əlamətləri olmadığını görüb, İmam Səccadı (ə) yaxına çağırdılar. Ona bunun nə olduğunu soruşdular. Həzrət Səccad (ə) buyurdu: «Atam gecələr (niqabla üzünü örtüb) çörək və yeməklə dolu kisələri kürəyinə atıb, yetimlərin, kimsəsiz insanların yanına aparır onlara paylayırdı. Gördüyünüz yaralar söylədiyim kisələrin izləridir. »[13]

Bəli, elə buna görə də, Həzrət İmam Məhəmməd Baqir (ə), Şəhidlər ağası Hüseyni  (ə) «yetimlərin baharı və sevinci» adlandırmışdır.[14]

b) İbn Əsakir «Tarixi-kəbir» adlı kitabında Əbu Haşim Qənnaddan nəql edir ki; «Bəsrə şəhərindən Həzrət Hüseynə (ə) nəfis hədiyyələrlə dolu karvan gəldi. Bu vaxt İmam (ə) bir ağacın kölgəsində əyləşmişdi. O, bütün hədiyyələri zavallı, yoxsul insanlara paylayıb qurtarmayınca öz yerindən qalxmadı.»

v) «Mədinə müsəlmanlarından bir nəfər Həzrət Hüseynin (ə) hüzuruna gəldi və ona məktub verdi. Məktubda yazılmışdı: «Ey Əba Abdullah (ə)! Beş yüz dinar borcum var. Borclu olduğum şəxslər məni incidir. Onlar səbirsizliklə pulu ödəməyimə israr edirlər. Mənim isə heç nəyim yoxdur. Get, onlarla danış, pul sahiblərini qane et ki, mən pul toplayana qədər gözləsinlər.»

İmam (ə) məktubu oxuduqdan sonra borclu kişini evinə də`vət etdi. Ona min dinar pul verərək belə buyurdu: «Bu pulun beş yüz dinarı ilə borcunu ödə. Yerdə qalan beş yüz dinarla isə öz həyatını yenidən qur ki, heç kimə möhtac olmayasan.»[15]

q) Əmr ibn Dinar rəvayət edir ki, İmam Hüseyn (ə) yataqda xəstə yatan Usamə ibn Zeydin yanına onu yoxlamağa getdi. Xəstənin gözü İmama (ə) sataşdıqda kədərli halda dərindən ah çəkdi. İmam (ə) buyurdu: «Qardaşım, nə üçün qəmlisən?» Usamə ibn Zeyd dedi: «Olduqca böyük məbləğdə, min dinar miqdarında bəzi şəxslərə borcum var.»

Həzrət İmam (ə) buyurdu: «Mən borcunu ödəyərəm.»

Usamə dedi: «Qorxuram ki, borclu halda öləm.»

İmam (ə) buyurdu: «Arxayın ol. Sən nə qədər ki sağsan, mən sənin borcunun hamısını ödəyərəm.»Və belə də etdi.»[16]

q) Yaqut Müstəsəmi, Ənəs ibn Malikdən belə rəvayət edir: «Mən (Ənəs ibn Malik) İmam Hüseynlə (ə) birlikdə söhbət edirdim. Elə bu vaxt kənizi İmamın (ə) yanına gələrək ona bir ədəd qızıl gül bağışladı. İmam (ə) buyurdu: «Allah yolunda səni azad etdim.»

Mən ona dedim: «Bir qızıl gülün nə dəyəri var ki, siz bunun üçün kənizi azad etdiniz?»

İmam (ə) buyurdu: «Allah-taala bizi belə tərbiyə etmişdir: Ənəs ibn Malik«Sizə xeyirxahlıq etdikdə siz də, ondan daha yaxşı xeyirxahlıq və daha üstün hədiyyə edin.»[17]

d) İmam Hüseyn (ə) evində namaz qılırdı. Elə bu vaxt yoxsul bir ərəb onun evinə gələrək, kömək istədi. İmam (ə) namazı qurtarıb Qənbər adlı xidmətçisinə buyurdu: «Hicazdan evimizin ehtiyaclarını ödəmək üçün gələn puldan bir şey qalıbmı?»

Qənbər dedi: «Yalnız dörd min dinar qalıb.»

İmam Hüseyn (ə) buyurdu: «Pulun hamısını buraya gətir. Bu şəxsin pula bizdən daha çox ehtiyacı var.»

Elə bu zaman kasıb ərəb ağlamağa başlayaraq, belə söylədi: «Əfsuslar olsun ki, bu səxavətli əllər sonda torpaqla örtüləcək.»[18]

e) «İmam Hüseyn (ə) küçə ilə gedirdi. Yol kənarında kimsəsiz itə yemək verən, nəvaziş göstərən bir qulu gördü. Ondan nə üçün belə etdiyini soruşdu. Qul dedi: «Mən həm qəzəbli və həm də kədərliyəm. Bu çarəsiz iti sevindirərkən xoşhal oluram. Mənim sahibim yəhudidir. O, məni incidir.»

İmam Hüseyn (ə) yəhudinin yanına getdi və qulun pulunu ödəyib, azad etmək istədi. Yəhudi Həzrət Hüseyni (ə) tanıdı. O, İmamın (ə) hörmətinə qulu pul almadan azad etdi. Belə olduqda İmam (ə) pulu da qula verdi.»[19]

ə) «Əbdürrəhman Səlami, İmam Hüseynin (ə) övladlarından birinə «Həmd» surəsini öyrətdi. Övladının «Həmd» surəsini əzbər oxuduğunu görən İmam (ə), Əbdürrəhmana min dinar pul, bir ovuc dürr hədiyyə verdi. Və buyurdu: «Bütün bunlar sənin işin müqabilində dəyərli deyildir.»[20]

j) Yəhya ibn Salim deyir: «İmamla (ə) birgə evə gəldim. Kənizi ona su verdi. İmam (ə) mehribanlıqla onun üzünə baxıb bir miqdar pul hədiyyə etdi və buyurdu: “Bununla ailənin ehtiyaclarını ödə. »[21]

z) Əbul Müəyyid, Həsən Bəsridən nəql edir ki, İmam Hüseynin (ə) bol bəhrəli bir bağı var idi. Günlərin birində İmam (ə) bağına baş çəkməyə getdikdə «Safi» adlı qulunun orada oturub nahar yediyini gördü. Qul hər dəfə özü üçün çörək kəsib götürdükdə yanındakı kimsəsiz itə də verir, onun da qayğısına qalırdı. Yeməyi qurtardıqda qul dedi: «Bütün aləmlərin ruzisini yetirən Uca Allaha şükürlər olsun! Ey mənim Allahım, ağamı və məni bağışla...»

İmam Hüseyn (ə) yaxına gəlib buyurdu: «Sən azadsan və mən bu bağı da Allah yolunda sənə hədiyyə edirəm.»[22]

 

4- Təvazökarlığı

﴿واخْفضْ جناحک للْمؤْمنین﴾

«Mö’minləri qanadın altına al (iman gətirənlərə qarşı təvazökar olub yumşaq davran və onları himayə et)!»[23]

Diqqət etmək lazımdır ki, İlahi şəxsiyyətlərin ən ali mənəvi xüsusiyyətlərindən biri də, onların təvazökarlığıdır. Deməli İmam Hüseyn (ə) izzət, iftixar və vüqar imamı olduğu kimi, eyni halda təvazökarlıq, ürəyiaçıqlıq və şəfqət imamıdır. O, necə ki, digər üstün mənəvi, ruhani xislətləri ilə məşhurdur, öz təvazökarlığı ilə də həmişə müsəlman aləminin diqqət mərkəzində olmuşdur. O, heç vaxt digər insanlara laqeyd münasibət bəsləməmiş, qullar, yoxsullar və hətta uşaqlarla birlikdə əyləşib onlara qonaq olmuşdur.

Həzrət Hüseyn (ə) nəinki heç vaxt miskin insanlara etinasızlıq, hörmətsizlik etməmiş, həqiqətdə həmişə onlara xüsusi ehtiram və qayğıyla yanaşmışdır. Bununla da o, öz rəftarı ilə bütün bəşər övladına daim təvazökarlıq dərsi vermişdir. Bu barədə bir neçə rəvayət sizə təqdim edirik:

a) «Bir qrup kimsəsiz, yoxsul adamlar bərabər oturaraq əski parçalarının üzərinə tökdükləri quru çörək qırıntılarını yeyirdilər. İmam Hüseyn (ə) onların yanından keçərkən onu da yeməyə dəvət etdilər. İmam (ə) fağırların dəvətini qəbul etdi və onlarla bərabər diz üstə əyləşib çörək qırıntılarından yeməyə başlayaraq buyurdu: «Şübhəsiz ki, Allah-taala təkəbbürlü (loğva) insanları sevmir.»[24] Yeyib qurtardıqdan sonra isə buyurdu: «Sizi evimə dəvət etsəm qəbul edərsinizmi?»

Dedilər: «Bəli.» İmam onları evinə apardı və möhtəşəm qonaqlıq verdi.»[25]

b) Şəhidlərin ağası Hüseyn (ə) bir dəstə yetim, zavallı uşağın yol kənarında yığışaraq quru çörək yediyini gördü. Uşaqlar İmamı (ə) gördükdə onu da birgə yeməyə çağırdılar. İmam (ə) uşaqların dəvətini mehribanlıqla qəbul etdi. Onlara qoşulub çörək yedi. Sonra onları ehtiramla evinə aparıb qonaq etdi. O, uşaqlara geyim və ərzaq da verdi. İmam (ə) buyurdu: «Bu balacalar çox səxavətlidir, çünki onlar əllərində olan yeganə azuqələrini mənimlə palyaşdılar.»[26]

v) Biyabanda yaşayan köçəri bir ərəb İmam Hüseynə (ə) yaxınlaşaraq əsəbi halda dedi: «Sən çox təkəbbürlü görünürsən?»

İmam Hüseyn (ə) gülümsəyərək buyurdu: «Qardaşım, təkəbbür yalnız tək olan Allah-taalaya məxsusdur və Uca Tanrıdan qeyrisinə təkəbbürlü olmaq yaraşmaz. Amma o ki, qaldı mənim rəftarıma, məgər eşitməmisən ki, Allah buyurur: «İzzət Allaha və Peyğəmbərinə və mömünlərə məxsusdur?» (Yəni mən izzət və vüqar sahibiyəm, lakin təkəbbürlü deyiləm.)

 

5-Allah qorxusu

﴿إنّما یخْشى اللّه منْ عباده الْعلماء﴾

«Bəndələri içərisində Allahdan ancaq alimlər qorxar. [27](Onlar elm sahibləri olduqları üçün Allahın vəhdaniyyətini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar)»

Mənəvi üstünlüklərin və İlahi əxlaqın şahı olan İmam Hüseynin (ə) olduqca dəyərli və hamımıza nümünə ola biləcək xüsusiyyətlərindən biri də, ona daim hakim olan Allah qorxusu idi. O, Böyük Yaradana olan sonsuz imanı nəticəsində həmişə Allah qarşısında məsuliyyət hissi daşıyır, Qüdrətli Xaliqi hər şeyə nazir görərək öz bəndəliyinə aciz şəkildə izhar edirdi.

a) İbn Səbbağ Maliki «Fusulül-mühimmə» adlı kitabında rəvayət edir ki, Həzrət Hüseyn (ə) həmişə namaz qılmaq istərkən qorxusundan rəngi saralardı. Bunun səbəbini ondan soruşduqda isə buyurdu: «Heç bilirsinizmi mən kimin qarşısında durub ibadət etmək istəyirəm?»[28]

b) İbn Şəhr Aşub yazır: «İmam Hüseyndən (ə) soruşdular: «Nə üçün Allahdan bu qədər qorxursan?»

İmam (ə) buyurdu: «Yalnız bu dünyada Allahdan qorxan (və əməllərinə diqqət edən) insanlar qiyamət gününün (əzabından) əmin-amanlıqda olacaqlar.»[29]

İmamımızın (ə) Allah-taalaya əsl itaətkar qul olmasını özündə təcəssüm etdirən çox saylı minacatları da mövcuddur.[30]

 

6-Allah eşqi

﴿والّذین آمنواْ أشدّ حبًّا لّلّه﴾

«Allaha iman gətirənlərinOnaolanməhəbbəti dahada şiddətlidir.»[31]

İmam Hüseyn (ə) Allah qarşısında məsuliyyət və qorxu hissi ilə bərabər Tanrıya olan eşqi, sevgisi ilə də məşhur idi. Necə ki, Qurani-Kərim mömünləri vəsf edərək buyurur: “Bizim ayələrimizə iman gətirənlər yalnız o şəxslərdir ki, «... öz Allahını qorxu və məhəbbətlə (ümidlə) səsləyirlər...»[32]

Elə buna görədə İmam Hüseyn (ə) belə buyurur: «İlahi, kor olsun o gözlər ki, səni özünə hakim bilməyə və həmçinin necə də, bədbəxtdir o bəndə ki, sənə eşq məhəbbət bəsləməyə»[33]

İmam Hüseynin (ə) ibadi minacatları, həqiqətdə Allah hüzurunda izhar etdiyi «eşqnamə» ləridir. Məşhur «Ərəfə» duasını oxuyan hər kəs Allah müqabilində aciz və eyni halda aşiq bir qulun öz ağası ilə necə də raz-niyaz etdiyinin şahidi olur.

Bu duada, Allahına, «mən sənə müştaq və sənin aşiqinəm» «sən mənim arzumsan»-deyə, müraciət edən Hüseyn (ə) həmçinin öz «qəlbində Allahdan qeyrisinin eşq-məhəbbəti olmadığına» da təkid edir. O, əsl eşqin, həqiqi məhəbbətin Tanrıya məxsus olduğunu dəfələrlə vurğulayaraq buyurur: «İlahi, səni tanımayan şəxs nəyi tapmış olur, səni tapan insan isə nəyi itirmiş olur? Ey Allah, səndən başqasına razılaşan şəxs, hər bir şeydən məhrumdur!»

Bütün vücudunu Allah eşqi saran Həzrət Hüseyn (ə) sanki hər ləhzə onun varlığını daha da hiss edir və hər an ilahi gözəlliyini yaxından seyr edərək, öz sevgisini izhar edir: «Ey Böyük Allah bütün varlığı sənə bağlı olan bir şey sənin varlığına necə dəlil ola bilər? Sən nə vaxt gizli olmusan ki, insanları sənə doğru hidayət edən bir sübuta ehtiyac duyulsun? Nə vaxt uzaqlaşmısan ki, nişanə və əlamətlərin səni insanlara tanıtdırsın? Məndən ayrılmamısan ki, sənin hüzurunu istəyim? Gizli qalmamısan ki, səni aşkara çıxardım? Kor olsun səni görməyən gözlər! Bir halda ki, sən həqiqətən də, onun yanındasan və ondan muğayatsan!»

Əziz oxucu, bir sözlə doğrudan da, imam Hüseyn (ə) bir «ilahi eşq» məktəbidir.

7-Ədəb və nəzakəti

﴿وقل لّعبادی یقولواْ الّتی هی أحْسن... ﴾

«(Ya Rəsulum!) Bəndələrimə de ki, «ən gözəl sözləri söyləsinlər»...»[34]

Sözsüz ki, Əhli-beyt (ə) öz gözəl xüsusiyyətləri ilə daim ən kamil insan nümunəsi olmuşdur. Həzrət Əbu Abdullah Hüseyn (ə) də alicənablığı, ədəb və nəzakətinə görə İslam dünyasında böyük rəğbətlə mədh edilir. Belə ki, onun hələ uşaqkən özündə əks etdirdiyi bu nəcib xüsusiyyətinə həmişə müsəlmanlar tərəfindən sitayiş edilmişdir. İmamın (ə) bu gözəl, dəyərli xasiyyətinə bir neçə nümunə gətiririk:

a) İmam Hüseyn (ə) hələ kiçik yaşlarında öz qardaşı ilə çay kənarından keçirdi. Onlar səhv şəkildə dəstəmaz alan bir kişi ilə rastlaşdılar. Kişi utandırmamaqla bərabər ona düzgün formada dəstəmaz almadığını anlatmaq məqsədi ilə olduqca nəzakətli bir yol seçdilər. Qardaşlar kişinin yanına gəlib, belə söylədilər: «Əmi, bax gör biz hansımız yanlış formada dəstəmaz alırıq?»

Sonra isə hər ikisi düzgün şəkildə dəstəmaz aldılar.

Uşaqların ağıllı rəftarı nəticəsində səhvini anlayan kişi gülüb dedi: «Siz ikinizdə dəstəmaz əməlini doğru şəkildə əncam verdiniz. Mənim dəstəmaz almağım isə yanlış idi. Amma indi sizin alicənab hərəkətiniz ilə mən düzgün formada dəstəmaz almağı öyrəndim.»[35]

b) «Kasıb bir Mədinəli müsəlman, Osman ibn Əffanın yanına gəlib ondan kömək dilədi. Osman ona beş dirhəm verdi.

Kasıb dedi: «Ən səxavətli şəxsləri mənə göstər.»

Osman, İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah ibn Cəfəri göstərərək dedi: «Bu cavanlara müraciət et.»

Kasıb kişi İmam Həsənin yanına gəlib ona əl tutmasını xahiş etdi. İmam (ə) kişiyə 50 dinar verdi.

Kişi sonra İmam Hüseynə (ə) müraciət etdi Həzrət Hüseyn (ə) də ədəbi riayət edərək özündən böyük qardaşının ehtiramına görə, ona bir dinar az yəni 49 dinar bağışladı.

Abdullah ibn Cəfər də, Həzrət Hüseyni özünə nümunə seçib kasıb kişiyə 48 dinar hədiyyə etdi.

Mədinəli kişi həm onların səxavətinə, həm də ədəb və nəzakətinə heyran qalaraq, əhvalatı Osman ibn Əffana danışıdı.

Osman dedi: «Bəli bunlar kimi alicənab və nəcabətli şəxslər heç yerdə tapılmaz. Çünki elm və anlayışı babalarının (Həzrət Məhəmmədin (s) ) sinəsindən irs apardılar. Və dəyərli hikmətə yetişdilər.»[36]

d) İmam Hüseynin (ə) sədəqə verərkən gizli verməsi, bəzən qapıya gələn dilənçini utandırmamaq üçün gah niqabla, gah da qapı arxasından əta etməsi onun necə də, möhtəşəm ədəb sahibi olmasından xəbər verir.[37]

 



[1]- Bəyyinə surəsi, ayə 5

[2]- «Tarixi-Təbəri», c. 5, səh. 421; İbn Əbu Rabbuh, «Əqdül-fərid», c. 2, səh. 220; Seyyid ibn Tavus, «Lühuf», səh. 105;

[3]- İbn Cövzi, «Sifətüs-səfvə», c. 1, səh. 321; İbn Əsir, «Usdül-ğabə», c. 3, səh. 20; İbn Səd, «Tərcümətül-imamul Hüseyn (ə)», səh. 158.

[4]- İbn Abdullah, «Əl-istiyab», c. 1, səh. 393.

[5]- «Tarixi-Təbəri», c. 6, səh. 273.

[6]- «Əlləmu övladəkum bi məhəbbəti ali Rəsul (s) », səh. 133.

[7]- Şura surəsi, ayə 40.

[8]- «Müntəhəl-ə`mal», səh. 350; «Əxlaq fəlsəfəsi», səh. 25-26; «Məalis-sibteyn», c.1, səh. 60.

[9]- Ali İmran surəsi, ayə 134.

[10]- Nizamulmülk, «Siyasətnamə», səh. 93; Həzrəmi, «Vəsilətül-əmal», səh. 183.

[11]- «İhqaqül-həqq», c. 11, səh. 241; Zərəndi, «Dürərül-müsəttin», səh. 209.

[12]- Rəd surəsi, ayə 22.

[13]- «Mənaqib», c. 4, səh. 70.

[14]- «Biharül-ənvar», c. 44, səh. 69.

[15]- «Tuhəfül-üqul», səh. 308.

[16]- «Təfsiri-Əyyaşi», c. 2, səh. 257.

[17]- «Kəşfül-ğümmə», c. 2, səh. 206; İbn Abbas Maliki, «Fusulül-mühimmə», səh. 159; «İhqaqül-həqq», c. 11, səh. 241.

[18] «Biharül-ənvar», c. 44, səh. 189; İbn Şəhr Aşub, «Mənaqib”, c. 4, səh. 121.

[19] «Mənaqib», c. 4, səh. 75.

[20] «Mənaqib», c. 4, səh. 66; «Biharül-ənvar», c. 44, səh. 191; «Səfinətül-Bəhar», c.1, səh. 609.

[21] İbn Səd, «Tərcümətül-imamil-Hüseyn (ə)», səh. 137-138.

[22] Xarəzmi, «Məqtəl», səh. 153; «İhqaqül həqq», c. 11, səh. 444.

[23]- Hicr surəsi, ayə 88.

[24]- Nəhl surəsi 23-cü ayə.

[25]- «Təfsiri-Əyyaşi», c. 2, səh. 257; «Kitabüt-təvazö vəl-xəmul», səh. 142; Zəməxşəri, «Rəbiül-əbrar», səh. 210.

[26]- «İhqaqül-həqq», c. 11, səh. 430; Xarəzmi, «Məqtəl», səh. 155.

[27]- Fatir surəsi, ayə 28.

[28]- «Fusulül-mühimmə», səh. 183.

[29] «Mənaqib», c. 4, səh. 68.

[30] Şeyx Abbas Qumi, «Məfatihül-cinan», səh. 441; «Musuətü-kələmatil-İmamil-Hüseyn (ə)», səh. 170-171.

[31] Bəqərə surəsi, ayə 165.

[32] Səcdə surəsi, ayə 15-17.

[33] «Ərəfə duası», səh. 6.

[34]- İsra surəsi, ayə 53.

[35]- «Biharül-ənvar» c. 43, səh. 319.

[36]- «Biharül-ənvar», c. 43, səh. 333; «Əl-Ğarat», c. 2, səh. 695; Mamaqanı, «Tənqihül-əmal», c. 2, səh. 695; «İhqaqül-həqq», c. 11, səh. 241.

[37]- «Biharül-ənvar», c. 43, səh. 189.

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: