• Jan 28 2023 - 23:43
  • 507
  • Mütaliə zamanı : 9 minute(s)
Quranın yandırılması, yaxud Gülüş arxasındakı zülmət

Quranın yandırılması, yaxud Gülüş arxasındakı zülmət

Özünü dırnaqarası “hüquqşünas” adlandıran Rasmus avropada irqçi və bir növ nazist kimi tanınır. O, dəfələrlə Qurani-Kərimə hörmətsizlik etmiş, islam dininin qadağan edilməsini və hətta müsəlmanların Danimarkadan qovulmasını təklif etmişdi

Quranın yandırılması, yaxud Gülüş arxasındakı zülmət

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru

Peşəkar ailə müşaviri, Həyat koçu

 

Qurani-Kərim: Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır. (Saff surəsi, 8-ci ayə).

Özünü dırnaqarası “hüquqşünas” adlandıran Rasmus avropada irqçi və bir növ nazist kimi tanınır. O, dəfələrlə Qurani-Kərimə hörmətsizlik etmiş, islam dininin qadağan edilməsini və hətta müsəlmanların Danimarkadan qovulmasını təklif etmişdi. Radikal fikirlərinə və hərəkətlərinə görə hətta Danimarkada məhkəməyə də çıxarılmış və haqqında hökm verilmişdir. Sözügedən ölkədə onun partiyası keçən il cəmi 1.8 səs toplayaraq millət vəkili belə təqdim edə bilməmişdi. 2020-ci ildə Fransaya Qurani-Kərimi yandırmaq niyyətilə gələn Rasmusu Fransa əmniyyət qüvvələri ölkədən qovmuşdu. Belçika isə ümumiyyətlə bu formalı addımlarınna görə onu ölkəyə buraxmamışdı. Amma qəribədir ki, sadəcə keçən il İsveçin fərqli məntəqələrində üç dəfə; Stokholm məscidi önündə, Uppasala məscidi qarşısında, Jönköping məscidinin yanında Qurani-Kərimi yandırmasına ona şərait yaradılmışdır. O, dəfələrlə başqa formalarda da müqəddəs kitabımızı təhqir etmişdir.

Rasmusun bu rəzil hərəkətləri irqi və dini nifrətin yaranmasına, alovlanmasına hədəflənib. Qurani-Kərimin yandırılması təkcə ilahi və mənəvi müqəddəslərə qarşı təhqir deyil, həm də, “müsəlmanlara qarşı aqressiya” mənasınadır. Belə bir çirkin addıma İsveç hökumətinin yol verməsi yol verməsi açıq-aşkar təxribatdır. İsveç hakimiyyətinin Qurana hörmətsizlik aktının həyata keçirilməsinə icazə verməsi, anti-İslam təxribatına rəvac verməsi onun “dəyər standartları”ndakı riyakarlığını göstərir. Onlar bilirlər ki, “düşüncə və bəyan azadlığı” kimisə və nəyisə təhqir etmək deyil, sözün əsl mənasında müşahidə etdiyi yanlışları qərəzsiz olaraq araşdırmaq, ağıl və ədəb sərhədləri çərçivəsində düzəltmək və onun inkişafına zəmin yaratmaq xarakterli olmalıdır. Təhqirlə tənqidin sərhədlərini qarışdırmaq, azadlıq deyil, əsl mənada cahillik və özbaşınalıqdır. Hələ ki, bu 1 milyarddan çox insanın ən ali dəyərinə olan ağır təhqir şəklində baş verdiyi, münaqişələrin yaranmasına rəvac verdiyi təqdirdə buna göz yummaq düşünülmüş bir addım kimi qiymətləndirilmiş olur. Sözsüz ki, onların məqsədi xristianlığı dəyərli bilib, islamı alçaltmaq deyil. Əslində, birbaşa islam və müsəlmanı hədəf göstərməkdir. Müsəlmanların heysiyyət və şərəfinə kölgə salmaqdır. Rasmusun üzündəki gülüş və alçaldıcı təbəssüm də onun bu niyyətindən xəbər verirdi. Dünyaya insan hüquqları, tolerantlıq, sülh “mövizələri oxuyan” İsveçin bu addımı müasir dünyada saxtakarlıq və riyakarlığın, hadisələrə qarşı ikili standartların bariz nümunələrindəndir. Rasmusun Express qəzetinə verdiyi müsahibədə “Xeyir, peşman deyiləm. çünki əhəmiyyətli siyasi səbəblərim var.”-deməsi də, qərbin bəzi qüvvələrinin öz siyasi məqsədləri üçün dini hədəf almalarına bir nümunədir. Belə ki, sadəcə onun bu çirkin addımı üçün təəssüflənməklə deyil, hüquqi müstəvidə iradə nümayiş etdirilməlidir.

Mən burada başqa bir məsələyə də işarə etmək istərdim. Özündənrazı, kibirli və özünü “ağıllı” bilən Rasmusun üzünə yapışıb qalan istehzalı təbəssümünün psixologiyasına toxunmaq istərdim. Yəqin ki, hamınız filmlərdə mənfi rollarda yer alan aktyorların pis əməllərindən sonra qəhqəhə atdığının, güldüyünün, istehza etdiyinin şahidi olmuşunuz... Ola bilər ki, çoxlarına hər kəsin narahat olduğu, iyrəndiyi əməlləri törədən şəxslərin nə üçün belə anormal şəkildə ürəkdən sevinməsi qəribə gələ bilər. Elə yanvarın 21-də Danimarkanın “Hard Deal” - "Sərt Kurs" sağçı partiyasının lideri Rasmus Paludanın Stokholmdakı Türkiyə səfirliyi qarşısında açıq şəkildə müqəddəs kitabımız Qurani-Kərimi yandırdığı zaman ədəbsizcə güldüyü kimi...

Rasmusun atdığı addımın nə qədər çirkin, ürək bulandırıcı və yolverilməz olduğu gün kimi aydındır. Yaxşı bəs nə üçün gülür, niyə sevinir ki? Gəlin birlikdə “gülən kobudluq və qəddarlığın psixologiyası”nı araşdıraq:

  1. ) Rasmusun üzündəki gülüş cəhalətin ona verdiyi nifrət gülüşüdür.

Təhqir psixologiyası məqaləmizdə qeyd etdiyimiz kimi təhqir əməlinin kökündə ilk öncə cəhalət dayanır. İnsan bilmədiyi, düşünəmədiyi hər şeyin düşmənidir. Anlamadığı üçün əsəbidir, davamlı mübarizədədir. Barəsində məlumatsız olduğu hər şeyi özünə təhlükə sayar, nifrət  nümayiş etdirər, sözlə, əməllə, karikatura ilə təhqir edər. Burada Həzrət Əlinin (ə) kəlamını xatırlamaq yerinə düşərdi: “İnsanlar bilmədiyi, anlamadığı hər bir şeyin düşmənidir.” (Nəhcüs-səadə, c. 1, səh. 198; Nəhcül-bəlağə, məktub 31)

 

  1. Rasmus acizliyini təbəssümlə gizlədir.

Mərhəmət və alicənablıq dini olan İslam dini ilə mübarizə aparmağın çətin olmasını anlayan Rasmus, təhqir və zorakılıqdan mədəd umur. Bununla da, dolayısı yolla onun acizliyinin hay-küyünün ifadəsidir. Çünki, normal insan məsələləri ağıl, məntiq və biliyə əsaslanmış dialoq ilə həll edir, lakin düşüncəsini əsaslandırmaqda zəif olan bu şəxs, çarəni təhqir və şiddətdə görür.

 

  1. Rasmus daxildə ağır və dərin formalı təhqirolunmuşluq hissi yaşayır, bunu ört-basdır etmək üçün gülməyə çalışır.

O, bir narsist və sosiopat xarakterli insandır. Bir növ zorakı sadistdir. Başqalarını xor görməyə meyillidir. Bu, onun kibir və eqoistliyindən meydana gəlir. O, cəmiyyətin sadist supereqosudur. Bu növ şəxsiyyət çatışmzalığı, sadist və kompulsiv şəxsiyyətlərin birləşməsindən ibarətdir. Onlar digər insanları alçaltmağa həvəslidirlər, amma bunun “qanun çərçivəsi”ndə edirlər. Bu onu daha sərhədsiz zorakılıq etməyə həvəsləndirir. Qarşı tərəfin onun fikirlərinə müti olmadığını, yaxud onunla eyni təfəkkürdə olmadığını, eyni həyat tərzini yaşamadığını görüb qəzəbini qarşı tərəfi alçaltmaq və ona hücum etməklə ifadə edir. Səbəb isə bütün narsist və sadistlərdə olduğu kimi birdir: O, düşüncələrinin başqaları tərəfindən məqbul sayılmadığını müşahidə etdiyi üçün, özünü təhqir olunmuş sayır. Bunu travmalı şəxsiyyətinə hücum kimi qiymətləndirir. Məhz həmin səbəbdəndir ki, islam dininə qarşı kobud, qəddarlıq nümayiş etdirir və aqressiya dolu addımlar atır. Bu zaman təhqirolunmuşluq hissini gülüşlə gizlətməyə səy göstərir.

 

  1. Rasmusun özünüqiymətləndirməsi aşağıdır, gülümsəməsi ilə yalançı özünəinam ifadəsini aşılamaq istəyir.

Rasmus gülümsəməsi ilə islam və müsəlmanları alçaldıb özünü yüksəltməyi nəzərdə tutub. Bu yolla, özünü təsdiqləməyə çalışır. O, daxilən bir boşluğa düşüb, şəxsiyyət boşluğuna. Əzilmişliyin və natamamlıq hissinin ona verdiyi narahatlıq hissi, onu kimisə xor görməyə, təhqir etməyə, zorakılıq göstərməyə sövq edir. Sanki özünə belə təsəlli verir: “Natamam və naqis olan təkcə mən deyiləm. Bax müsəlmanlar da belədir. Yalnız mən təhqir olunmağa layiq deyiləm, bax onlar da buna layiqdir.” Bu yolla özünə ürək-dirək verir. O, islamı və müsəlmanları təhqir edərək öz daxilində özünə “dəyər, şəxsiyyət qazandırmağa” səy edir.

Bununla yanaşı, Avropa cəmiyyətində özünün üstün olduğunu isbatlamağa çalışır. Rasmus kimiləri Avropa cəmiyyətində diqqət cəlb edəcək şəkildə nüfuza sahib olmayan insanlardır. Cəmiyyətdə xüsusi hörmətə malik olmayan belə şəxslər, bir sıra fikir və addımlarla özlərini gündəmdə saxlamağa çalışırlar.

Rasmus, əslində özünə nifrət edir. Təəccüblənməyin, islama qarşı bu nifrət hissi ki, daxilən şüuraltındakı özünə nifrətdən doğur. Bununla da, o, bir hədəf seçir və ona hücum çəkərək sanki öz acizliyini daş-qalaq etməyə çalışır. O, daha qoğrusu müqəddəs kitabımızı deyil, “öz nifrət etdiyi şəxsiyyətini” yandırır.

  1. Rasmusun gülüşünü “vampir sevinci” adlandırmaq da mümkündür.

O, bəlkə də, vampir xüsusiyyətli insan olduğu üçün, başqalarının incikliyində öz “xoşbəxtliyini” axtarır. Məhz buna görə gülür. Əgər belədirsə, onun üçün islamı dərindən araşdırmaq, tanımaq və haqqda məlumat toplamaq vacib deyil, o sadəcə olaraq digərlərini alçaltmağa və lağa qoymağa meyillidir. Çünki bununla özünü daha yaxşı hiss edir. Bir sözlə, belə insanları bəsləyən başqalarının ovqatını təlx etmək və digər insanların bədbəxtlikləri ilə özünü xoşbəxt hiss etməkdir. Başqalarının uğursuzluqlarına sevinmək, onların başlarına gələn acı hadisələrə şadlanmaq, insanların ağrıları ilə özlərini uğurlu hiss etməyə, “vampir sevinci” deyilir.

  1. Rasmus əslində qorxaq insandır və qorxusunu gülüşlə gizlədir.

O, qorxaq olduğu üçün hazırda islamafobiyanın dəstəkləndiyi məkanlarda məhz islamı hədəf seçmişdir. Çünki fiziki və ya emosional cəhətdən müsəlmanları təzyiq altında olduğunu bildiyi üçün məhz bu addımı atmışdır. Bunu edərkən Türkiyə səfirliyinin qarşısını məkan olaraq seçməsi də birmənalı qarşılana bilməz. O, İsveç dövləti tərəfindən cəzalandırılmayacağını düşündüyü üçün, özünün qeyri-kafilik hisslərinin açılmayacağına və daha güclü hiss etdiyinə əmin olduğu səbəbilə bu addımı atmışdır. Maraqlıdır ki, bu vəziyyəti kənardan izləyən bir qrup insan olduqda və qorxaq şəxs “qurbanı” müdafiə edənin olmadığı zaman, zorakılığını ən yüksək səviyyələrə çatdıra bilir.

  1. Rasmus hiyləgər təbəssümü edir.

Rasmus hiyləgərliklə rəqib gördüyü, böhtanlar və şayiələr önə sürdüyü İslam dinini təhqir edir ki, müsəlmanlar emosiyalarını cilovlaya bilməsin və ona eynilə cavab versin, yaxud fiziki şiddət nümayiş etdirsin. Bir sözlə, qarşı tərəfi təhrik edir ki, çılğınca, radikalca hərəkət etsin və bu yolla onun da əlinə bəhanə düşsün. Beynəlxalq arenaya müsəlmanların necə aqressiya dolu bir şəxsiyyətə malik olduğunu sübut etmiş olsun. Elə bu çirkin addımından sonra Expresse qəzetinə verdiyi müsahibədə: “Mənə çox ciddi təhdidlər göndərilir. Hər beş dəqiqədə bir məni ölümlə təhdid edirlər.”-deyə söyləməsi də, bu məqsədə yönəlmiş bir ifadə tərzidir.

Bu əslində bumeranq hiyləsidir. Aqressiyaya səbəbkar Rasmusdur, amma qarşı tərəfin reaksiyası həmişə daha qabarıq şəkildə cilvələnir. Bu onun manipulyasiyasıdır. Burada onun təbəssümü qıcıqlandırıcı xarakter və təhrik hədəfi daşıyır. Belə zamanlarda diqqətli olmaq lazımdır. Şeytanla şeytanlıq etmək, onun kimi olmaq, ona bənzəmək deməkdir. Onun istəyi də budur.  Sən təhrik olsan, öz hisslərini idarə etməyi itirsən, onu hədəfinə çatdırmış olacaqsan.

Sonda bunu qeyd etmək istərdim ki, belə qərəzli şəxslərə qarşı, soyuqqanlı şəkildə, müvazinəti itirmədən, onun tələsinə düşmədən, amma tam qətiyyətlə cavab vermək lazımdır. Vüqarımızı qorumaq və eyni zamanda aktiv, əsaslı, təsirli və düzgün şəkildə cavab vermək lazımdır.

 

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: