İslam baxışında ailə təməllərini sarsıdan amillər (2)
İslam baxışında ailə təməllərini sarsıdan amillər (2)
Əri incitmək də, qadına əziyyət vermək kimi ailənin dağılmasına səbəb olar. Çünki qadın kişini incitdikdə, kişi də, öz növbəsində qarşılıqlı şəkildə ona əziyyət verməyə şalışır
İslam baxışında ailə təməllərini sarsıdan amillər (2)
PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə Fəlsəfə elmləri doktoru,
Ailə müşaviri, Həyat koçu
c) Qadının yaratdığı problemlər
1- Əri incitmək
Əri incitmək də, qadına əziyyət vermək kimi ailənin dağılmasına səbəb olar. Çünki qadın kişini incitdikdə, kişi də, öz növbəsində qarşılıqlı şəkildə ona əziyyət verməyə şalışır. Bununla da, ailə həyatı sanki bir mərəkəyə, çaxnaşmaya çevirilir. Get-gedə bu hər ikisi üçün daha da dözülməz hal alır. Belə ailələrdə məhəbbət və itaətkarlıq, öz yerini itaətsizliyə və nifrətə verir. Ailə həyatı tam başqa bir acınacaqlı şəkil alır. Hətta ər qadının hərəkətlərinə dözsə və qarşılıq verməsə belə, ona qarşı məhəbbəti azalır və sevgi dolu həyat, nifrət dolu birgə yaşayışa çevrilir. Bu qeyri-təbi hal, hər iki tərəfin əsəblərinin nə qədər davam gətirəcəyinə bağlıdır. İmam Sadiq (ə) incə təbirlə, ərini incidən qadının həyatı zəhrimara çevirdiyini belə anladır: "Qadın ərini incitdikdə, ərinin behiştdəki gələcək həyat yoldaşları olan hurilər belə deyərlər: Allah səni öldürsün! Onu incitmə. O, sənin qonağındır və tezliklə səni tərk edib, bizim yanımıza gələcəklər."[1]
Diqqət etmək lazımdır ki, əri əsbləşdirmək, özü də ona əziyyət verməyin bir növüdür. Elə bu səbəbdən də, qadın hansı rəftarların ərini əsəbləşdirdiyini bilməsə, sonra özü də istəmədən onu təkrarlasa və ya qəsdən belə etsə, sağlam ailə həyatını şübhə altına almışdır.
2- Naşükürlük
Qadının kişinin məhəbbətinə ehtiyacı olduğu kimi, kişinin də, qadının təşəkkürünə və qədirdanlığına ehtiyacı vardır. Buna görə də, kişinin bu ruhi istəyi təmin olmadıqda və ya qadın əksinə naşükürlük etdikdə, ərin həyat yoldaşına olan əlaqəsi azalar. Getdikcə bu qarşılıqlı əksüləməllər daxili narazılıqlara yol açaraq alənin bünövrəsini zəiflədir. Bunun üçün də, islami rəvayətlər qadınlara öz ərlərinin qayğı və məhəbbəti müqabilində naşükürlük etməməyi tövsiyə etmişdir. Gəlin birlikdə bu rəvayətlərə diqqət yetirək:
Allahın rəsulu (s) buyurur: "Allah-təala ərinə ehtiyaclı olduğu halda, ona təşəkkür etməyən qadına baxmaz."[2]
İmam Sadiq (ə) buyurur: "Ərinә "mәn sәndәn hеç vахt хеyir görmәmişәm"-deyən qаdın bütün yахşı әmәllәrinin savabı hədər olar."[3]
3- Yersiz təmənnalar
Kişi ailə qurmaq, inkişaf etdirmək və saxlamaq üçün özünün və ailəsinin əsas ehtiyaclarını təmin etmək yolunda çalışır. Bu sağlam və təbii bir ailənin xüsusiyyətidir və kişi narkomaniyaya, əxlaqi-ictimai çatışmamazlıqlara düçar olmadığı müddətdə ailəsi üçün beləcə çalışır. Bu sanki kişinin ilahi vəzifəsidir və qadına minnət qoymağa heç bir haqqı yoxdur. Amma problemin mənşəyi, kişinin bəzən mali problemlərlə üzləşdikdə qadının istəklərini təmin etməkdə çətinlik çəkməsindən və ya qadının lazım olan miqdardan daha artıq tələb etməsindən qaynaqlanır. Bu iki halda, qadın öz istəklərini cilovlamasa, onları təmin etmək üçün ərinə təzyiq etsə, Allah-təalanı qəzəbləndirməkdən əlavə ərinin narahatlığını da qazanmış olur.
Belə vəziyyətdə kişi, qadının danlaqları müqabilində oğurluğa, bac almağa, haram qazanclara üz gətirir və ya evdən uzaqlaşmağa, narkomaniyaya doğru meyillənir. Ən ağır halda isə həyat yoldaşından ayrılaraq, ailəni dağıtmağa qərar verir. Bütün bu vəziyyətlərdə kişi ailədə öz ruhi sakitliyini əldən verir, baxışları depressiyaya uğrayır və daim əsəbi olur. Bununla da evliliyin ən əsas hədəfi (ailə dincliyi) zərbə alır. Bu üzdən, islami rəvayətlər, ərini qüdrəti çatmayan işlərə məcbur edən qadını şiddətlə tənqid edir:
"Allah-təala ailə xərclərində ərinə çətinlik yaradan və onu qüdrəti çatmayan işlərə məcbur edən qadının tövbəsini, sədəqəsini qəbul etməz. Yalnız tövbə edib, doğru yola dönsə və ərinin gücü çatdığı miqdarda ondan (xərclik) tələb etsə, bağışlanar."[4]
4- Minnnət qoymaq
Ərinə sərvət və ailə nüfuzu ilə üstün olan qadın, diqqət etməlidir ki, bunları onun üzünə vurmaq, minnət qoymaq, şirin ailə həyatının bəlası və afəti sayılır. Bəzən isə onun dağılmasına səbəb olur. Bu etikadan uzaq davranış, dinimizdə qadağan olunmuşdur: "Qadın yer üzünün bütün qızıl-gümüşünü ər evinə aparsa, amma günlərdən bir günü ona bunun üçün minnət qoysa və " Sən kimsən? Bu mənim var-dövlətimdir."- söyləsə, sonra tövbə edib, sözündən dönməsə və ərindən üzr istəməsə, bütün (yaxşı) əməlləri hədər olacaq. Hətta insanların ən abidi olsa belə."[5]
5- Qadının əri ilə yola getməməsi
Bəzən ərin əxlaqı və rəftarları qadının istədiyi kimi olmur. Onun davranışları hətta cəmiyyət və şəriətdə də qəbul edilməyə bilər. Amma onun islah edilməsi təkcə səbir, dözüm və mərhələli formada, addım-addım yumuşaqlıqla tərbiyə etməklə mümkün ola bilər. Qadın bir neçə ay əri ilə birgə həyat sürməklə, onun uzun illər adət etdiyi rəftar və xasiyyətləri dəyişə bilməz. Buna görə də, indiki vəziyyətdən sonrakı mətlub şəraitə dönüş etmək üçün əri ilə dostluq, yoldaşlıq, səmimiyyəti qarşısına məqsəd qoymalıdır. İstər şəriət qanunlarına əsasən, istərsə də, cəmiyyətdə mövcud olan tələblərə uyğun olaraq onun bütün göstərişlərinə itaət etməlidir. Bununla o, yavaş-yavaş ərini öz istədiyi istiqamətə yönəldə bilər. Bəzi cavan ailələrdə qadın öz ərini birbaşa, heç bir müqəddimə olmadan dəyişmək və istəklərinə uyğun şəkildə yönləndirmək istədikdə, elə yolun əvvəlində ailə daxində söz-söhbətə, müxtəlif münaqışələrə başlamışlar. Belə qadınlar ərlərinə verdiyi nəsihətlər və onlarla etdiyi mabahisələrlə yalnız ailənin tezliklə dağılmasına nail ola bilmişlər.
Bir rəvayətdə İmam Əli (ə) buyurur:
"Ən pis həyat yoldaşı, əri ilə yola getməyən qadındır."[6]
6- Həyat yoldaşından qeyrisi üçün bəzənmək
Qadının, özünü ərindən qeyrisinə göstərmək üçün bəzəməsi, ailə quruluşunu indiyə kimi təhdid edən amillərdən biridir. Allahın rəsulu (s) buyurur: "Heç bir qadına halal (caiz) deyildir ki, biləyini və ayağını ərindən başqasına göstərsin. Əgər bu tövsiyəyə qulaq asma, daim Allahım lənəti və narazılığına düçar olar. Allah-təala ona qəzəblənər. Allahın mələkləri onu lənətləyər və onun üçün dəhşətli əzab hazırlayar."[7]
Bu təhlükəli amil, ailənin dağılmasına şərait yaradır. Buna görə də, kişi ailənin rəhbəri olaraq, buna mane omalıdır. Allahın elçisi (s) buyurur: "Qadının (özgə kişiləri cəlb etmək məqsədi ilə) bəzənib, ətir vurub evdən çölə çıxmasına razı olan ərə, onun atdığı hər addımın müqabilində cəhənnəmdə bir (əzab) evi inşa olunar."[8]
7- Şörgözlük
Qadın da, bəzən kişi kimi cinsi istəklərində rənga-rənglik arayır. Bu yöndə onun qarşısında məhdudiyyətlər mövcud olduğu üçün tez-tez boşanmağa və yenidən evlənməyə üz gətirə bilər. Bu hisslər bəzən onu xəyanətə və ya həyat yoldaşını qətlə yetirməyə vadar edir. Elə buna görə də, bir sıra rəvayətlərimizdə, qadının cinsi azğılığı kişinin şorgözlüyü kimi tənqid edilmişdir. Allahın elçisindən (s) rəvayət olunan hədisdə oxuyuruq: "Sәbәbsiz yerə әrindәn bоşаnmаq istәyәn qаdınа behiştin iyi hаrаmdır."[9]
8- Xəyanət
Qadının ailənin dağılmasındakı ən təhlükəli addımı, onun ərinə xəyanət etməsidir. Allahın elçisi (s) bu haqda buyurur: "Dörd şey, insanın belini sındırar: ... Əri ilə birlikdə yaşayıb, ona xəyanət edən qadın."[10]
Bu təhlükəli bəlanın qarşısını alamq məsuliyyəti, həm kişinin və həm də qadının üzərinə düşür. Aydındır ki, kişi və qadın hər biri öz üzərilərinə düşən vəzifələri yerinə yetirsələr, bu təhlükəli bəlanın qarşısını ala bilərlər. Amma şübhəsiz, qadının bu haqda daha ağır məsuliyyət daşıyır.
Nəticə
Qurani-Kərimlə yanaşı dini mətnlərin qarşılıqlı araşdırması nəticəsində mütaliyə etdiyimiz məsələləri nəzərdə alaraq, diqqət etmək lazımdır ki, dini təlimlər insan həyatının hər bir sahəsini əhatə edir, xüsusilə də ailə həyatını. Buna görə də, dinlərin qadına, evliliyə və ailə əxlaqına münasibəti dini araşdırmalarda mühümdür. Biz cəmiyyətdə ailə təməlininin möhkəmlənməsini hədəflədiyimiz zaman, hökmən bu sahədə olan dini inancları da, analiz etməliyik. Əks təqdirdə cəmiyyət olaraq bu sahədə aldığımız qərarlar kamil olmayacaqdır.
İslam ailədə sağlam mühitin və səmimiyyətin, mehribançılığın, bir sözlə onun möhkəm və davamlı olmasının tərəfdarıdır. Dinimiz bu sahədə, ilahi göstərişləri ilə öz səylərini göstərir və tövsiyələrini verir. İslam ailə məsuliyyətini daim onun fəqdləri arasında göz önünə çəkir. Onun möhkəmlənməsi üçün qadağalar qoyur, təşviqlər edir, tövsiyələr verir.
[1] - "Sünəni-Tirmizi", 3\477; "Sünəni-ibn Macə", 1\649; "Müsnədi-ibn Hənbəl", 8\257; "Kənzül-ümmal", 16\333
[2] - "Əs-Sünənül-kübra", 5\354; "Əl-Müstədrəkü-ələs-Səhiheyn", 4\193; "Müsnədi-Bərraz", 6\340; "Kənzül-ümmal", 16\396
[3] - "Mən la yəhzərühül-fəqih", 3\440; "Vəsailüş-şiə", 14\115
[4] - "Məkarimül-əxlaq", 1\441
[5] - Həmin mənbə.
[6] - "Qürərül-hikəm", h. 5686
[7] - "Müstədrəkül-vəsail", 14\242
[8] - "Cameül-əxbar", səh. 447; "Biharül-ənvar", 103\249
[9] - "Sünəni-Əbi Davud", 2\268; "Sünəni-Tirmizi", 3\493; "Məcməül-bəyan", 10\457; "Rövzətül-vaizin", səh. 411; "Əvaliyil-lai", 2\139
[10] - "Mən la yəhzərühül-fəqih", 4\365; "Məkarimül-əxlaq", 2\329; "Rövzətül-vaizin", səh. 424; "Biharül-ənvar", 72\39
Öz rəyinizi yazın.