• Nov 9 2022 - 15:47
  • 438
  • Mütaliə zamanı : 10 minute(s)
İslamda məntiq əsaslı düşüncə və səmimi dialoq tərzi

İslamda məntiq əsaslı düşüncə və səmimi dialoq tərzi

İslam dininin ən üstün cəhətlərindən biri də, arqument və məntiqə əsaslanmasıdır. Dinimiz hər bir mövzuda söhbət açarkən, onu möhkəm dəlillər və sübutlarla bəyan etmişdir

İslamda məntiq əsaslı düşüncə və səmimi dialoq tərzi

İslam dininin ən üstün cəhətlərindən biri də, arqument və məntiqə əsaslanmasıdır. Dinimiz hər bir mövzuda söhbət açarkən, onu möhkəm dəlillər və sübutlarla bəyan etmişdir. Qurani-kərimin çoxlu ayələrində müxtəlif səthlərdə və cürbəcür mövzularda məntiqi arqumentlər, elmi sübutlardan söhbət açılır. Belə ki, müqəddəs kitabımız daim insanları ağıl və məntiqə dəvət edir, özü də dəlil-sübut və məntiq əsasında hökm edir. Qurani-kərimdə bu barədə çoxsaylı ayələr mövcuddur: (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!" "(Ya Rəsulum!) De: (Etdiyiniz əməlin düzgünlüyünü sübut edən) dəlilinizi gətirin. Bu mənimlə olanların (ümmətimin möhkəm) kitabı (Quran)..." Dinimiz o qədər məntiqi dəlil-sübutlara əhəmiyyət verir ki, hətta Qiyamət günü belə, Allah-təala bəndələrindən etiqadlarını və əməllərini məntiqlə əsaslandırmasını tələb edəcəkdir. Bunun mənası bütün etiqadların və rəftarların kökünü məntiq və arqumentlər təşkil verir. Əgər belə olmasaydı, inanc və əməllərin sorğu-sualı zamanı məntiqi dəlil-sübut tələb edilməzdi. "(Qiyamət günü) tutarlı dəlilinizi gətirin! -deyəcəyik. Onlar haqqın yalnız Allaha məxsus olduğunu biləcəklər." Qurani-kərim insanları məntiqlə haqqa dəvət edən bir peyğəmbər göndərmədən, onları cəzalandırmağın doğru olmadığını buyurur. Başqa bir ayədə isə azğınlığa düşənlərin və nicat tapanların dəlil-sübutla qarşılaşdıqdan sonra cəza və mükafata layiq olduğunu bəyan edir. Beləliklə də, bütün nizamın məntiqi əsaslara söykənməli olduğuna diqqət çəkir. "Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!" "Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək, həlak olanın aşkar bir möcüzə (dəlil-sübut) ilə həlak olması, sağ qalanın da aşkar bir möcüzə (dəlil-sübut) ilə sağ qalması üçün (belə etdi)." Deməli, dini təbliğlə məşğul olan ruhani də, sözlərini məntiqlə bəyan etməli, dəlillərə əsaslanmalıdır. Necə ki, İslam peyğəmbəri (s) Allah tərəfindən söylədiyi bütün kəlamların məntiqli və dəlil-sübuta malik olduğunu buyurur: "De: Mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəm." Dolğun və dəqiq məntiqi arqumentlərə, dəlillərə əsaslanan hər bir kəlam, onun bihudə və puç olmadığından xəbər verir. Ali hədəfə və nəticəyə malik olmasını çatdırır. Bilməliyik ki, dinimizin kifayət qədər özünü müdafiə etmək qüdrətinə sahibdir. İslam dini haqq sözünü insanlara başa salmağa lazım olan miqdarda dəlil-sübutlara malikdir. Bunları dərindən öyrənmək və araşdırmaq lazımdır. Belə ali imtiyazlardan bixəbər olub, yaxud üz döndərib, insanlara hədə-qorxu gəlmək, hey danlamaq, onların sualları qarşısında "islamın təhlükəyə düşməsindən" qorxmaq mənasızdır. Şübhələr varsa, deməli cavabları da mövcuddur. Bəşəriyyətə təqdim olunan əbədi və kamil din bunları məntiqi əsaslarla cavablandırmağa qadirdir. Buna görə də, sual verən və dini məsələlərdə şübhəsini söyləyən şəxslərə etiraz etmək, qarşı tərəfdə dinin acizliyini etiraf etmək kimi başa düşülə bilər. Məhz bunun üçün də, insanlara həmin məsələlərdə məntiqi açıqlama verilməsi zəruridir. Necə ki, Həzrət İmam Sadiq (ə) buyurur: "Cəhalət üç şeydə özünü göstərir: dostu yersiz dəyişməkdə, dəlil-sübut olmadan etiraz etməkdə, əhəmiyyətsiz şeylər barədə sorğu və araşdırmaqda." Demək olar ki, müqəddəs ayələrin möhkəmliyi və məntiqi əsaslarının qüdrəti o qədər əzəmətlidir ki, uca dağlar belə onun məntiqi və həqiqətinin gücü qarşısında cılız və davamsız təsvir edilmişdir. "(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun (ayələrin məntiq və dəlilinin möhkəmliyi üzündən) Allahın qorxusundan əyilib (təzim edərək) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). İnsan, bəzi hallarda elmi mübahisə və diskussiyalarla öz fikrini əsaslandırmalı olur. O, müxalif fikirli şəxslərlə elmi bəhslər edir və dinin həqiqətlərini açıqlayır. Elmi müzakirədə qarşımızdakı şəxs, məntiq əhlidirsə, onunla ilahi hikmətlə, əqli dəlil-sübutlarla diskussiya aparmalıyıq. İlk növbədə, özümüz ağıl və məntiqi arqumentlərə əsaslanaq. Qurani-kərimdə buyurulur: "Mən və mənə tabe olanlar açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq." Necə ki, Quranda Allah-təala bir şeyi qadağan etdiyi zaman onun dəlil-sübutunu da söyləyir. Şərabın və qumarın hansı fəsadlar gətirdiyinə diqqət çəkəkərk, insanları ondan uzaqlaşmağa sövq edir. "Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət, kin salmaq və sizi Allahı zikr etməkdən, namaz qılmaqdan ayırmaq (yayındırmaq) istər." Unutmayaq ki, mənəvi dəyərləri aşılayan maarifçi insan, sadə və əsassız sözlərlə deyil, o qədər dərin və möhkəm məntiqi dəlillərdən istifadə etməlidir ki, qarşı tərəf tam şəkildə qane ola bilsin. Çünki qarşımızdakı insanların arasında dəlil-sübut tələb edən şəxslər də vardır. Hərzət İbrahim (ə) Nəmrudla elmi mübahisə edərkən elə məntiqi dəlil gətirir ki, qarşı tərəf mat-məəttəl qalır. "İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur! -dedikdə, o kafir donub qalmışdı." Deməli, həm müqəddəs kitabımızın və həm də Peyğəmbərlərin (ə), Məsumların (ə) üslubu müzakirələr zamanı ağıl və məntiqə əsaslanan dəlil-sübutlar üzərində olmuşdur. Burada müzakirə davranışı da mühümdür. Elmi müzakirə zamanı, məğlub etmək hədəfi ilə qarşı tərəflə dialoq aparmaq dinimizdə pislənmişdir. Diskussiyalar həqiqətin aşkarlanması, ortaq məxrəclər üzərində birləşmək üçündür, nəinki kimisə məğlub etməyi hədəfləmiş olsun. Buna görə də, müzakirə zamanı niyyətimiz qarşı tərəfi məğlub etmək olmamalıdır. Məqsədimiz sırf haqqı anlamaq və başa salmaq olmalıdır. Əgər müzakirədən əvvəl, müqabilinizdəki şəxsin haqq sözlərini, məntiqi dəlillərini qəbul etməməyi qarşınıza məqsəd qoymusunuzsa, bu müzakirəni başlamamışdan öncə bitirin. Ləğv edin. Çünki artıq niyyət ilahi deyil, şeytani sayılır. Bir halda ki, Qurani-kərimdə buyurulur: "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!" Dinimiz təəssübün şeytani xislət olmasına daim təkid etmişdir. Bu korkoranə dini təəssüb olsa, ifrat və radikallıq yaratdığı üçün, münaqişələr və mübahisələr doğurduğuna görə artıq şeytanın vəsvəsələrinə xidmət etmiş sayılacaqdır. İmam Əli (ə) (dini cəhətdən təəssübkeş insanlara) buyurur: "Əgər təəssübkeşliyin çarəsi yoxdursa, onda təəssübkeşliyiniz şərafətli, böyük, igid (ərəb) ailələrinin və onların qəbilə böyüklərinin, sərvərlərinin bəyənilmiş əxlaqları, dərin ağılları, yüksək məqamları və gözəl rəftarları ilə bir-birindən üstün olmağa çalışdığları yüksək insani xüsusiyyətlərə, bəyənilmiş əxlaqlara və yaxşı işlərə görə olmalıdır. Buna görə də qonşunun haqq hörmətini saxlamaq, əhd-peymanlara vəfalı olmaq, yaxşılara tabe olmaq, təkəbbürün əleyhinə çıxmaq, yaxşılıq etmək, zorakılıq və təcavüzdən çəkinmək, adam öldürməyi böyük (günah) saymaq, camaatla insaflı olmaq, qəzəbini udmaq və cəmiyyətdə pozğunluq yaratmaqdan uzaq durmaq kimi bəyənilmiş xislətlər üçün təəssübkeşlik göstərin. Əgər təəssübkeşliyə məcbursunuzsa, onda haqqa kömək və məzluma yardımda öz təəssübünüzü göstərin." Burada diqqət olunası digər məqam budur ki, müzakirə səlahiyyətli şəxslər tərəfindən aparılmalıdır. Onu tam ixtisaslaşmış və geniş dünya görüşə malik alimlər aparmalıdır. Dini müzakirələri "özünü hazır sayan hər kəs" etməməlidir. Geniş dünya görüşə malik, yüksək savadlı və kifayət qədər əxlaqi üstünlüyə malik olan şəxslər icra etməlidir. Həmçinin, burada zəruri məqamlardan biri də, müzakirənin əxlaqi normalara tam uyğun olmasının lazımlığıdır. Müzakirə əxlaqi normalara tam şəkildə cavab verməlidir. Əsəblərini cilovlamağı bacarmayan və emosiyalarına məğlub olan şəxslər, hər nə qədər elmi səlahiyyəti yüksək həddə olsa da, müzakirələrdən uzaq durmalıdır. Çünki belə müzakirələrin hörmətsizlik, təhdid, təzyiq və sair kimi xoşagəlməz rəftarlarla dolu olması qaçılmazdır. Dinimizin buyruğuna əsasən, qarşı tərəfdə kimin və hansı əqidəyə qulluq etməsindən asılı olmayaraq, elmi-dini müzakirələr zamanı, yüksək dözüm, əxlaqi gözəlliklər nümayiş etdirməliyik. Münazirə zamanı məhəbbət, hörmət, insaf, ədalət və sair ali əxlaqi keyfiyyətlərə riayət edilməlidir. Həmçinin, elmi-dini müzakirə zamanı müxalif tərəfin azad şəkildə öz sözünün bəyan etməsinə tam şərait yaradılmalıdır. Belə ki, Qurani-kərimdə buyurulur: "(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et." Ümumiyyətlə Peyğəmbərimizin (s) və Əhli-beytin (ə) də elmi-dini müzakirələrdə rəftarı belə olmuşdur. Burada maraqlı bir rəvayəti qeyd etmək istərdik: Bir gün axşamçağı Müfəzzəl, Peyğəmbərin məscidində (s) oturmuşdu. Bu zaman Zənadiqə firqəsinə mənsub olan ibn Əbülövca məscidə daxil oldu. O, məsciddəki şəxslərə Allahın var olmaması və Peyğəmbərin (s) dininin uydurma olması haqda söhbət etdi. Bunu eşidən Müfəzzəl ayağa qalxaraq qışqıra-qışqıra dedi: Ey Allahın düşməni! Kafir olmusan? Səni ən gözəl şəkildə yaradan Allahı inkarmı edirsən? İbn Əbülövca isə ona belə cavab verdi: Ay qardaş, əgər sən kəlam alimlərindənsənsə, səninlə onlar kimi danışım, bizə qalib gəlsən, sənə tabe olarıq. Amma, onlardan deyilsənsə, səninlə müzakirə etmək faydasızdır. Cəfər ibn Məhəmməd Sadiqin (ə) səhabələrindənsənsə, heç onun özü bizimlə bu tərzdə söhbət etmir. O, bizim belə sözlərimizi səndən də çox eşidib. Lakin bizi acılamayıb. Bizimlə danışarkən ədəb-ərkanlı olub. O, səbirli, təmkinli və ağıllı insandır. Heç bir zaman qəzəb ona güc gələ bilmir. Bizim sözlərimizi dinləyir, ürəyimizdə hər nə varsa deyirik. Elə düşünürük ki, onu məğlub etmişik. O isə qısa və dərin mənalı sözlərlə bizə qane edir. Bir halda ki, daha ona cavab vermək qüdrətinə malik olmuruq. Sən onun səhabələrindənsənsə, ona layiq şəkildə bizimlə davran. Müfəzzəl bu əhvalatı İmam Sadiqə (ə) danışır. İmam Sadiq (ə) ona buyurur: "Sənin üçün Allahın, dünyanın, heyvanların, yırtıcıların, həşəratların, quşların, ümumiyyətlə, hər hansı bir canlının, meyvəli-meyvəsiz ağacların, yeyilməli-yeyilməyən bitkilərin hikmətini açıqlayacağam. Qoy ibrət götürənlər ondan ibrət götürsün və möminlər onunla öz mərifətlərini artırsın, kafir və inadkarlar isə ona heyran qalsınlar." Beləliklə də, İmam Sadiq (ə) dörd gün ərzində insanın yaranışı, yaranışın əvvəli, zahiri və batini qüvvələr, insanın fitri sifətləri, insanın bədən üzvləri, müxtəlif növ heyvanların yaranışı və eləcə də, yer-göyün yaranması, bəla və təbii fəlakətlərin fəlsəfəsi və bir çox başqa məsələlər barədə söhbət etdi və Müfəzzəl də onları qeydə aldı. Sonda bir məsələni də, qeyd etməyi lazım bilirik. İslam dini ilk növbədə, mübahisə və qarşıdurma ilə dolu söhbətlərdən uzaq durmağa çağırır. Çünki mübahisə dolu bəhsləri ortaya atdığımız zaman, qarşı tərəfi məğlub edərək, etiqadımızı ona qalib olmaqla qəbul etdirmək istəyirik. Bu zaman, mübahisəli şəkildə elmi bəhs edən iki şəxsi izləyənlər varsa, qürur, haqdan çəkinmək, qalib olmaq, təkəbbür, rişxənd, "dinin abrını qorumaq" və sair kimi pis niyyət və xislətlər daha çox ortaya çıxır. Əgər belə müzakirələr zəruridirsə, bir neçə alimin şəxsi dialoqunda baş tutması məsləhətdir. Xalq və izdiham qarşısında olması düzgün nəzərə gəlmir. Bu ixtilafların qızışdırılması, münaqişələrin yaranmasına təkan verir. Haqq sözü kiminləsə mübahisə etmədən, başqalarına bəyan etmək də mümkündür. Müasir zamanda başqa yollarla, kütləvi informasiya vasitələri, televiziya, radio, internet, kitab, məqalə və onlarla müxtəlif vasitələrlə məntiqli sözümüzü bəyan edə bilərik.

PhD. Əfzələddin Rəhimli (İlahiyyat üzrə Fəlsəfə doktoru)

 

baku Azerbaijan

baku Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: