Hz. Peyğəmbərin (s) Ramazan ayı münasibətilə buyurduğu “Şabaniyyə xütbəsi
Hz. Peyğəmbərin (s) Ramazan ayı münasibətilə buyurduğu “Şabaniyyə xütbəsi
Ey camaat! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə doğru üz gətirmişdir. Bu ay, Allah yanında ayların ən yaxşısıdır. Bu ayın günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və ləhzələri ən üstün saatlar və anlardır
Hz. Peyğəmbərin (s) Ramazan ayı münasibətilə buyurduğu
“Şabaniyyə xütbəsi
Mütərcim: PhD. Əfzələddin Rəhimli
İlahiyyat üzrə fəlsəfə elmlər doktoru
“Həzrət Əli (ə) buyurur: Məhəmməd peyğəmbər (s) şaban ayının son
günlərinin birində Ramazan ayının gəlişi münasibətilə bu xütbəni buyurdu:
“Ey camaat! Allahın ayı (Ramazan) bərəkət, rəhmət və əfvlə birgə sizə
doğru üz gətirmişdir. Bu ay, Allah yanında ayların ən yaxşısıdır. Bu ayın
günləri ən dəyərli günlər, gecələri ən gözəl gecələr, saat və
ləhzələri ən üstün saatlar və anlardır.
Bu ayda, siz, Allahın qonaqlığına dəvət olunaraq, Allahın lütf və
mərhəmətinə layiq görülmüşsünüz. Bu ayda, sizin nəfəsləriniz zikr,
yatmağınız isə ibadətdir. Pak əməlləriniz və dualarınız Allah
dərgahında qəbul olacaqdır. Belə olan halda xalis niyyət və təmiz qəlblə Allahdan sizə bu ayda oruc tutmağın və Quran oxumağın müyəssər olması üçün kömək etməsini diləyin. Çünki, doğrudan da, bu əzəmətli ayda İlahi rəhmətindən məhrum olan şəxs bədbəxtdir.
Ramazan ayında ac-susuz qalaraq, Qiyamət gününün aclıq və susuzluğunu yada salın.
Aranızdakı ehtiyaclı və yoxsul insanlara əl tutun!
Böyüklərinizlə hörmətlə davranın. Uşaqlarınıza nəvaziş göstərin.
Yaxınlarınıza baş çəkin və onlara yardım edin.
Dilinizi pisliklərdən qoruyun.
Gözlərinizi haram baxışlardan saxlayın.
Qulaqlarınıza haram eşıtdirməyin.
Camaatın yetim uşaqlarına mehribanlıq edin ki, sizin yetimlərinizlə də mehriban olsunlar.
Günahlarınızın bağışlanması üçün Tanrı dərgahına üz
gətirib, tövbə edin. Hər namaz vaxtı, əllərinizi Onun qarşısında aciz qul
kimi açaraq, dua edin. Çünki, namaz vaxtı duaların qəbul olunması üçün
vaxtların ən yaxşısıdır. Allah-taala, bu vaxt, öz bəndələrinə rəhmət və
mərhəmətlə baxar. Bəndəsinin istək və xahişlərini eşidər.
Çağırışlarına cavab verər. Dualarını qəbul edər.
Ey camaat! Nəfsləriniz əməllərinizin girdabındadır. Allahdan
bağışlanmanızı istəməklə onları azad edin. Belləriniz günahlarınızın
ağırlığı ilə əyilmişdir. Uzun səcdələrlə onların ağırlığını azaldın.
Bilin ki, Uca Yaradan namaz qılanları, səcdə edənləri əzaba düçar
etməyəcəyinə və onları (həqiqi namaz əhlini) Qiyamət günü əməlləri hesab-kitab verdiyi zaman Cəhənnəm əzabı ilə qorxutmayacağına söz vermişdir.
Ey camaat! Hər kəs bu ayda oruc tutan bir möminə iftar süfrəsi açarsa, Allah
dərgahında bir qulu azad etmək qədər dəyəri, savabı vardır. Və bu iş onun
keçmiş günahlarının bağışlanmasına səbəb olar.
(Bir nəfər soruşdu: Ey Allahın Rəsulu! Bizim hamımızın madi imkanı yoxdur ki, kimisə qonaq edə bilsin, nə edək?)
Peyğəmbər (s) buyurdu: “Yarı xurma dənəsini sədəqə verməklə də olsa, Cəhənnəm atəşindən qorunun. Bir qurtum su ehsan etməklə də olsa, Cəhənnəm odundan qurtulun.
Ey camaat! Hər kəs, bu ayda öz əxlaqını, rəftarını
gözəlləşdirsə, ayaqların Sirat körpüsündə vəhşətdən titrədiyi an, ona bu körpüdən qorxusuz olaraq keçməyə icazə verilər.
Hər kim, bu ayda öz qullarının (həmçinin işçilərinin) zəhmətini azalda, Allah-taala Qiyamətdə onun işini asanlaşdırar.
Hər kim, bu ayda insanlara zəhmət, əziyyət verməyi azalda, Uca Allah o biri dünyada ona qarşı qəzəbini azaldar.
Hər kim, bu ayda bir yetimi əzizləyə, Allah Axirətdə onu əzizləyəcəkdir.
Hər kim, bu ayda öz yaxınlarını yoluxmağa gedə, Böyük Allah Qiyamətdə ona rəhm edəcəkdir.
Hər kim bu ayda qohumları ilə əlaqəni kəsərsə, Qadir Allah o biri dünyada ona rəhm etməyəcəkdir.
Hər kim bu ayda müstəhəb namaz qılarsa, Tanrı ona cəhənnəm odundan bəraət verər.
Hər kim bu ayda vacib namaz qılarsa, başqa aylarda qılınan yetmiş namaza bərabərdir.
Hər kim bu ayda mənə çox salavat göndərərsə, Allah Qiyamət günü əməl tərəzisi yüngül gələndə, onu ağırlaşdırar.
Hər kim bu ayda Qurani-Kərimdən bir ayə oxuyarsa, o biri aylada bütünlüklə oxunmuş Qurana bərabərdir.
Ey camaat! Bu ayda Behiştin qapıları açıqdır. Allahdan istəyin ki, bu
qapıları sizin üzünüzə bağlamasın! Və həmçinin Cəhənnəmin qapıları
da, bu ayda bağlıdır. Allaha yalvarın ki, onun qapılarını sizin üzünüzə
açmasın. Bu ayda şeytan zəncirlənmişdir. Allaha iltimas edin ki, onu sizə
hakim etməsin...
Mən soruşdum: “Ey Allahın Rəsulu (s)! Bu ayda ən üstün əməllər hansılardır?”
Peyğəmbər buyurdu: “Ey Əbülhəsən! Bu ayda ən üstün əməl, Allahın haram
buyurduğu işlərdən çəkinməkdir.”
(Biharül-ənvar, Əllamə Məclisi, c. 96, səh. 356; Əl-əmali, Məhəmməd ibn Əli Səduq, c. 1, səh. 295; Üyunu əxbarir-Rza, c.1, səh. 295)
Öz rəyinizi yazın.