Toxunma givə (ayaqqabı növü) ((Kirmanşah))

Toxunma givə (ayaqqabı növü) ((Kirmanşah))

Toxunma givə (ayaqqabı növü) ((Kirmanşah))

Toxunma givə, yaxud givəçilik Kirmanşah vilayətinin yerli və daha geniş yayılmış ən mühüm əl işlərindən biridir və qeyd olunan vilayətin əl işlərində çox böyük paya malikdir. Givə yumşaq, yüngül və davamlı bir ayaqqabı növüdür ki, keçmiş zamanlarda çox istifadə olunmuşdur. Bu ayaqqabı növündən istifadə edənlərin böyük əksəriyyəti kəndlilər və əkinçilər olmuşlar. Bu ayaqqabı növünün özünəməxsus xüsusiyyətləri vardır. Bu baxımdan həmin ayaqqabının İranın əksər dağlıq və quru məntəqələrinin təbiətinə uyğun gəldiyini, yüngüllüyünü, habelə ayaqların onda tərləmədiyini, eyni zamanda onun sağ və ya sol taylarının olmadığını qeyd etmək olar.

Bu kimi özünəməxsus xüsusiyyətlər givənin bütün dünyada məşhur olmasına gətirib çıxarmışdır. Kirmanşah vilayətində givə toxumanın keçmişi minlərlə il əvvələ gedib çıxır. Pirşaliyar Uraman məntəqəsindən əldə olunmuş givə toxuma alətləri və ayaqqabı qalıqları bu sənətin on minlərlə il bundan əvvəl meydana gəldiyini sübut edir. Bir qayda olaraq, givənin üz tərəfinin cinsi pambıq iplikdən və onun altı isə parça materialı, dəri və ya rezindəndir. Givə ayaqqabısının toxunması iki mərhələdə - emalatxanada və evdə yerinə yetirilirdi.

Bu ayaqqabının istehsalı ilə bağlı emalatxana fəaliyyəti, xüsusilə givənin altlığının hazırlanması həmişə kişilər tərəfindən yerinə yetirilirdi. Belə ki, givənin alt hissəsinin hazırlanması həm kifayət qədər əmək, həm də böyük məharət tələb edirdi və ta qədim zamanlardan belə müəyyənləşdirilmişdi ki, məhz kişilər bu işi görsünlər. Evdə həyata keçirilən prosedurlarla bağlı olan sonrakı mərhələdə isə givənin üz tərəfində iş gedirdi və bu mərhələ tamamilə qadınların əli ilə və həm də özünəməxsus bir iynə ilə yerinə yetirilirdi ki, buna da çuvalduz deyirlər.

Kirmanşahda givənin dörd forması yerli əhali tərəfindən qəbul olunmuşdur: 1) Altlığı parçadan düzəldilmiş givə; 2) Altlığı dəridən olan givə; 3) Altlığı rezindən olan givə; 4) Üz tərəfi ipəkdən olan givə. Bu dörd növ ayaqqabıdan digər givələrlə müqayisədə altlığı parçadan düzəldilmiş givə keyfiyyət və qiymət nöqteyi-nəzərindən daha yüksəkdir. Qədim zamanlarda xanlar və mülkədarlar həmin ayaqqabılardan istifadə edirdilər. Qədim givə ayaqqabılarında ölçülər yox idi və onların düzəldilməsi üçün yumru ayaq (kiçikölçülü ayaqlar üçün), orta ayaq (ortaölçülü ayaqlar üçün) və altı düyün (böyükölçülü ayaqlar üçün) kimi üç ölçüdən istifadə olunurdu.

Toxunma givə ayaqqabılarının əsas rəngi ağdır. Bununla belə, bəzi hallarda həmin ayaqqabını düzəldənlər öz səliqə-sahmanlarına və müştərinin sifarişinə uyğun olaraq givəni digər rənglərlə, o cümlədən mavi, qırmızı, ağ, qara və sümük rənglərində də rəngləyirlər. Həmçinin givə düzəldən qadınlar bəzən həmin ayaqqabını toxuyarkən sapa rəngli muncuqlar da keçirirlər. Sonra isə həmin muncuqlu saplarla ayaqqabının üz tərəfini tikməkdə davam edirlər. Kirmanşah vilayətinin ən mühüm givə toxuma mərkəzlərindən Kirmanşah və Pavə şəhərlərini, habelə Həcih və Nudşəh kəndlərinin adlarını qeyd edə bilərik.

Ad Toxunma givə (ayaqqabı növü) ((Kirmanşah))
Ölkə İran

:

:

:

: