Ərdəbil vilayəti

Ərdəbil vilayəti

Ərdəbil vilayəti

Ərdəbil vilayəti İranın şimal qərbində yerləşir. Ərdəbil vilayəti şimaldan Azərbaycan Respublikası, qərbdən Şərqi Azərbaycan vilayəti, şərqdən Gilan vilayəti və Talış sıra dağları və cənubdan Zəncan vilayəti ilə həmsərhəddir. Ərdəbil vilayəti 1994-cü ilsə Şərqi Azərbaycan vilayətindən ayrılıb. Vilayətin mərkəzi Ərdəbil şəhəridir.

Ərdəbil vilayətinə 9 bölgə daxildir: Ərdəbil, Xalxal, Meşkinşəhr, Germi (Muğan), Biləsuvar, Parsabad, Nir, Nəmin və Givi. Vilayətin 5 bölgəsinin (Parsabad, Biləsuvar, Germi, Meşkinşəhr və Nəmin) Azərbaycan Respublikası ilə 282,5 km sərhədi vardır. Araz və Bəlha çayları həmin sərhədin 159 km uzunluğunu təşkil edir. Aslandüz və Biləsuvar məntəqələri vasitəsilə bölgə Azərbaycan Respublikası ilə əlaqə yaradır. Ərdəbil-Astara yolu Heyrandan keçərək Ərdəbili Rəşt, Qəzvin və Tehran ilə birləşdirir.

Ərdəbilin müxtəlif coğrafi-iqlimi şəraiti vardır. Ərdəbil vilayəti əsasən dağlıq hissədən ibarətdir. Vilayəti məşhur Savalan, Talış və Bozquş dağları əhatə edir. Vilayətin ən yüksək zirvəsinin hündürlüyü 4811 metrdir. Ümumiyyətlə Ərdəbil İranın ən soyuq bölgəsidir. İlin 5-8 ayı havalar soyuq keçir. Vilayətin iqlimi soyuq qış və sərin yay ilə xarakterizə edilir. Biləsuvar bölgəsi yüksək dağ zonasında yerləşir. Yayı isti, qışı isə sabitdir. Parsabad bölgəsi də böyük dağ zonasında yerləşir. Buranın iqlimi mülayim istidir. Muğan bölgəsi bütün ölkədə inkişaf etmiş kənd təsərrüfatı və heyvandarlıqla tanınır. Germi bölgəsi alçaq və hündür dağ silsilələrinin arasında yerləşir. Yayı istidir, qışı isə mülayim. Xalxal bölgəsi dağlıq zonadır. Qışı soyuqdur, yayda havalar sabitdir. İlin 5 ayı burada güclü qar və şaxta olur, bu da Əsalem-Xalxal yolunun Talış dağlarından keçən hissəsinin bu dövrdə tez-tez bağlanmasına səbəb olur. Meşkinşəhr bölgəsi Savalan dağının qərbində yerləşir və dağətəyi zonanı əhatə edir. Qışı soyuqdur, yayı isə mülayim.

Tarixçilər belə hesab edirlər ki, Ərdəbil şəhəri Sasani hökmdarı Firuz (457-489) tərəfindən tikilmiş və  bu şəhərin 1500 illik tarixi vardır.

1528-ci ildə Səfəvilərin hakimiyyəti dövründə iqtisadi və siyasi cəhətlərdən Ərdəbil İranın ən mühüm şəhərlərindən biri idi. Ərdəbil şəhərinin İranı Avropa ilə birləşdirən mühüm ticarət yolunun üstündə yerləşməsi şəhərin inkişafına böyük təkan vermiş və bu İranın Gilan vilayətindən Avropaya ipək ticarətini və Avropa mallarının İrana gətirilməsində Ərdəbilin ticarət mərkəzinə çevrilməsinə səbəb olmuşdur.

İndiki dövrdə Ərdəbil bölgənin ən iri və mühüm şəhərlərindən biridir və burada çoxlu tarixi abidələr mövcuddur, əsasən Səfəvilər dövrünə aiddirlər.

Zəngin təbiəti ilə məşhur olan bölgənin ərazisində bir neçə çay və isti bulaqlar axır. Bu səbəbdən Ərdəbil turizm mərkəzinə çevrilmişdir və bura hər il minlərlə turist axını olur.

Şəhərin gözəl tarixi abidələri, özünəməxsus memarlıq ənənələri, məscidləri, kilsələri, qədim körpüləri Ərdəbilə xüsusi əzəmət verir. Ticarət mərkəzi olan Ərdəbil bazarı xüsusi memarlıq tərzində tikilmişdir. Bundan başqa bölgənin təbiəti insanları valeh edir. Savalan dağının ətrafında gözəl təbii vadiləri, Səreynin soyuq bulaqları turistlərin istirahətinə yazda və yayda yaxşı şərait yaradır. Şurabil və Neor göllərinin ətrafında yaradılan istirahət zonaları beynəlxalq turizm standartlarına  uyğundur.
Tarixi, mədəni, turizm mərkəzləri: Ərdəbildən 48 km Neor gölü, Şorəbil gölü, Balıqlı Çayın sahilləri, Savalan dağının və ətraf meşələrin vəhşi həyatı, Gürgür şəlaləsi, Səreyn isti bulağı, Bila Darq mineral bulağı, Ərdəbildə Şeyx Səfi türbəsi, Şeyx Cəbrayılın türbəsi, İmamzadə Salühün məqbərəsi, Mirzə Əli Əkbər, Cümə məscidləri, Müqəddəs Məryəm kilsəsi, Qara su, Yeddi göz, Seyid Abad Samian, Kolxoran və s.

 

Ərdəbil şəhəri

Ərdəbilin 5000 ilə yaxın tarixi vardır. Bu, şumer abidələrində qeyd edilib. Ərdəbil özünün xalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazanmışdır. Həmçinin, İranın kartof becərilən ən böyük bölgələrindən biridir. Məşhur Şeyx Səfiəddin və Şah İsmayıl məqbərələri bu şəhərdə yerləşir.

Ərdəbilin digər tarixi abidələrinə gəldikdə, Cümə məscidini və şəhərin Kəhralan adlanan hissəsindəki Şeyx Cəbrayıl məzarlığını qeyd etmək olar.

Şəhərin cənub-qərb hissəsində yerləşən Şorəbil gölü və gölün ətrafındakı əyləncə məkanı Ərdəbilin yüksək turizm potensialının göstəricisidir. Bundan əlavə şəhər kənarında yerləşən Səreyn yaşayış məntəqəsi müalicə əhəmiyyətinə malik isti suyu ilə şöhrət qazanmışdır. İstisu özünə həm ölkə daxilindən, həm də ölkə xaricindən hər il minlərlə turist cəlb edir. Savalan dağı isə yay fəslində yerli və xarici alpinistlərin maraq obyektinə çevrilir. Ərdəbil şəhərinin səfalı yerlərindən biri də "Fındıqlıq" adlanan ormanlarıdır ki, Azərbaycanla sərhəddə, Talış dağlarının ətəklərində yerləşir.

Tarixi Ərdəbil Azərbaycanın qədim şəhərlərindən biridir. Bu şəhər dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşir. Ərdəbil şəhərinin məhsuldar torpağa malik düzənlikdə yerləşməsinə baxmayaraq onu hündür dağlar əhatə etmişdir. Şəhər Qərbdən Savalan dağı, Şərqədən Bağro dağı, Cənubdan Büzgüş, Şimaldan isə Talış dağları ilə əhatə olunur.

Ərdəbil əlverişli təbii-coğrafi şəraitə malikdir. Dəniz səviyyəsindən 4820 m hündürlüyə malik olan Savalan dağı keçmişdə vulkan olmuşdur. Hazırda bu vulkan sönmüşdür. Bu dağ Ərdəbil şəhərinin iqliminə yaxşı təsir edir. Həmin dağın ətəyində Ərdəbil şəhərindən az aralıda yerləşən Səreyin, Sarı dava və Qotur suyu adlı mineral sular da bu qədim şəhəri şöhrətləndirmişdir.

 

Ərdəbil Cümə məscidi

Ərdəbil Cümə məscidi də qədim abidələrdəndir və Səlcuqlular dövründə tikilmişdir. Mütəxəssislərin qeyd etdiyinə görə Ərdəbil Cümə məscidi ərəb işğalından sonra şəhərdə yaradılmış ilk abidədir. Uca minarəsinin uçmasına baxmayaraq məscid öz əzəmətini saxlamışdır.

 

Şeyx Səfi kompleksi

Səfəvilər dövründə yaradılmış memarlıq abidələri isə şəhərə xüsusi əzəmət və gözəllik verir. Şeyx Səfi türbəsinin ətrafında tikilmiş kompleks XVI-XVII əsrlərdə tikilmiş ən görkəmli memarlıq abidələrdəndir. Kompleks bir-birinə bağlı həyət ətrafında düzülmüş binalardan ibarətdir. Bu kompleksə Şeyx Səfi türbəsindən başqa bir neçə türbə, o cümlədən Şah İsmayıl türbəsi, Çinixana deyilən bina, məscid, zəvvarlar üçün otaqlar və s. daxildir.

Kompleksə daxil olan binalar içərisində, ehtimal ki, ən qədimi səkkizbucaqlı məsciddir. Daha sonra Şeyx Səfi və Şah İsmayıl türbələri tikilmiş, daha sonra isə XVI-XVII əsrlərdə başqa binalar inşa edilmişdir.

Kompleksin divarlarını bəzəyən çinilərdən nümunələr Şeyx Səfi türbəsi daş kürsülük üzərində yüksələn qülləvari türbədir. Ancaq bu türbənin yuxarısı, konus şəkilli günbəzlə deyil, adi günbəzlə örtülmüşdür. Türbənin gövdəsi və günbəzin üstü firuzəyi kaşı çəkilmiş qırmızı kərpiclə naxış şəklində örtülmüşdür.

Ərdəbildəki Saleh abidələri, Ərdəbil kilsəsi, Ərdəbil İmamzadəsi, Yəqubiyyə, İbrahimabad, Daşkəsən, Təpə, Almas və Asəf körpüləri də bu vilayətin maraqlı və qiymətli abidələridir.

Ad Ərdəbil vilayəti
Ölkə İran
Növ1
E-mailmadaniyyət_markazi@yahoo.com

:

:

:

: