Kaşıçılıq
Kaşıçılıq sənəti İran memarlığında böyük əhəmiyyət kəsb edən sahələrdən biridir ki, binaların daxilinin və ya fasad hissəsinin minalanmış kərpiclərlə gözəlləşdirilməsində bu sənətin üstünlüklərindən istifadə olunur. “Kaşı” kəlməsi də öz adını İranda saxsı qabların istehsal olunduğu və kaşıçılığın ən mühüm mərkəzlərindən biri olan Kaşan şəhərindən götürmüşdür.
Minalanmış kərpicin (kaşının) başlanğıc tarixini babillilərin zamanına və miladdan əvvəl ikinci minilliyə aid edirlər. İranda minalanmış kərpiclərin çox böyük əhəmiyyət kəsb edən nümunələrindən biri “Təxti-Cəmşid”in Apadana sarayındakı minalanmış kərpicdəki daş yazısıdır ki, h.ş. tarixi ilə 1350-ci ildə (m. tarixi ilə 1972-ci il) amerikalı arxeoloqlar tərəfindən aşkarlanmışdır. Və həmin nümunə, yəni daş yazısı hazırda Çikaqonun Şərqşünaslıq Muzeyində mühafizə olunur.
Şuş məntəqəsində mühafizə olunan Çağazənbil, Apadana məbədi kimi tarixi yerlərdə, eləcə də İranın digər məntəqələrində aparılan arxeoloji araşdırmalar zamanı olduqca diqqəti cəlb edən əsərlər aşkarlanmışdır. İslam dininin meydana gəlməsindən və İslam dövlətlərinin təşkil olunmasından sonra bu sənət tədricən dəyişilməyə başladı və müxtəlif tikililərin, xüsusilə dini binaların fasad hissəsinin örtülməsində mühüm elementlərdən birinə çevrildi. Nəhayət, Səfəvilər və Teymurilər dövründə bu sənət özünün ən yüksək təkamül və zəriflik mərhələsinə yetişdi. Bu gün alimlər və riyaziyyatçılar əmindirlər ki, İslam kaşıçılıq sənəti riyaziyyat və musiqi ilə yaxın əlaqələrə malikdir. Həmin dövrün ən gözəl və ən qədim kaşıçılıq nümunələrinə gəldikdə isə, İsfahanın firuzə rəngli kaşıçılıq işlərini və Səlcuqlar dövrünə məxsus olan qədim kitabələri qeyd etmək mümkündür.
Ənənəvi kaşını istehsal növünə görə aşağıdakı qruplara ayırırlar: qızılı kaşı, minanın altından rəsm çəkilmiş kaşı, minanın üstündən rəsm çəkilmiş kaşı, minalanmış kaşı, fasad plitələri və yeddirəngli kaşı. Bu kaşılardan bəzilərini yalnız binanın daxili üçün istifadə edirlər və bəziləri də binanın həm daxili və həm də fasad hissəsində istifadə olunur. Tədqiqatçılar əmindirlər ki, yeddirəngli kaşı İran İslam incəsənəti dövrlərindən yadigar qalmış və tarixi əsərlər arasında daha məşhur olan sənət nümunələrindən biridir. Kaşıda istifadə olunan rənglərdən hər biri tarixin özünəməxsus mərhələsini özündə əks etdirir. Qədim kaşılarda rəng qurğuşun və qalay qarışığı ilə birgə olmuşdur ki, məhz onun sayəsində ətraf mühitə və atmosferə münasibətdə çox davamlı olması ilə seçilmişdir. Əsrlər ötdükdən sonra öz gözəlliyini və orijinallığını qoruyub saxlaya bilmişdir. İran kaşıçılıq sənətinə dair əsərlərin ən mühümlərinə gəldikdə isə, Apadana sarayını, Cümə məscidini, Şeyx Lütfüllah İsfahani məscidini, Nətənzdə Şeyx Əbdülsəməd İsfahaninin məqbərəsini, İmam Rza əleyhissalamın Məşhəddəki müqəddəs Ziyarətgahını, Tehran Sepahsalar Məscidi və Mədrəsəsini, Zəncandakı Sultaniyyə günbəzini və Təbrizdəki Göy məscidi və başqalarını qeyd etmək mümkündür.
Ad | Kaşıçılıq |
Ölkə | İran |